Koronavirus mutasiyaları peyvəndin effektivliyini azalda bilər? - ARAŞDIRMA

Koronavirus mutasiyaları peyvəndin effektivliyini azalda bilər? - ARAŞDIRMA

ABŞ-da aparılan araşdırma mutasiyaya uğramış koronavirusun peyvəndlərin effektivliyini azalda biləcəyini göstərib. Peyvəndlərin Covid-19-dan hələ də qoruduğunu vurğulayan mütəxəssislər, ilkin tapıntılarla əlaqədar narahatlıqlarını bölüşüblər. Nyu Yorkdakı Rockefeller Universitetinin rəhbərliyi ilə Dr. Mişel Nussenzvei tərəfindən aparılan araşdırmada İngiltərə, Cənubi Afrika və Braziliyada koronavirusa yoluxanlar test edilib. Alınan nəticələrlə əlaqədar olaraq Nussenzvei, "Antikor reaksiyası virusu bloklamaqda o qədər yaxşı deyil" deyə bildirib. SİA-nın araşdırmasına görə, Rockefeller tədqiqatçıları Moderna və ya Pfizer peyvəndi olan 20 nəfərdən qan nümunələri götürməklə laboratoriyada müxtəlif virus mutasiyalarına qarşı antikorlarını sınayıblar. 16 peyvəndlənmiş şəxsin testlərində antikorların virusu bloklamaq qabiliyyətində böyük bir fərq göstərə bilmədiyi qeyd edilib.

Əvvəlki araşdırmalar, bu iki vaksinin Covid-19 virusunun qarşısını almaq üçün təxminən 95 faiz təsirli olduğunu ortaya qoyub. Virusun son mutasiya olmuş versiyalarının daha asan yayıldığını bildirən elm adamları bunun daha çox ölümə və xəstəxanalarda müalicəyə səbəb olacağını söyləyiblər.

"Nəticələr narahatlıq doğurur"

Pensilvania Universitetinin immunoloqu E.Con Verry Rockefeller alimlərinin bu araşdırmada "dünyanın ən yaxşıları arasında olduğunu" və nəticələrinin narahatlıq doğurduğunu bildirib. "Biz insanların mövcud peyvəndin artıq köhnəldiyini düşünməsini istəmirik. Bu, qətiliklə doğru deyil. Hələ də toxunulmazlıq var, yaxşı bir qorunma səviyyəsi var, amma mutasiyalar əslində immun sistemimizin virusu tanımasını azaldır" deyə bildirib. Vaksinlənmənin sürətlə həyata keçirilməli olduğunu söyləyən Vanderbilt Universitetində peyvənd mütəxəssisi Dr. Baddi Kreç "Vaksinlə virus arasında bir silahlanma yarışımız var. Dünyada peyvəndi nə qədər yavaş yayırıqsa, bu virusdan xilas olmaq üçün daha çox fürsət veririk və mutasiyalar inkişaf edir"- vurğulayıb.

Apardığı tədqiqatlarla Moderna və Pfizer vaksinlərinin hazırlanmasına köməklik edən Pensilvaniya Universitetindən alim Dru Veisman antikor tapıntılarının narahat verici olduğunu deyib.

Bəs, mutasiya olunmuş virusa qarşı peyvənd hazırlanıbmı?

BioNTech və Pfizer şirkətləri tərəfindən hazırlanmış Covid-19 peyvəndinin İngiltərə və Cənubi Afrikada ortaya çıxan SARS-Cov-2 mutasiyasına qarşı təsirli olduğu deyilib.

Oxford Universiteti və AstraZeneca istehsal etdikləri peyvəndin koronavirusun mutasiya olunmuş formasından qoruya biləcəyini açıqlayıblar. Fərqli bir Covid-19 peyvəndi istehsal edən Moderna və AstraZeneca peyvəndlərinin fərqli mutasiyalara qarşı nə qədər təsirli olduğunu test edirlər.

Əgər, peyvəndin mutasiyaya uğramış Covid-19-a qarşı təsirsiz olduğu görülərsə, peyvəndin tərkibini dəyişdirməyin çətin olmadığı bildirilib.

Həm Pfizer, həm də Moderna peyvəndləri dəyişdirilməsi asan olan virus genetik kodu ilə hazırlanır. BioNTech-in qurucu tərəfdaşlarından biri olan Uğur Şahin, əvvəlki açıqlamasında, vaksinasiyanın mutasiyaya qarşı təsirsiz olacağı təqdirdə, təsirli bir peyvəndin 6 həftədən az müddətdə hazırlanacağını bildirmişdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə