Mərdliyi və cəsarəti ilə seçilən igidimiz - Niyamin Niftalızadə

Mərdliyi və cəsarəti ilə seçilən igidimiz - Niyamin Niftalızadə

Komandir müavini: "Əgər Niyamin Niftalızadə şəxsi şücaəti, hünəri olmasa idi çoxsaylı şəhidimiz ola bilərdi"

Bu gün kimə sual etsən və ya soruşsan ki, "şəhidlik" nə deməkdir, birmənalı şəkildə cavab veriləcək ki, "şəhidlik ölməzlik" deməkdir, "əbədi yaşam" deməkdir. Müqəddəs kitabımız olan Qurani Kərimdə buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. 44 günlük Vətən Müharibəsi zamanı vətən oğulları düşmənin başını əzməklə müstəqil Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi yazdılar. Tarix yazan və haqq savaşında şəhidlik zirvəsinə yüksələnlərdən biri də, hər yerdə, hər ailədə adı böyük fərəhlə çəkilən Niyamin Xaliq oğlu Niftalızadədir.

N.Niftalızadə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında göstərdiyi qəhrəmanlğına görə "Vətən uğurunda" və "Cəbrayıl rayonunun işğaldan azad edilməsi" medalı ilə təltif olunub. Niftalızadə Niyamin Xaliq oğlu Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonun Nursu kəndində anadan olub. Hələ məktəb illərində fəallığı, istedadı, bilik və bacarığı ilə seçilən, fərqlənən Niyamin həmişə Vətən, xalq, Azərbaycan haqqında şeirlər əzbərləyirdi.

Dostlarına, tanışlarına əldə etdiyi tarixi məlumatlar əsasında ermənilərin Qafqaza gələmə olmalarından, azərbaycanlılara, türklərə qarşı törətdikləri soyqırım aktlarından, terror əməllərindən danışardı. Deyərdi ki, bu bölgədə sülhün, əmin-amanlığın təmin olunması üçün erməni toplumunu sözlə, çağırışla deyil, dəmir yumuruqla başa salıb, zərərsizləşdirmək lazımdır. Bu da onda Vətənə, doğma torpağa bağlılıqdan irəli gəlirdi. Vətən Müharibəsi başlayan zaman hər zaman ürəyi Qarabağla döyünən N.Niftalızadə dayana bilmədi, cəbhəyə getmək və düşmənə layiq olduğu cəhənnəmi yaşatmağa qərar verdi.

Bakının Xətai rayonunda yaşayan N.Niftalızadə hərbi komissarlığa gedib, Qarabağa getmək istəyində olduğunu bildirir. Lakin hərbi komissarlıqdan müsbət cavab almır, deyirlər ki, hələ ki, sizlərə ehtiyac yoxdur. Ancaq N.Niftalızadə israr edir və bir neçə gün get-gəldən sonra, onu könüllülərin sırasına qəbul edib, hərbi təlimlərə göndərirlər. N.Niftalızadə döyüşə atıldığı ilk andan düşməni lərzəyə salan qəhrəmanlığı ilə seçilir. Dəfələrlə öz həyatını təhlükəyə atmaqla döyüş yoldaşlarına kömək edib. Şəxsi qəhrəmanlığı nəticəsində 50-yə yaxın erməni terrorçusunu məhv edib, 5 tankını sıradan şıxarıb. Oktyabrın 7-də Cəbrayıl rayonunun Musabəyli kəndi yaxınlığında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlir.

Döyüş yoldaşları Niyamin Niftalızadənin torpaqlarımızın yağı düşməndən azad edilməsində göstərdiyi şücaətindən, qəhrəmanlığından böyük fərəh və qürur hissi ilə danışırlar. Bölük komandirinin müavini Vətənimizin müdafiəsi yolunda canından keçmiş Niyaminin qəhrəmanlığının hər bir gəncimizə örnək olduğunu bildirir: "Cəbrayıl istiqamətində uğurlu hərbi əməliyyatdan sonra şəxsi heyət qısamüddətli istirahət edirdi. Bu zaman qarşı tərəfdən 8-9 tank göründü. Onların üzərində Azərbaycan bayrağı dalğalanırdı. Həm də tankın üzərində oturan erməni əsgəri, bizi Azərbaycan dilində salamladı və kef-əhvalımızı soruşdu. Ancaq yaramaz xislətlərini tam şəkildə gizlətməyin mümkün olmayacağını başa düşüb, bizə atəş açdılar. İrəli atılan bölüyümüzün mərd, qorxmaz oğullarından olan N.Niftalızadə qumbara atanla məkrli düşmənin bir tankını məhv etdi, ikincini də sərrast ətəşlə sıradan çıxardı. Düşmən tamamilə məhv ediləcəyini anladığından geri dönüb qaçdı". Komandir müavininin sözlərinə görə, əgər o zaman N.Niftalızadənin şəxsi şücaəti, hünəri olmasa idi çoxsaylı şəhidimiz ola bilərdi.

Söz yox ki, N.Niftalızadə kimi şirin canını Vətən uğrunda qurban verən şəhidlərimiz heç zaman unudulmayacaqlar. Onlar qəlblərdə, ürəklərdə əbədi olaraq yaşayacaqlar. Hər bir uşaq, yetişməkdə olan gənc nəsil N.Niftalızadə kimi qəhrəman, cəsur, hünərli olmağa çalışacaq. Gələcək nəsillər onların adını fərəhlə çəkib, haqlarında şeirlər qoşacaq, nəğmələr səsləndirəcək, əsərlər yazacaqlar. Bir sözlə, onlar cismən haqq dünyasında olsalar da, ruhən hər zaman bizimlə olacaqlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə də şəfa versin.

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə