(Portret cizgiləri)
Şakir Həsənov: “Vahid müəllim, həqiqətən də insanlığın etalonudur”
Azərbaycan tikinti-quraşdırma sahəsində əvəzsiz xidmətləri olan, həddindən artıq təvazökar, yüksək ixtisaslı mütəxəsis və uzun illər Azərbaycan Xüsusi Tikinti-Quraşdırma nazirinin müavini olmuş Vahid İbadulla oğlu Süleymanovun 80 illik yubileyi yaxınlaşır. Bu insan həqiqətən də Azərbaycanın tikinti-quraşdırma sahəsi üçün əvəzsiz işlər görməklə, respublikamızın quruculuğu inkişafında böyük işlər görüb. Amma təəssüf ki, bu qədər xidmətlərinə görə ona hələ də “Əməkdar mühəndis” fəxri adı verilməyib. Vahid müəllimin yubileyi ərəfəsində mən, beynəlxalq səviyyəli təşkilat olan “Az.Termoizol” Açıq Səhmdar Cəmiyyətinin sədri, “Tərəqqi” medallı, “Əmək” ordenli, Beynəlxalq “Sokrat” mükafatı laureatı və bir neçə xarici ölkələrin inşaat, quraşdırma üzrə Qızıl medallarını, diplomlarını Azərbayacan gətirmiş Şakir Rəfi oğlu Həsənovla fikir mübadiləsi apardıq.
- Siz onu 30 ildən çox bir müddətə tanıyırsınız. Vahid müəllim haqqında nə deyə bilərsiniz?
- Vahid müəllimi iş icraçısı işlədiyi vaxtdan tanıyıram. Öz işinin gözəl mütəxəsisi olduğuna görə inkişaf eləyib, gəlib nazir müavini vəzifəsinə qədər yüksəldi. Azərbaycan Xüsusi Tikinti-Quraşdırma Nazirliyində Telman Kazımov kimi nəhəng düşüncəli, çox böyük mütəxəsisin müavini olmaq hər adama müyəssər olmurdu. Çünki Telman Kazımov özü böyük tələbkar və mütəxəssis olmaqla onunla hər adam işləyə bilmirdi. Vahid müəllim yaxşı təşkilatçı, həddindən artıq sakit təbiətli, çox böyük səbri olan, bilikli, yüksək tərbiyəli, mədəni, heç nədə gözü olmayan, gözü-könlü tox bir insandır. Çox vaxt özüm-özümə təəccüb edirəm ki, doğrudanmı Azərbaycanda belə insan ola bilərmiş? Bilirsiniz ki, Xüsusi Tikinti- Quraşdırma Nazirliyi Azərbaycanda ən böyük nazirlik idi. Respublikamıza keçmiş Sovetlər Birliyinin bütüb nespublikalarından və xarici ölkələrdən çoxlu pul gətirirdi. Bu nazirliyin 25 mindən çox işçiləri vardı. Bu gün respublikamızda çoxlu tanınmış nazirlər, icra hakimiyyəti başçıları, Milli məclisin üzvü olanlar var ki, həmin nazirliyin “şinelindən” çıxıblar. Onlar Telman Kazımovun yetirmələridirlər. Bizim nazirliyin çoxlu müəssisə rəhbərləri vardı ki, onlar istəyirdilər Vahid Süleymanovla birlikdə çörək yesinlər. Onunla yaxın olsunlar. Amma o, heç kimlə birlikdə çörək yemək istəmirdi. Mən onunla yaxın olduğumdan soruşurdum ki, “ay Vahid müəllim bu müəssisə rəhbərləri sizinlə bir qismət çörək kəsmək istəyirdilər”. O isə deyirdi ki, “mən heç kimə əziyyət vermək və heç kimi xərcə salmaq istəmirəm”. Təsəvvür edirsinizmi, nazir müavini öz tabeliyində olan, özləri də bu nazirliyin hesabına yaxşı pullar qazanan işçilər haqqında görün necə səmimi sözlər deyir. İndi belə nazir müavini tapmaq olarmı?
Azərbaycan Xüsusi Tikinti- Quraşdırma Nazirliyinin Sumqayıt şəhərində də çoxlu müəssisəsi vardı. O, bura gələndə də, hətta bütün günü burada olanda da heç kimlə çörək kəsmirdi və eləcə ac-susuz Bakıya qayıdırdı. Hətta bir neçə dəfə işimiz çox olduğundan, o, axşama kimi Sumqayıtda qaldığından çox böyük xahiş-minnətlə onu yeməkxanaya aparırdıq. Deyirdi ki, mən adicə borş, ya da bir sulu yemək yeyəcəm. Yəni imkan vermirdi ki, kimsə böyük xərcə düşsün. Siz, belə kristal adam görübsünüzmü? Hətta nazirlikdə başqa nazir müavinləri və şöbə müdirləri vardı ki, onlar Sumqayıta gələndə həm özləri yaxşı yeyib-içir və həm də ailələri üçün həmin müəssisə rəhbərlərinin hesabına lazım olan yeməkləri sifariş verdirib, böyük zənbillər aparırdılar.
Mən həmişə bu insandan öyrənmişəm. Vahid müəllimin mənim inkişafımda əvəzsiz köməyi olub. Onun böyüklüyü bir də onda idi ki, nazir müavini olanda hər gün səhər mənə və bütün müəssisə rəhbərlərinə zəng vurub, problemlərimizlə, işlərimizin gedişi, texniki təhlükəsizliklə və ümumiyyətlə hər işlə ciddi maraqlanırdı. Əslində biz ona zəng vurub, işin gedişini demək əvəzinə o, bizə zəng vururdu. Bu iş hər gün beləcə davam eləyirdi. Deməli, bu insan çox məsuliyyətli adam olmaqla hər şeydən xəbərdar olmaq istəyirdi ki, problem yaransa tez onun qarşısını ala bilsin.
- Sizin onunla tanışlığınız necə yaranıb?
- Mənim Vahid Süleymanovla daha yaxın tanışlığım 1988-ci ilin aprel ayının 26-da olub. Həmin vaxtı Vahid müəllim Azərbaycan Xüsusi Tikinti-Quraşdırma Nazirliyinin Respublika üzrə “Azərbaycanistilik izolyasiya” Trestinə rəhbərlik edirdi. Həmin gün mənimlə görüşdü. Əvvəllər isə biz onunla Sumqayıtdakı tikinti sahələrində görüşmüşdük. O, mənə dedi ki, “istəyirəm səni bizim nazirliyin nəzdində olan və mənim rəhbərlik etdiyim “Azərbaycanistilik izolyasiya” Trestinin Sumqayıt idarəsinə müdir vəzifəsinə işə götürüm. Orada işlər çox zəif gedir”. Mən əvvəlcə razılaşmadım və dedim ki, bu sahədə təcrübəm yoxdur və inanmıram ki, mən ora rəhbərlik edəndən sonra işlər yaxşı gedə bilər. Həmin vaxtı mən başqa idarədə baş mühəndis işləyirdim. O, israrla dedi ki, sənin işlərinlə maraqlanmışam və inanıram ki, sən orada işləri yaxşı qura bilərsən. Beləliklə, o, məni Telman Kazımovla görüşdürdü. Telman Kazımovun qəbulunu düşmək də həmin vaxtı çox çətin idi. Telman müəllimlə mən təkbətək söhbət elədim. O, mənə çoxlu suallar verdi. Mən də həmin sualları cavablandırdım. Yəqin ki, cavablarım xoşuna gəldi və məni Sumqayıt İstilik-İzolyasiya idarəsinə müdir təsdiq elədi. Bundan Vahid müəllim daha çox sevindi. Elə həmin gündən mənə çoxlu məsləhətlər verməyə başladı və bütün bu illərdə də çox köməklik eləyib.
Məni bütün bu illərdə həmişə bir məsələ düşündürüb. Axı Vahid müəllim niyə belə sadə geyinir? Bax mayaraq böyük müəssisə rəhbəri və nazir müavini olub, amma niyə həmişə köhnə maşında gəzir? Niyə həyatda heç nədə gözü yoxdur? Həmişə mən ona bu sualları verəndə o, belə deyir: “ Şakir, mən özüm kasıb bir ailədə böyümüşəm. Əziyyətlə oxumuşam və gəlib bu mərtəbəyə çatmışam. Mənə heç kim səlahiyyət vermir ki, kimisə incidəm və ya kimdənsə nə isə umam. Axı mən niyə başqalarının yanında özümü gözdən salmalıyam və gözükölgəli olmalıyam. Onu bil ki, insanı iki şey daha tez gözdən salır. Acgözlüyü və natəmizliyi. Onu da bil ki, cəmiyyət vicdanlı adamın aynası və töhfəsidir. Bu, ona həmişə başucalığı gətirir”.
Vahid Sülemanov haqqında çox şeylər danışmaq olar. Sumqayıtda tikinti-quraşdırma ilə bağlı olan bütün lahiyə, mantaj, quraşdırma işlərində onun böyük əməyi var. Eləcə də respublikamızın hər yerində onun gördüyü işlərin sayı-hesabı yoxdur. Bir də təkrar edirəm. O, Telman Kazımov kimi nıəhənglə bir yerdə işləyib. Onunla işləmək asan deyildi. Amma Vahid müəllim çox sədaqətli insan və sədaqətli dost olduğuna görə Telman müəllim başda olmaqla hamının sevimlisi olub. Artıq Vahid müəllimin 80 yaşı olsa da və bu gün artıq təqaüddə olsa da, amma yenə də hamıya əlindən gələn bütün köməklikləri eləyir. O, daima bizim işlərin gedişi, uğurlarımızla maraqlanıb, çox sevinir və məsləhətlər verir. Təsəvvür eləyin ki, o, hər gün mütaliə eləyir. Qəzetlər, kitablar oxuyur. Respublikada gedən hər işlə maraqlanır. O, Azərbaycanla və məmləkətimizdə gedən quruculuqla nəfəs alır. Görülən hər yaxşı işə çox sevinir. Onunla təmasda olan hər bir adam, elə bil ki, Vahid müəllimdən, onun ağlından, düşüncəsindən, təvəkküründən qığılcım alır və hər işə marağı çoxalır. Mən, səmimi deyim ki, bu mərtəbəyə çatmağımda Vahid müəllimə minnətdaram. O, mənim və bu gün yüksək vəzifələrdə işləyən yüzlərlə insanların əsl müəllimi olub. Atalarımızın da belə bir maraqlı sözü var: “ Müəllim bir memardır, ya mühəndisdir ki, insanların düşüncəsini, ağlını düzəldir və istədiyi səmtə yönəldə bilir”.
Mənim artıq 74 yaşım var və səmimi deyim ki, bu vaxta qədər Vahid müəllim kimi yüksək təfəkkürlü, ağıllı, savadlı, hər şeydən xəbəri olan, öz sözlərinin, danışığının yerini bilən, insanları öz ardınca asanlıqla apara bilən bir insan görməmişəm. Vahid müəllim, həqiqətən də insanlığın etalonudur. Məşhur filosof Aristotelin bu kəlamını bir vaxtlar Masallıda pedaqoqikanın, təhsilin əsası qoyanlardan biri olmuş atam Mirzə Rəfi müəllimdən eşitmişdim. Həmin kəlamı indi bütövlükdə Vahid Süleymanova şamil etmək olar: “ Atam məni bu dünyaya gətirib, amma müəllimim isə mənə bu dünyada həqiqi səadət yolunu tapmaqda yol göstərib”. Bax Vahid müəllim də Telman Kazımovla birlikdə mənim yol göstərənim, ağsaqqalım olub.
Bu gün mənim bircə arzum var. Ömrünün 60 ilini Azərbaycan tikinti-quraşdırma sahəsində əvəzsiz xidmətləri olan Vahid İbadulla oğlu Süleymanova “Əməkdar mühəndis” fəxri adı verilsin. Çünki o, bu fəxri ada çoxdan layiqdir.
Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə