Gənclik gördüyü işlə, qazandığı nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə töhfə verəcək
Bu gün hər kəsə yaxşı məlumdur ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir. Eyni zamanda da daim axtarışda olan, yeniliyi sevən bir qüvvədir. Ölkəmizdə sağlam gənclik yetişib. Sağlam gənclik isə sağlam nəsil deməkdir. Bu gün tam əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycanda dövlətin diqqət və qayğısı sayəsində yetişən sağlam gənclik ölkəmizdə bütün sahələrdə fəallıqları ilə seçilirlər. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilib. Bu gün müstəqil Azərbaycan dövlətinin gəncləri vətənpərvər ruhlu gənclərdir. Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara geniş imkanlar açılır. Təbii ki, hər bir dövlətin əsas missiyası gələcəyini etibar edəcəyi nəsil formalaşdırmaqdır. Prezident İlham Əliyevin sərnəcamları ilə təsdiq olunan dövlət proqramları gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsində əhəmiyyətli rol oynayır.
Dövlət başçısı tərəfindən gənclərə hər zaman diqqət və qayğı ilə yanaşılır. 2 fevral Azərbaycan Gəncləri günündə 2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı görülən işlərin davamıdır. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir neçə gəncə 2021-ci il Gənclər üçün Prezident mükafatları verilib. Gənclər Günündə belə bir Sərəncam dövlət-gənclər siyasətinin davamıdır. Gənclərə ayrılan daha bir diqqətdir ki, bu gün Göygöl şəhəri 2021-ci il üçün Azərbaycanın "Gənclər paytaxtı" elan edilib. Bu, 2 fevral -Azərbaycan Gənclər Günü münasibətilə keçirilən tədbirdə elan olunub. Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimində ölkənin 5 şəhəri - Göygöl, Xaçmaz, Mingəçevir, Sabirabad, Tovuz arasında püşkatma keçirilib. Püşkatmanın nəticəsinə əsasən Göygöl şəhəri 2021-ci il üçün Azərbaycanın "Gənclər paytaxtı" elan edilib. 2012-ci ildən başlayaraq hər il paytaxt Bakı şəhəri istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri "Gənclər paytaxtı" elan olunur. Bu günədək Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı şəhər və rayonları Azərbaycanın "Gənclər paytaxtı" seçilib.
Məlumat üçün bildirək ki, "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində, həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Bu gənclərə göstərilən diqqət, qayğı və etimadın bariz nümunəsidir. Göygöl şəhərində cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilən, ictimai həyatımızda öz fəallıqları ilə tanınan gənclərimiz çoxdur. Bu, bütövlükdə, Azərbaycan dövlətinin gənclərin ictimai-siyasi fəallıqlarına, müxtəlif sahələrdə qazandıqları əhəmiyyətli uğurlara verdiyi yüksək qiymətdir. Azərbaycan gəncləri bundan sonra da gördüyü işlərlə, qazandığı yeni-yeni nailiyyətlərlə ölkəmizin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcəklər.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB