Dünyaya nümunə və özünəməxsusluq - Pandemiya ilə mübarizədə “Azərbaycan modeli”

Dünyaya nümunə və özünəməxsusluq - Pandemiya ilə mübarizədə “Azərbaycan modeli”

Pərvanə Hacıyeva,
YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri

İnsan sağlamlığı həmişə vacib faktor olub. Sözsüz ki, hər bir dövlət üçün vətəndaşının səhhəti, sağlamlığı prioritetlər içərisindədir. Azərbaycanda da səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən kifayət qədər uğurlu addımlar atılıb, dövlət proqramları həyata keçirilib, irimiqyaslı layihələr reallaşdırılıb. Ölkə Prezidenti cənab İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb ki, dövlətimiz üçün ən vacib məsələlərdən biri vətəndaşların sağlamlığıdır.

Xəstəxana və tibb müəssisələri ən yüksək standartlara cavab verir

Son dövrlər Azərbaycanda müasir səhiyyə infrastrukturunun yaradılması yönündə təqdirəlayiq işlər görülüb. Xüsusilə dövlət başçısı, cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın bütün bölgələrində ən müasir standartlara cavab verən xəstəxanalar tikilib.
Prezident İlham Əliyev fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində də bu məsləyə toxunub. Dövlət başçısı bildirib ki, ölkəmizin bütün bölgələrində xəstəxanalar fəaliyyət göstərir: “Son 17 il ərzində 750-dən çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana və tibb müəssisələri fondu demək olar ki, indi ən yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini artırmaq üçün əlavə addımlar atacağıq”.

Son dövrlərdə hər il 5 milyon insan tibbi müayinədən keçib

Cənab Prezident müsahibəsində onu da diqqətə çatdırıb ki, səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi: “Mən xatırlayıram, 2004-cü ildə Prezident vəzifəsinə seçiləndən sonra bəyan etmişdim ki, biz qara qızılı insan kapitalına çevirməliyik. Sözün düzü, o vaxt bizim qara qızılımızın həcmi o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ inşa edilməmişdi, ancaq biz bütün bu işləri artıq proqnozlaşdıra bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı dövrü gözləyir. Ona görə neftdən əldən edilən gəlirləri insan kapitalına yönəltmək mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə artıq bütövlükdə icra edildi. Bütün bölgələrdə ən müasir xəstəxanalar, poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə hər il 5 milyon insan tibbi müayinədən keçə bilməzdi”.
Səhiyyə sahəsində təkmilləşməyə ehtiyacın olduğunu da diqqətə çatdıran ölkə başçısı bu günə kimi səhiyyə sahəsində görülən işləri müsbət dəyərləndirib.

Pandemiya ilə mübarizədə Azərbaycan istədiyinə nail oldu

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Azərbaycanda insanların sosial durumunun daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər az bir vaxtda öz müsbət nəticələrini göstərib. Eyni zamanda aztəminatlı ailələrə, işsizlərə və pandemiyadan əziyyət çəkmiş sahibkarlıq subyektlərinə davamlı maddi-mənəvi dəstək, göstərilən qayğı bu gün də razılıqla qarşılanmaqdadır.
Özəlliklə Azərbaycanda ilk günlərdən koronavirusun geniş yayılmasının qarşısının alınması üçün görülən mühüm tədbirlər diqqətə layiqdir.
Azərbaycan Televiziyasına müsahibəsində COVID-19 pandemiyası ilə bağlı ölkədəki mövcud vəziyyətdən danışan dövlət başçısı koronavirusla mübarizədə ölkənin tibb sektorunun dayanıqlığından da söhbət açıb: “Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən qabaqlayıcı tədbirlər görərək, hesab edirəm ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə saxlamağı bacarmışıq”.

Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər ÜST tərəfindən yüksək qiymətləndirilib

Ölkəmizdə COVID-19-un yayılmasının önləmək məqsədilə ilk vaxtlardan effektiv işlər görülüb. Pandemiya ilə mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargah fəaliyyətə başlayıb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr zamanında ölkəmizə gətirilərək səhiyyə ocaqlarına paylanılıb. Tam müasir laboratoriyalar yaradılıb. Son aylarda koronavirusa görə testlərin sayı əhəmiyyətli dərəcədə artırılıb. Pandemiyaya qədər ölkəmizdə ümumilikdə 8 laboratoriya fəaliyyət göstərirdi. Gün ərzində cəmi min testin keçirilməsi mümkün idi. Hazırda laboratoriyaların sayı 42-yə çatıb və gündəlik 20 min test keçirilə bilər. Bu günə qədər ümumilikdə 2 milyon 400 min test keçirilib. Hazırda adambaşına düşən testlərin sayına görə, Azərbaycan dünyada öncül yerlərdədir. Azərbaycanda COVID-19 ilə mübarizədə əldə olunmuş nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də yüksək qiymətləndirilib, ölkəmiz bu mübarizədə nümunəvi ölkələr siyahısına daxil edilib.
Eyni zamanda dövlətin həkimlərə, səhiyyə işçilərinə xüsusi diqqəti də bu sahəyə marağı artırıb. Səhiyyə sistemində çalışan insanlar daim dövlətin qayğısı ilə əhatə olunub. Prezidentin Sərəncamı ilə tibb işçilərinin sosial müdafiəsi gücləndirilib, dövlət tibb müəssisələrində çalışan işçilərin əmək haqlarına aylıq vəzifə maaşının 3-5 misli miqdarında əlavələr müəyyən edilib. Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Yeni Çağrı Mərkəzi yaradılıb, koronaviruslu xəstələrin müalicəsinə cəlb olunmuş həkimlərə və tibb personalına psixoloji dəstək göstərilməsinə başlanıb.

Vətəndaşların dövlətə etibarı və inamı günbəgün artır

Azərbaycanın pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə çox yüksək qiymətləndirilir. Bir çox aparıcı beynəlxalq qurumlar bu barədə öz fikirlərini ifadə edərkən “Azərbaycan modeli” ifadəsindən də istifadə olunur. Pandemiya başlayandan Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir. Hökumət Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon ABŞ dolları həcmində iki dəfə könüllü maliyyə dəstəyi göstərib. Bununla yanaşı, bu günədək Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Prezident İlham Əliyev yalnız dövlətimizin başçısı kimi deyil, həm də beynəlxalq təşkilatların rəhbəri kimi də təqdirəlayiq addımlar atıb.
Yanvarın 18-dən etibarən ölkəmiz Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verib. Müqayisə üçün qeyd edək ki, Avropa İttifaqında bu proses keçən il dekabrın 18-dən həyata keçirilməyə başlanıb. Çox qısa zaman ərzində, artıq Azərbaycan vətəndaşları da peyvənd olunurlar. Bu, dövlətin, Azərbaycan prezidentinin vaksinasiya sahəsində də apardığı məqsədyönlü və məhsuldar fəaliyyətin nəticəsidir. Görülən bütün bu işlərin nəticəsidir ki, vətəndaşların dövlətə etibarı və inamı günbəgün artır. Azərbaycanda iki ay əvvəl koronavirusa gündəlik yoluxma sayına nəzər salsaq görərik ki, bu gün yoluxma dinamikası əsaslı dərəcədə aşağı düşüb.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Artıq Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, görülən işlərə yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda, bu yaxınlarda mənə verilən məlumata görə, dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni, həm beynəlxalq təşkilatlar, bu sahədə aparıcı təşkilat olan Ümumdünya Səhiyyə Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi yüksək qiymətləndirir”.

Bütün xəbərlər Facebook səhifəmizdə