Gənclər gələcəyimizə əmanətdir!

Gənclər gələcəyimizə əmanətdir!

Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Hətta, dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində ulu öndər sağlam düşüncəli gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xüsusi əhəmiyyət verirdi.

Heydər Əliyev nitqlərinin birində bu haqda demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük qürur hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. Ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi qısa müddətdə dövlət gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək uğurla həyata keçirməyə başlamışdır.

O vaxtdan dövlət gənclər siyasətinin işlənib hazırlanması və həyata keçirilməsi istiqamətində əməli işlər görülmüşdür. Ümummilli liderin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüsdən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilmişdir. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli nitqlərində gənclərin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, gənc nəslin hərtərəfli inkişafı, problemlərinin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təşkilatların qarşısında mühüm vəzifə kimi qoyulmuşdur. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan vermişdir.Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri günü elan etmişdir.

Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.Tarixdə böyük şəxsiyyətlərin əksəriyyəti gəncliyə xitab etmişdir. II Forumda gənclərə müraciət edən ümummilli liderimiz demişdir: “Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!”.Ulu öndərin gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd və istiqamətlərini, təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir. Bütün bunlar ulu öndər Heydər Əliyevin gənclərə böyük qayğısının sübutu idi. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin gələcək inkişafında bir qədər dərin izlər buraxıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Prezident İlham Əliyev ümummilli liderin gənclər siyasətinə sadiqliyini qəbul etdiyi bütün qərarları ilə sübuta yetirmişdir. Dövlətimizin başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını təsdiq etmişdir. Dövlət quruculuğunda gənclərin iştirakına şərait yaradılması, gənclərin mənəvi inkişafı, onların vətənpərvərlik ruhunda tərbiyəsi, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan yüksək şərait böyük diqqət və qayğının nəticəsidir.

Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin “Gənclər ili” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm verilməsinin növbəti sübutudur. Həmin Sərəncam gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülmüş, uşaq və gənclər qeyri-hökumət təşkilatlarının yaradılması, onların fəaliyyətlərinin təşkili üçün sağlam mühit formalaşdırılmış və hüquqi baza təkmilləşdirilmişdir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir. "Bədən tərbiyəsi və idman haqqında", "Gənclər siyasəti haqqında" qanunlar, habelə "Gənc ailə" proqramı, "Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi haqqında", "İstedadlı yeniyetmələrin və yaradıcı gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəlmiş, onların öz qabiliyyətlərini inkişaf etdirmələrinə kömək edən Dövlət Proqramı", "Ordudan tərxis olunmuş gənclərin məşğulluğu" Dövlət Proqramı da bu qəbildəndir.

Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı, postneft dövrünün başlanması Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Prezident İlham Əliyev gənclərimizin dini ekstremizm, separatizm, beynəlxalq terrorizm kimi təhlükəli, zərərli təsirin altına düşməsinin qarşısını alan yeni iş metodlarının tətbiqi zərurəti ilə əlaqədar 2017-ci il sentyabrın 15-də “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunmasına dair Sərəncam imzalayıb. Gənclərlə bağlı bütün məsələlərin geniş əhatə olunduğu bu mühüm sənədin məqsədi Azərbaycanda gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, gənc nəslin sağlamlığını qorumaq, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti artırmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək, ölkədə könüllülük hərəkatını inkişaf etdirməkdir.

Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir. Azərbaycanın müxtəlif bölgələrində olimpiya-idman komplekslərinin açılması, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsi, idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında və digər mötəbər turnirlərdə uğurlu çıxışları buna əyani sübutdur.

Prezident İlham Əliyevin davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlmişdir. Fondun elmin, təhsilin dinamik inkişafı, gənc nəslin təlim-tərbiyəsinin yüksək səviyyədə qurulması, yeniyetmələrin sabahın layiqli vətəndaşları kimi yetişməsi istiqamətində məqsədyönlü tədbirləri, ilk növbədə vətənpərvərlikdən irəli gəlir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir.

Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillə bağlayır. Bunu nəzərə alaraq, sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli yüksək potensiallı kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər əbədiyyən yaşayır. Ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir”. Ulu öndər Heydər Əliyevin bu fikri indi də aktual səslənir və gəncləri Azərbaycanın sabahı naminə səfərbər edir.Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi biz gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır. Bu, böyük xoşbəxtlikdir ki, biz gənclər müstəqillik dövründə formalaşırıq. Əvvəlki dövrü nəzərə alaraq, vaxtilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər olmuş və azadlıqlar yox idi. Sərbəst fikir söyləmək, başqa cür düşünmək, fərqli dünyagörüşünə malik olmaq kimi hər bir insan üçün təbii olan imkanlar mövcud deyildi. Bu gün müstəqil ölkədə yaşayıb fəaliyyət göstərməyimiz biz gənclər üçün ən böyük xoşbəxtlikdir. Eyni zamanda, müstəqil, azad, demokratik dövlətə xas olan bütün amillər Azərbaycanda mövcuddur.

Bu gün ulu öndərimiz Heydər Əliyevin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşıb. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaqdır. Bu yolda gənclərimizin ən böyük dəstəkçisi məhz Azərbaycan Prezidenti İlham Əliyevdir. Dövlətimizin başçısının “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”, - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə Prezidentə məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan biz gənclər bütöv və müstəqil Azərbaycan naminə birlik olmalı, bütün güclərimizi toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində bizə arxalanan ölkə Prezidentimiz İlham Əliyevin etimadını həmişə doğrultmalıyıq. Özünü gənc hesab edən hər kəsi təbrik edirəm…

Kəmalə ABBASOVA,

Hüquqşünas, Sosial işçi, Təlimçi

Bütün xəbərlər Facebook səhifəmizdə