Ombudsman Aparatında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi ilə görüş keçirilib

Ombudsman Aparatında Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi ilə görüş keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi, kommunikasiya üzrə aparıcı ekspert Everold N.Hoseinlə görüş keçirilib. SİA-nın xəbərinə görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı BMT-nin nüfuzlu strukturlarından olan YUNİSEF-lə əməkdaşlıq çərçivəsində ölkəmizə səfər etmiş qonağı salamlayıb. O, müvəkkil Elmira Süleymanovanın insan hüquqları, o cümlədən uşaq hüquqlarının müdafiəsi, ölkədə ümumən insan hüquqları mədəniyyətinin formalaşdırılması, Uşaq Hüquqları Konvensiyasının və digər beynəlxalq sazişlərin təşviq edilməsi sahəsində fəaliyyəti, YUNİSEF-lə səmərəli əməkdaşlığı barədə məlumat verib.

Kommunikasiya üzrə beynəlxalq mütəxəssis, doktor Everold Hosein ÜST-nın aparıcı mütəxəssisi kimi, strateji kommunikasiya, təşviqat və ictimai əlaqələr, səhiyyə üzrə təhsil və sosial inkişaf məsələləri ilə bağlı uzun illik tədqiqatlar və araşdırmalar apardığını qeyd edib. O, Nyu-York Universitetində ilk olaraq tətbiq edilib və 2000-ci ildən etibarən ÜST tərəfindən təkmilləşdirilmiş ünsiyyətin qurulması ilə bağlı strateji kommunikasiyanın planlaşdırılması metodologiyasının müəllifi olduğunu vurğulayıb.

A.Səfixanlı qonağa uğurla tətbiq olunan, uşaq hüquqlarının müdafiəsi üzrə tədbirlərin keçirilməsinin də nəzərdə tutulduğu Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) həyata keçirilməsinin monitorinqi ilə əlaqədar Ombudsmanın ölkənin bütün rayonlarında ictimai dinləmələr keçirdiyini söyləyib. Ombudsman təsisatının uşaq hüquqlarının təmininə və təbliğinə də böyük diqqət yetirdiyi, fəaliyyət dövrü ərzində YUNİSEF-in ölkəmizdəki nümayəndəliyi ilə qarşılıqlı əlaqələrin qurulduğu vurğulanıb. Əlilliyi olan insanların, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların hüquqlarının müdafiəsi ilə bağlı Müvəkkil tərəfindən mühüm tədbirlərin görüldüyü, müvafiq dövlət orqanlarına təkliflər verildiyi bildirilib.

Qonağa bu günlərdə İnsan Hüquqları üzrə Müvəkkilin "Əlillərin hüquqları haqqında" Konvensiyanın müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirən qurum kimi müəyyən edilməsi barədə məlumat verilib. Aparatın rəhbəri qonağın əhalinin hüquqi maarifləndirilməsi, həmçinin uşaq hüquqları sahəsində maarifləndirmə fəaliyyəti ilə bağlı suallarını cavablandıraraq, Müvəkkilin uşaq hüquqları sahəsində fəaliyyəti və bu istiqamətdə görülən işlər barədə məlumat verib. Uşaq Hüquqları Konvensiyasında əks etdirilmiş uşaq hüquqlarının müxtəlif aspektləri, QİÇS, uşaq alverinə qarşı mübarizə və s. mövzularda treninqlərin keçirildiyi qeyd olunub.

Ombudsmanın təşəbbüsü, Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin üç pilot məktəbində Uşaq hüquqları üzrə pilləli tədris layihəsi uğurla həyata keçirildiyi, cari ildə paytaxtın hər rayonunun bir məktəbində bu layihənin davam etdirildiyi, hazırda isə ölkənin səkkiz rayonunda adı çəkilən layihənin gerçəkləşdirilməsi üzrə işlərin aparıldığı diqqətə çatdırılıb. Müvəkkil təsisatının Tvinninq və Şərq tərəfdaşlığı layihələrində fəal iştirak etdiyi vurğulanıb. Qonaq təmsil etdiyi qurumun Müvəkkillə uşaq hüquqlarının müdafiəsi sahəsində əməkdaşlıqda maraqlı olduğunu, Azərbaycan Ombudsmanının bu istiqamətdə böyük təcrübəsindən həyata keçiriləcək layihənin tətbiqində faydalanacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə