Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Abbas Qasımov
Ən uca zirvədə olan şəhidlər xalqımızın qan yaddaşıdır. Vətən torpağının hər qarışını canlarından əziz tutaraq bu torpağı qanları ilə suvardılar. Odlar yurdunun, bu məmləkətin əbədi vətəndaşına çevrildilər. Mücadilə edərək erməni işğalı altında olan torpaqlarımızı qan bahasına azad etdilər. Minlərlə Vətən müharibəsində can fəda edib şəhidlik zirvəsinə yüksələn vətən övladları sırasında Qasımov Abbas Rza oğlunun da adi var. Vətən sanki Abbas kimi oğulları bu ana yurdun torpağının bütövlüyü üçün qəhrəman, vətənpərvər böyütmüşdür. Yüksək vətənpərvərlikləri, cəsurluqları onları şəhidlik zirvəsinə yüksəltdi.
Abbas elə lap kiçik yaşlarından yurd itkisinin acısını yaşamışdır. 17 mart 1986-cı ildə Qərbi Azərbaycanda anadan olan Abbasın həyat yoluna salınan naxışlar keşməkeşli olur. Həyatın ağ-qara zolaqları onu müşayiət edir. 2 yasında ikən ailəsi ilə birlikdə torpaqlardan ermənilərin azərbaycanlılara verdiyi zülm nəticəsində öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldılar. Bakı səhərinə köçüb burada yaşamağa başladılar. Amma, balaca Abbasın qara günləri bununla bitmədi. O, 6 yaşında ikən atasını itir və atasız qalan balaca Abbas çətin günlərə sinə gərərək yaşıdlarından geri qalmır. Çalışır, mücadilə edir, həyatin qoynuna mərdi-mərdanə atılır. İllər bir-birinə calanır. 2003-cü ildə orta məktəbi bitirib MTN-in Akademiyasına daxil olur. Beləliklə, hərbi həyati başlayır. Seçimində qətiyyətli idi. 2007-ci ildə akademiyanı bitirən Abbas sərhədlərin mühafizəsi üçün bölüyə göndərilir. Dörd il Azərbaycanın bir neçə rayonlarda xidmət edir. Xidməti dövründə rəhbərliyi tərəfindən dəfələrlə medal və fəxri fərmanlarla mükafatlandırılan Abbas pilot vəzifəsinə təyinat alaraq Bakıya qayıdır. Abbas bu vəzifəsini de layiqincə yerinə yetirir. Xidməti haqqında heç bir söz danışmağı sevməyən Abbas son gedişində de hansı rayona belə getdiyini ailəsinə demədi. Abbas son günlərini yaşadığını hiss edirmiş kimi bu günlərdə də daima övladlarını görmək, onlarla vaxt keçirtmək istəyirdi. Hətta axsam evə gələcəyini bildiyi halda, gündüz işdə boş vaxt tapan kimi zəng edib, övladları ilə göruntülü danışır, sanki onları görməkdən, onlarla danışmaqdan doymurdu. İşdən evə gələndə çalışırdı ki, həmişə övladlarını sevindirsin, onların sevinci öz ürəyini də fərəhlə doldururdu. Axı özü atasız böyümüş, bu cür sevinc hisslərindən doymamışdı.
Abbas 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda döyüş bölgəsinə yollanmış və Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Taleyin oyununa bax. Vaxtı ilə atasız böyüyən Abbasin övladlarına da bu tale yazılıbmış sən demə - atasız böyümək. Bundan sonra Abbasın evində 2 oğul övladı atasız böyüyəcəklər. Amma şəhid övladı olaraq böyüyəcəklər. Bizə əmanət olan 2 oğul vətəni qorumaq, atasının adını layiqli şəkildə qorumaq üçün əsl vətənpərvər kimi böyüyəcəklər. Şəhid qanı ilə alınmış torpaqlarımızın müdafiəsində duracaqlar. Şəhid qanı axmayan torpaqdan Vətən olmaz, deyirlər. Odur ki, şəhidlər bizim qürurumuz, vüqarımız, fəxrimizdirlər.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB