Küçə uşaqlarının və internat məzunlarının sonrakı taleyi cəmiyyətdə narahatlıq doğurur, lakin bu problem hələ də həll olunmayıb
Hazırda ölkəmizdə 1,5 milyondan artıq uşaq var. Qeyri-rəsmi məlumata əsasən isə, 50 mindən çox sahibsiz uşaq var. Son illərdə görülən tədbirlər nəticəsində onların təxminən yarısı uşaq evlərinə və internatlara verilib. Bununla bərabər küçədə yaşayan uşaqlar da var. Onlar müxtəlif işlərlə məşğul olur- səyyar satış, təmizlik işləri, kuryer və s. Bu problem hələ də tam həll olunmadığından ciddi tədbirlərə ehtiyac var.
İnternat uşaqlarının sayı niyə artır?
Demək olar ki, dünyanın hər bir ölkəsində uşaq evləri var. Bu internatlarda valideyn qayğısından uzaq, tənha və sahibsiz körpə və yeniyetmələr tərbiyə alır. Dünya ölkələrində övladsız olan, həyatı boyunca övlad sevgisi ilə alışıb-yanan valideynlər də var.
Düzdür, bəzi uşaqlar kimsəsizlər evinə hər hansı qəza nəticəsində valideynlərini itirdiyi üçün düşüblər, amma bu göstərici o qədər də deyil. İnternatlarda məskunlaşan uşaqların çox hissəsi valideynləri tərəfindən bilərəkdən atılmışlardır. Fərqi yoxdu, istəyərək və ya istəməyərək, valideynlər öz uşaqlarını günü bu gün də internata verməkdə davam edirlər. Səbəblər isə müxtəlifdir.
İnternatlarda əvvəllər atasız-anasız, kimsəsiz uşaqlar yaşayırdısa, indi atalı-analı uşaqlar əksəriyyət təşkil edir. Bəzi valideynlər bunu yoxsulluqla, bəzi valideynlər də (tək ata və ya tək ana) tərbiyə etmək çətinliyi ilə əlaqələndirirlər. Daha çox səbəb kimi isə valideynlərin kasıb olması göstərilir. Bununla belə, internata verilən uşaqlar sırasında davranışı pozulan və valideyni öhdəsindən gələ bilməyənlər də var.
Elə valideynlər də var ki, uşağı onlara verməkdənsə, elə internatda saxlamaq daha düzgündür. Yəni, araşdırmalardan sonra bəlli olur ki, həmin ailə uşaq tərbiyə etmək qabiliyyətində deyil. Belə hallarda məhkəmə yolu ilə həmin valideynlər ata-analıq hüququndan məhrum edilirlər.
Elə bunların nəticəsidir ki, internatda yaşayan uşaqların sayı ilbəil durmadan artır. Statistik məlumatlara görə, bu il internat sakinlərinin sayında öncəki illərdən fərqli olaraq xeyli artım var. Bu uşaqları övladlığa götürmək istəyən ailələr olsa da onların sayı çox azdır. Bundan başqa, övladlığa götürmə şərtləri çox və çətin olduğundan bəzi uşaqsız ailələrin bu istəyi reallaşmır.
Onu da qeyd edək ki, ölkəmizdə xarici vətəndaşlara övladlığa uşaq verilməsi qadağan olunub. Çox güman ki, bunun səbəbi əcnəbilərin uşaqları övladlığa götürərək istismara məruz qoymasıdır. Belə hadisələrin baş vermə faktları mediada tez-tez üzə çıxarılır.
Ekspertlər internat həyatının azyaşlıların psixologiyasına mənfi təsir etdiyini bildirirlər. Bu səbəbdən onların ailələrə verilməsini vacib hesab edirlər.
“Uşaqların küçədə böyüməsindənsə internatda tərbiyə almaları yaxşıdır”
Sağlam Cəmiyyət Hərəkatının eksperti Nübar İsmayılovanın fikrincə, uşaqların internatlarda yaşaması onları qeyri-təbii vəziyyətdə böyümək məcburiyyətində qoyur: "Nəticədə uşaqların həyata baxışlarında, xarakterlərində mənfi çalarlar özünü büruzə verir. Belə ki, bu uşaqlar adi ailələrdə yaşayanlardan fərqli olaraq daha tez konfliktlərə qoşulur, pis vərdişlərə daha tez meyillənir, rəhmsiz olurlar.
Bu uşaqlara həyatın çətin anlarında dayaq olan, məsləhət verən doğma valideynlərinin olmaması onların hər hansı bir həyati qərarı öz düşüncə tərzi ilə qəbul etməsinə səbəb olur. Adətən, belə uşaqlar özlərini tək hiss edir, yalnız özlərinə güvənməyə çalışır, bütün problemlərinin həllinə özləri cəhd göstərirlər. Bu da səhv yola düşmələrinə gətirib çıxarır".
Ekspert internat uşaqlarının müsbət cəhətlərinin olduğunu da dedi: "Hesab edirəm ki, uşaqların küçədə böyüməsindənsə internatda tərbiyə almaları daha yaxşıdır. Pis-yaxşı internatda təhsil, tibbi xidmət, yeməklə təminat, tərbiyə var. Amma qeyd edim ki, qanunların pozulduğu, özbaşınalığın hökm sürdüyü internat evləri də mövcuddur və burada uşaqların döyülərək işgəncəyə məruz qalması barədə yetərincə fakt var. Uşaqları dərs oxumağa yox, evinə aparıb şəxsi təsərrüfatında işləməyə təhrik edən internat rəhbərləri haqda ciddi ölçü götürülməlidir”.
İnternatlar ləğv olunsun, yoxsa yox- Fərqli rəylər var
Pedaqoq İbrahim Cəfərov isə deyir ki, xarici dövlətlərdə internat məktəblərinin ləğv edildiyi bir dövrdə Azərbaycanda, əksinə, bu cür müəssisələrin sakinlərinin sayında artım var: "Qeyd edim ki, son dövrlərdə internatların ləğvi, internatlardakı uşaqların ailələrə verilməsi ilə bağlı proqram həyata keçirilir. İnternatlara külli miqdarda maliyyə tələb olunur. Ancaq dövlət uşaqları ailələrə verərsə, həmin ailələrə müəyyən məbləğ ödənilər. Nəticədə həmin uşaqlara ailələrdə daha yaxşı tərbiyə verilə bilər”.
Ekspert deyir ki, bəzi internatlarda uşaqlar istismar edilir- dilənməyə, pul qazanmağa və sair pis əməllərə sövq edilirlər: “Elə internatın ləğvinin ləngidilməsinə də səbəb bu kimi amillərdir. Çünki internatların ləğvi ilə burdan qazanc mənbəyi kimi istifadə edənlər həmin məbləğdən məhrum ola bilərlər”.
Lakin Azərbaycan Uşaqlar Birliyi uşaq evlərinin bağlanılması təklifinə qarşı çıxır. Təşkilatda hesab edirlər ki, uşaq evlərinin bağlanması sahibsiz uşaqların sayının artmasına səbəb ola bilər. Çünki bu gün diqqətdən kənarda qalan, sahibsiz yüzlərlə uşaq var. Uşaq evləri qapadılandan sonra onların sayı artacaq. Buna görə də, ilk növbədə, ailələrin sosial problemlərinin həlli istiqamətində tədbirlər müəyyənləşdirilməlidir. İnternatları bitirən uşaqların mənzil, iş problemləri həll edilməlidir.
Təşkilat hesab edir ki, uşaqların ailələrə verilməsi proqramı azyaşlıların problemlərini həll edə bilər. Lakin bu proqramın tətbiqi uşaq evlərinin bağlanılması kimi qiymətləndirilməməlidir. Əksinə, uşaq evlərindəki uşaqların problemlərinin həllindən söhbət gedə bilər. Problemlər həll ediləndən sonra uşaq evlərinin bağlanılması tədricən, mərhələlərlə baş tuta bilər.
Sahibsiz uşaqlar arasında qanun pozuntularının sayı artır
Bəzi hesablamalara görə, Bakıda indi təxminən 1000 nəfər civarında "küçə uşağı" var. Həmin uşaqlar üçün şəhər küçələri evlərini əvəzlədiyindən, onlar küçədə durur, küçədə işləyir, küçədə əylənir və elə küçədə də yatırlar.
Bakı küçələrində indi maşın pəncərələri silmək, bazarlarda yük daşımaq, kiçik ticarətlə məşğul olmaq kimi işlər görən azyaşlılar arasında cinayətkarlıq halları həndəsi silsilə ilə artmaqdadır. Onlar çeşidli "biznes"lə məşğul olurlar. Kimi qəzet satır, kimi telefon kartı, kimi də günəbəxan tumu və ya qazlı su...
Bu uşaqların arasında müxtəlif xəstəliklər yayılır. Bakıdakı küçə uşaqlarının təxminən 50%-də müxtəlif ağır xəstəliklər var. Revmatizm, vərəm, mədə yaraları, dəri xəstəlikləri bu qəbildən daha çox yayılmış xəstəliklərdir.
Qeyri-hökumət təşkilatlarının apardığı araşdırmalara görə, Bakı küçələrində "işləyən" uşaqların hər 10 nəfərindən 6-sı artıq spirtli içkilərin nə olduğunu bilir, 8-i siqaret çəkir, 4 nəfəri isə oğurluğu qəbahət saymır. Son dövrlərdə Bakıda azyaşlı sahibsiz uşaqlar arasında qanun pozuntularının sayı artıb.
İnternat məktəblərin məzunları arasında artıq "kriminal avtoritet"lər peyda olmaqla bahəm, onların törətdikləri cinayətlərin arasında da xüsusilə ağır halların sayı da yüksəlir.
"Küçə uşaqları" arasında həyatlarına son qoyanlar da var.
Uşaq kəndlərinin yaradılması problemdən çıxış yolu ola bilərmi?
Kimsəsiz uşaqların normal ailə əhatəsində böyüməsi və tərbiyə alması üçün ölkəmizdə uşaq kəndləri salınıb. Valideyn himayəsindən məhrum olan, kimsəsiz uşaqlar üçün yaradılan bu kəndlərdə 10-12 ailə məskən salıb. Bu kəndlərdə uşaqlar xüsusi seçilmiş anaların yanında qalır.
Onlar özləri öz evlərinə rəhbərlik edəcəklər, amma tam nəzarətsiz də qalmayacaqlar. Bu gənclərə müəyyən miqdarda maliyyə yardımı ediləcək. 20 yaşına çatandan sonra isə bu gənclər yarımüstəqil həyata qədəm qoyacaqlar, yəni onlara 3 il ərzində də maliyyə yardımı göstəriləcək.
İndi dünyanın 130-dan artıq ölkəsində belə uşaq kəndləri fəaliyyət göstərir.
İnternat məktəblərdə yaşı 18-ə çatmış uşaqların xaric edilməsi, onların uzun müddət adaptasiya ola bilmədikləri cəmiyyət həyatında problemlər yaradır. Acınacaqlı haldır ki, internat qızlarının əhəmiyyətli bir hissəsi fahişəliyə sürüklənir, oğlanlar isə cinayətkar aləmin toruna düşürlər. Belə yeniyetmələr iş, mənzil problemlərini həll edə bilmədiklərindən başqa yol görmürlər.
Bu probemlə bağlı aidiyyatı orqanlar tərəfindən müəyyən tədbirlər hazırlanıb həyata keçirilir. Lakin hələlik bu, o qədər də effekt vermir.
Ümumiyyətlə, uşaq problemlərinin daha çox gündəmə gətirilməsinə və bu sahədə problemlərin həllində dövlət və qeyri-hökumət qurumlarının fəaliyyətinin güclənməsinə ehtiyac var. “Uşaqlar gələcəyimizdir”- deyirik. Gələcəyimizi qorumaq bütün cəmiyyətin ümdə vəzifəsidir. Bu, həm də bir müqəddəs borcumuzdur, o borc ki, onu yerinə yetirməyə məhkumuq. Gələcəyimiz naminə...
Lalə Mehralı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB