Ucardan Laçına uzanan döyüş yolu... Elvin Hüseynli ilə müsahibə

Müsahibimiz İkinci Qarabağ müharibəsi iştirakçısı, Ucar rayonunun Müsüslü kəndi yetirməsi, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmiş Hüseynli Elvin Hüseyn oğludur.

Cabir Məmmədov: Elvin! Səni salamlayıram, studiyamıza xoş gəlmisən! İstəyirəm ki, özün barədə məlumat verəsən.

Elvin Hüseynli: Mən - Hüseynli Elvin Hüseyn oğlu 16 avqust 1993-cü ildə Ucar rayonunun Təzə Şilyan kəndində dünyaya gəlmişəm. 1999-2009-cu illərdə Müsüslü kəndindəki natamam orta məktəbdə, daha sonra isə 2009-2010-cu illərdə Təzə Şilyan kəndindəki orta məktəbdə təhsil almışam. 2011-ci ilin oktyabrından 2013-cü ilin aprelinə qədər Sumqayıt şəhərindəki N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşam. Hələ məktəbdə təhsil alarkən müəllimlər bizə torpaqlarımızın işğal altında olduğunu deyirdilər. Mən şüuraltı düşüncələrimdə torpaqlarımızın düşmən işğalından azad olunmasını gözləyirdim...

Cabir Məmmədov: Sən dedin ki, həqiqi hərbi xidmətdə olmusan. Hansı vəzifə üzrə təlim keçmisən?

Elvin Hüseynli: “Ağır artilleriya üzrə hesablayıcı” vəzifəsi üzrə təlim keçmişəm. Bizə hərbi bazada hədəflər arası məsafəni hesablayaraq atışı dəqiq yerinə yetirməyi öyrədirlər...

Cabir Məmmədov: Aydındır. Davam et...

Elvin Hüseynli: Hərbi xidmətimi bitirib evimizə qayıtdım və peşə təhsili almaq qərarına gəldim. 2013-cü ildə Azərbaycan Texniki Universiteti nəzdindəki Bakı Texniki Kollecinə qəbul olundum və 2017-ci ildə “yol hərəkətinin təşkili” ixtisası üzrə bitirdim. Daha sonra kəndimizə qayıtdım və ailəmə təsərrüfat işlərində yardım edirdim, ticarət sahəsində çalışmışam.

Cabir Məmmədov: Sən də səfərbərlik ediləndə digər gənclərimiz kimi cəbhəyə getmək qərarı aldın?

Elvin Hüseynli: Bəli... Təbii ki, mən Vətənimizdə olan prosesləri izləyirdim. Ürəyimdən keçirirdim ki, kaş ki, səfərbərlik elan ediləydi, mən də o çağırışa qoşulaydım...
Ali Baş Komandanın əmri ilə səfərbərlik elan edildi...
Ötən ilin 21 sentyabrında təlim məqsədilə Goranboy rayonuna göndərildik. Döyüş taktikası, yeni silahlarla işləmə bacarığı ilə bərabər psixoloji məsləhətlər də alırdıq...

Cabir Məmmədov: Yalnız Goranboyda xidmətdə olmusan?

Elvin Hüseynli: Daha sonra 27 sentyabrda bizi cəbhə xəttinə göndərdilər. Düşmən təxribatının qarşısını almaq üçün əks hücum əməliyyatı tapşırığı gəldi... Suqovuşanın azadlığı uğrunda döyüşlərə qatıldıq. Mən mina atıcı qismində idim...
Suqovuşan ərazisi düşməndən azad edildikcə irəliyə doğru hərəkət edirdik. Gözümüzdə qorxu yox idi, döyüş əhval ruhiyyəsi yüksək idi...

Cabir Məmmədov: Daha sonra nələr oldu?

Elvin Hüseynli: Suqovuşanın azad edilməsi bizi çox sevindirdi... Daha sonra bizi Tərtər rayonu istiqamətinə doğru apardılar. Talış dağlarının yüksəkliklərində mövqe tutduq. Sərt hava şəraiti, coğrafi relyef baxımından mürəkkəb olan yüksəkliklərdə, çətin keçilən yollarla irəlilədikcə daxilimizdə qarışıq hisslər vardı...

Cabir Məmmədov: O anda nə düşünürdün?

Elvin Hüseynli: Niyyətimiz bir idi... Hamımız Vətən torpaqlarının azad olunması niyyətilə ölümə hazır idik...
Döyüş yoldaşlarımın şəhid olması gözlərimin qarşısından getmir... Çox sarsıdıcı və ağır anlar yaşadıq...

Cabir Məmmədov: Allah rəhmət eləsin... Davam et...

Elvin Hüseynli: Talış kəndi azad edildikdən sonra bizə Laçının azad edilməsi barədə döyüş tapşırığı verildi.
Biz Laçın ərazisinə daxil olanda, qələbə xəbərini aldıq... Düşməniz məğlub olduğunu qəbul etmişdi, döyüşlər dayandırılmışdı...Laçını bizim dəstə təhvil aldı...

Cabir Məmmədov: Bəli. Bu xəbər hamımızı sevindirdi... Daha sonra nələr oldu?

Elvin Hüseynli: Mən və döyüş yoldaşlarım tarixi torpaqlarımızın müdafiəsini təmin etməli idik. Bu məqsədlə dekabr ayının sonunadək Qarabağ bölgəsində qaldım... Qubadlı rayonu ərazisinin müdafiəsində də iştirak etdik.

Cabir Məmmədov: Sən 4 aya yaxın cəbhə bölgəsində olmusan Elvin.
Bir əsgər olaraq istər döyüş zamanı, istərsə də hücum zamanı nə müşahidə etdin?

Elvin Hüseynli: Düşmən müdafiə səddləri qurmuşdu...
O sədləri yarmaq üçün var gücümüzlə irəliləyirdik...
Ordumuzun gücünü gördükcə düşmən ordusu geri çəkilməyə məcbur edildi.Təcrübəli komandirlərin və ordumuzun qələbə əzmi, döyüş ruhu bizi cəsarətləndirirdi.
Düşmənin hərbi sursatları tükənmişdi, silahlarını döyüş meydanında atıb qaçmışdılar, düşmən meyitləri qalmışdı...
Cənab Ali Baş Komandanın dediyi kimi, biz düşməni iti qovan kimi torpaqlarımızdan qovurduq.

Cabir Məmmədov: Sən də digər mərd oğullar kimi torpaqlarımızın azadlığı uğrunda döyüşmüsən və “Laçının azad olunmasına görə” medalına layiq görülmüsən. Sənə gələcək həyat yolunda sağlamlıq və arzularına çatmağı diləyirəm. Sənin kimi gənclər fəxrimizdir.

Elvin Hüseynli: Mən də Sizə aktual mövzulara, xüsusən də İkinci Qarabağ müharibəsi iştirakçılarına diqqət ayırdığınız üçün təşəkkür edirəm. Şəhid olan yoldaşlarıma Allahdan rəhmət, yaralılara şəfa diləyirəm.






Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə