Astarada İcra başçısı İkinci Qarabağ müharibəsi qazisinin evində olub
Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Təngərüd kənd sakini, İkinci Qarabağ müharibəsinin qazisi Möhnət Səmədovla evində görüşüb, sağlamlığı ilə maraqlanıb. SİA-nın məlumatına görə, Səmədov Möhnət Tamif oğlu 2015-ci ildən Azərbaycan ordusunda gizir rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmət edir. O, Vətən müharibəsi başlanan ilk gündən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanın əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması və Ermənistanın təxribatlarının qarşısını almaq üçün əks-hücum əməliyyatında döyüşlərdə iştirak edib.
Ordumuzun qorxmaz, mərd, cəsur döyüşçülərindən biri olan Möhnət Səmədov ən qızğın döyüşlərdə yüksək peşəkarlıq göstərib, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının bir çox yaşayış məntəqələrinin düşməndən azad edilməsində igidliklə döyüşüb. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” və digər medallarla təltif olunub.
İcra başçısı Qəzənfər Ağayev işğalçı Ermənistan ordusuna qarşı aparılan döyüşlərdə göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə igid döyüşçü Möhnət Səmədovu təbrik edib, valideynlərinə ləyaqətli, vətənpərvər övlad böyütdüyünə görə minnətdarlığını bildirib. Qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəhbərliyi altında rəşadətli ordumuz, cəsur zabit və əsgərlərimiz dəqiq və yüksək əməliyyatlar nəticəsində işğalçı erməni ordusuna sarsıdıcı zərbələr endirərək qısa vaxt ərzində ərazilərimizi işğaldan azad etdi. Müharibənin davam etdiyi 44 gün ərzində ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin həm siyasi müstəvidə, həm də hərbi əməliyyatların gedişində sərgilədiyi müdriklik, uzaqgörənlik, yüksək peşəkarlıq düşməni məğlub edərək kapitulyasiya aktına imza etməsində böyük əhəmiyyət kəsb edir. Bu tarixi qələbənin əldə edilməsinin ən başlıca səbəblərindən biri də ordunun və bütövlükdə xalqın öz rəhbərinə sonsuz inamının olmasında idi. Biz bunu Vətən müharibəsinin gedişində minlərlə vətəndaşlarımızın cənab Prezidentə ünvanladığı saysız-hesabsız dəstək məktublarından, müraciətlərindən, teleqramlardan aydın gördük.
Cənab Prezidentin dediyi kimi biz düşməni hərb meydanında məğlub edərək diz çökdürdük. Sevindiricidir ki, bu tarixi qələbənin əldə edilməsində rayonumuzdan olan qəhrəman oğullarımızın da böyük əməyi vardır.
İcra başçısı torpaqlarımızın mənfur düşməndən azad edilməsində göstərdiyi qəhrəmanlığa görə Möhnət Səmədova bir daha təşəkkür edib, tezliklə sağlamlığına qovuşmağı arzulayıb.
Sərraf Talıbov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB