Azərbaycan 2030-cu ilə hansı yolla gedir? Əkbər Qoşalı yazır

Azərbaycan 2030-cu ilə hansı yolla gedir? Əkbər Qoşalı yazır

Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” elan edilib. Azərbaycan Prezidenti bu barədə sənədi imzalayıb.

Qarşıdakı onillikdə ölkəmizin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş vacib milli prioritet Azərbaycanda yaşayan hər bir şəxsə çox şeylər vəd edir. Söhbət hansı prioritetlərdən gedir? Bunlar aşağıdakılardır:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

İlk növbədə, belə bir ümumiləşmiş fikrə ortaqlıq etmək olar ki bu prioritetlərin qorunmasına, gerçəkləşdirilməsinə xidmət etmək bir vətəndaşlıq vəzifəsidir. İkincisi, sənəd toplumda gələcəyə yönəlik müəyyənlik yaratmağa kömək edir. Üçüncüsü, dövləti və xəlqi enerjini nizamlı istiqamətləndirməyə, düzgün inkişaf alqoritmi yaratmağa kömək edir. Dördüncüsü, dövlət öz qarşısına mühüm vəzifələr qoyubsa, deməli, bu vəzifələrin həyata keçirilməsinə yetərli imkanlara sahibdir, yaxud, daha əlverişli perspektivə çatmağa dərin əminlik vardır. Beşincisi, yalnız sosial-iqtisadi prioritetlərlə qalmayıb, mədəni, psixoloji və s. amillər baxımından bu sənədin öz yeri, dərəcəsi vardır.

İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.

İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcək. İqtisadi artımın və məşğulluğun başlıca qaynağı olaraq, özəl sektorun, özəlliklə də kiçik və orta sahibkarlığın çıxış etməsi üçün işgüzar mühit önəmli dərəcədə yaxşılaşdırılmalıdır. Ölkə iqtisadiyyatına birbaşa xarici yatırımların, o cümlədən infrastruktur sahələrinə strateji yatırımçıların cəlb edilməsi təmin olunmalıdır.

Ən ümumiləşmiş şəkli ilə ifadə etsək, ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlılığını təmin etməlidir. Sirr deyil ki yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu planda vurğulanacaq istiqamətlərdən biri və birincisi, iqtisadiyyatda qeyri-neft sektorunun payının artmasına nail olmaqdır.

Yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, başqa sözlə, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. Bəlli olduğu kimi inklüziv inkişaf iqtisadi inkişaf dövründə iqtisadi proseslərin iştirakçılarına toplumun hər bir sahəsi üçün yararı olan bərabər imkanlar təmin edən konsepsiyadır. Bu konsepsiya iqtisadi inkişafın ənənəvi modellərini genişləndirir, səhiyyə sahəsində bərabərliyə, insan kapitalına, ətraf mühitin keyfiyyətinə, sosial müdafiəyə və ərzaq təhlükəsizliyinə xüsusi diqqət yetirir”, deyə Milli QHT Forumu İdarə heyətinin üzvü fikirlərini bölüşüb.

Forumun İdarə heyətinin üzvü xüsusilə diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti hələ illər öncə “Biz neft kapitalını insan kapitalına çevirməliyik” demişdi və göründüyü kimi, dövlət siyasətinin özəyində insan amili dayanır və bunun nəticəsində milli iqtisadiyyat fərqli istiqamətlərdə canlanır, inkişaf edir.

“Əgər pandemiyadan öncə ÜDM artımı, sənaye istehsalı artımı, yoxsulluq şəraitində yaşayanların sayının azalması müşahidə edilməsəydi, pandemiya dönəmi ağır keçə, postpandemiya daha ağır qarşılana bilərdi. Beləliklə, Azərbaycanda aparılan islahatların sosialyönümlülüyü bir tərəfdən, pandemiya təcrübəsi digər yandan, bir başqa sözlə, öncəki illər elan olunmuş prioritetlərə müqabil görülmüş işlər 2030-cu il üçün Milli Prioritetləri elan etməyə, 10 il sonranın üfüqlərini təsəvvür etməyə imkan yaradır.

Nəhayət, dövlətimizin inkişafına, cəmiyyətimizin rifahına xidmət edən mühüm təşəbbüs, ideyalar toplusu kimi də xarakterizə edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramının təsdiqlənməsi dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Bu, milli maraqlar və strateji planlamanın vəhdətini təcalla etdirir.

Sonda onu deyək ki, sosial-iqtisadi, ictimai-mədəni həyatda ciddi təkamül yolunu inamla keçən respublikamız sabit, təhlükəsiz və çağdaş həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Bu, bir özünəməxsus prioritet müəyyənləşdirmə imkanı, başqa sözlə, istinadgahdır. İkincisi, Azərbaycan Vətən Müharibəsindəki tarixi zəfərimiz respublikamızda, ümumən regionda yeni siyasi-iqtisadi gerçəklik yaradıb. Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlanıb. İşğaldan azad edilmiş ərazilərimizin ümumölkə iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq, regional nəqliyyat-logistika dəhlizlərinin yaradılması, onların imkanlarından yararlanmaq respublikamızın inkişafına öz ciddi təkanı ilə seçiləcək. Mili Prioritetlərin onuncu ilinədək, hətta ilk beşinci ilində düşmənin xaraba qoyduğu bölgələrimiz abadlaşdırılacaq, çağdaş həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunacaq. Əhalimiz Böyük Qayıdışla dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya ilə növbəti məqsədlərə qapı açacaq.
Dövlətimiz zaval görməsin!”.

Bütün xəbərlər Facebook səhifəmizdə