Sosial şəbəkələr ailələrdə hansı problemlər yaradır? - ARAŞDIRMA

Ekspertlər: “Sosial şəbəkədən düzgün istifadə etməmək nəticəsində ailələrdə boşanmalar, hətta cinayət faktları baş verir”

Bu gün sosial şəbəkələr cəmiyyətdə əsas mövzuların ictimai müzakirə platformalarıdır. Hamıya məlumdur ki, həyatımızın demək olar çox hissəsi internetlə bağlıdır. İnternet müasir dövrdə insanların əsas xəbər, əlaqə, əyləncə mənbəyidir. Əgər əvvəllər dünyanın başqa yerlərində baş verən hadisələrdən xəbərsiz qalırdıqsa, yaxud da gec informasiya alırdıqsa, indi hadisələr barədə dərhal məlumatımız olur. Üstəlik, burada müxtəlif məsələlərlə bağlı müzakirələr aparılır, şəxsi əlaqə saxlamaq imkanları var. Lakin bunun müsbət tərəfləri ilə bağlı mənfi tərəfləri də var ki, bu yazıda onlardan birinə toxunacağıq.

Sosial, yoxsa, asosial şəbəkə?

Sosial şəbəkənin yaranması ötən əsrin 90-cı illərinə təsadüf edir və bu termin ilk dəfə elmi leksikona ingilis sosioloq Barns tərəfindən daxil edilib. Keçən 3 onillikdə sosial şəbəkələr internetin əsas elementinə çevrilib. Artıq insanlar vaxtlarının böyük hissəsini burada keçirir. Nəticədə, real ünsiyyət məhdudlaşır, daha çox virtual həyat forması oryaya çıxır. Sosial şəbəkələrin fiziki və sosial həyatımıza zərərlərini bildiyimiz təqdirdə də yenə istifadəni məhdudlaşdırmırıq.

ABŞ-da keçirilmiş illik NCA konfransında fərdi xüsusiyyətə malik, özləri haqqında yüksək fikirləri olmayan insanların sosial şəbəkələrə daha meyilli olduqları və pis yaddaşa malik olduqları müəyyən edilib. Üstəlik, belə insanlar sosial şəbəkələrdə olduqlarından fərqli görünməyə çalışır və bu da şəxsiyyətin ikiləşməsi və sair bu kimi psixi problemlər yaradır.

Son vaxtlar sosial şəbəkələrin ailə dəyərlərinə təsiri kəskin artıb. İndi ailə üzvləri real ünsiyyətdənsə hərəsi bir smartfona sarılaraq virtual dünyada yaşamağa üstünlük verir. Sosial şəbəkələrin ilk növbədə uşaqlara ziyanı dəyir. Valideynlərin çoxu uşaqlarına yıracaq vaxtı sosial şəbəkələrə ayırır ki, bu da uşağın qayğısından kənar böyüməsinə gətirib çıxarır. Bir çox valideynlər isə uşağın da əlinə bir smartfon alıb verir ki, ondan əl çəksin.

Son dövrlərdə sosial şəbəkələrə aludə olanların həyat yoldaşına laqeyd münasibət və aldatma halları artmaqda davam edir. Nəticədə ailələrdə narazlıqlar artır, bəzi hallarda bu boşanma, hətta cinayət faktına gətirib çıxarır. Mütəxəsisslər hesab edirlər ki, sosial şəbəkə adamları asosiallaşdırır.

“Sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edib”

Sosioloq Əhməd Qəşəmoğlu sosial termin olan virtual xəyanətin son dövrlərdə geniş yayıldığını söyləyir və hesab edir: “Sosial şəbəkələrdə tanışlığın get-gedə sürətlə şəxsi münasibətlərə çevrilməsi sonna ailələrin dağılmasına, hətta cinayət faktlarına gətirib çıxarır. Azərbaycanda da bu hallarla tez- tez rastlaşırıq”.

Ekspertin sözlərinə görə sosial şəbəkələr Azərbaycan ailəsinə ciddi müdaxilə edib. İnternetdəki mənfi məlumatlar, insanların psixologiyasına zərər vurur. Bunun qarşısı yalnız maarifləndirmə yoluyla alınmalıdır. Azərbaycanda sosial şəbəkədən istifadə mədəniyyəti formalaşdırmalıyıq. Sosial şəbəkələrdə nəzarət sistemini yaratmaqla bunun qarşısının alına biləcəyini düşünürəm. Yəni, həddi keçəndə admindən istifadəçilərə xəbərdarlıq gəlsə, onda onlar internetdə artıq fəaliyyətlərə yol verməz və bu daha güclü təsir edər”.

“Virtual münasibətlər real boşanma ilə bitir”

Sağlam Cəmiyyət Hərəkatının ekserti, hüquqşünas Nübar İsmayılovanın sözlərinə görə, ailəsində problem olan, həyat yoldaşı ilə münasibətində anlaşılmazlıqlar yaşayan, virtual məkanda “vaxtını öldürən” kifayət qədər evli qadın var: “Bəlkə də ilk baxışda bütün qadınlar düşünürlər ki, mən özümü bilirəm, iradəmə hakiməm, yetkin insanam, kimsə məni “yoldan çıxara” bilməz. Buna şübhəmiz yoxdur, amma çox qadın etiraf edir ki, ona gələn səmimi mesajlara cavab yazmaya bilmir, yazır, yazır və beləcə münasibət yaranır”.

Evli kişilərin sosial şəbəkə macərasına gəlincə isə, hüquqşünas hesab edir ki, bu da problemin digər tərəfidir: “Bir çox kişi ordan maraq, tanışlıq və yeni münasibətlər qurmaq üçün istifadə edir. Düzdür, onların arasında sadəcə işgüzar əlaqələr, səmimi dostluq quranlar da az deyil, amma sosial şəbəkələrdə “qadın ovu”na çıxan kişilər daha çoxdur. Onun səmimi yazışmalarından xəbər tutan xanımı isə nəfəsini məhkəmədə dərir. Beləcə, sosial şəbəkələr bir çox ailələrin dağımasında roy oynayır”.

“Sosial şəbəkələrə görə qətl halları da baş verir”

Ekspert sosial şəbəkələrin insanlara təsirinin ikitərəfli xarakter daşıdığını deyir: “Bu vasitə ilə hətta indi evlənmə də aktualdır. Günümüzdə sosial şəbəkələr vasitəsilə tanış olub ailə quranlar da az deyil. Digər bir tərəfi isə ailədə boş yerə qısqanclıqlar yaratmasıdır. Hətta, bundan başqa formada istifadə edənlər də çoxdur. Statistikaya görə isə, sosial şəbəkələrin səbəb olduğu boşanmalara çox az halda rast gəlinir. Bu da atalıq, analıq hüququnun məhdudlaşdırılması ilə bağlı olur.

Hər nə qədər gizli qalsa da, sosal şəbəkələr ucbatından bizim ölkəmizdə də ailələr dağılır. Düzdür, çoxları heç bilmir ki, bu ailə nə səbəbdən dağıldı, çünki məhkəmə onları “yola getməmək”, “davamlı mübahisə” kimi səbəblərlə boşayır. Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: “qadın və ya kişi davamlı olaraq sosial şəbəkədə, messencerdə olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar veriblər”.

Hüquqşünas qeyd etdi ki, sosial şəbəkələrə görə həyat yoldaşının qətlə yetirilməsi kimi cinayət halları da baş verir. Burda bəzi hüquqi problemlər meydana çıxır. Əksər hakimlər yazışmanı və səs yazısını sübut kimi qəbul etmir. Yalnız ekspertizada təsdiqləndikdən sonra səs və yazışmaların həmin adama aid olub-olmadığı qəbul edilir”.

Evdən qaçan qızlar internetin qurbanıdır?

İndi qəzet və saytlarda, bəzən televiziyalarda internetdə tanış olduğu oğlanla qaçan yeniyetmə qızlar barədə olduqca çox məlumat olur. Yaşlı nəsil qətiyyətlə əmindir- internet yeniyetmələri yoldan çıxarır! Gənc nəsil isə internetin bu məsələdə günahsız olduğunu deyir. Məsələ burasındadır ki, gənc nəsil evdən qaçmaq istəyən yeniyetmənin internetsiz də bir yol tapa biləcəyinə əmindir.

Pedaqoq İbrahim Cəfərov deyir ki, gənclərin internetdə tanış olub evlənmək istəyi əksər hallarda arzu olaraq qalır: “Çünki valideynlər bu cür tanışlığa və evliliyə razı olmurlar. Onlar adət etməyiblər ki, hansısa bir qurğu vasitəsi ilə kiminləsə yazışasan, tanış olasan, sonra da onunla sevgi münasibətin olsun. Çünki yaşlı nəsil real ünsiyyət formasına üstünlük verir və haqsız da deyillər. Virtual məkandakı söhbətin real və ya yalan olmasını, tərəf-müqabilinin xarakterinin necə olduğunu aydın etmək olmur. Aldanmaq təhlükəsi çoxdur. Lakin internetdə tanış olub sonra evlənən xoşbəxt ailələr də var. Demək hər şey insanların özündən asılıdır, ağıllı yanaşma ilə hər şeyin mənfi yox, müsbət tərəflərindən istifadə etmək olar”.

İnternet bıçaq kimidir...

Sosial şəbəkədə yayılan məlumatlar ailədə, gənclər arasında münaqişələrə səbəb olacaq formada təsirini göstərir. Bəzi ölkələrdə internetdə zərərli məlumatların yayılmasının qarşısını alan xüsusi filtr proqramı tətbiq olunur. Həmin filtr proqramı çərçivəsində internetdə insan alverinin, alkoqollu içkilərin, narkotik reklamların və bu istiqamətdə digər mənfi halların yayılmasının qarşısı alınır. Azərbaycanda da buna ehtiyac var.

Azərbaycanda sosial şəbəkədən istifadə hələlik az hallarda boşanmaya səbəb olur. Lakin bu tendensiya getdikcə artır. Bəzən vətəndaşların çoxunun bunu gizlətməsinə baxmayaraq ölkəmizdə boşanmaların əsas səbəbi xəyanət faktıdır. İkincisi, narkotikdən, alkoqoldan istifadə, sonsuzluq, məişət zorakılığı və digər hallardır.

Yəni, sosial şəbəkələr ailələrə, fərdlərə müxtəlif formada təsir göstərir. Bəziləri sosial şəbəkənin xeyrini görür, çünki informasiya təlabatını ödəyir, intellekti, dünyagörüşü gücləndirir, biliyi təkmilləşdirir, yeni tanışlıqlar yaradır. Bəziləri isə zərərini görür, virtual aləmin köləsinə çevrilir, sosial şəbəkələrdə “yaşayır”, psixologiyasına, səhhətinə zərərli vərdişlər qazanır. Amma ümumən sosial şəbəkələr bizə çox şey verir, münasibətlərimiz genişlənir, yoldaşlığımız sərhəd tanımır. Onun sayəsində fəaliyyətimiz genişlənir, fikirlərimizi daha geniş auditoriyaya çatdıra bilirik. Əsas olan odur ki, sən bu imkanı hansı yöndə istifadə etməyə meyillisən. Yəni, mütləq yaxşı, mütləq pis olan yoxdur, hər şeyin öz funksiyası, təyinatı var.

O ki qaldı ailələrə təsir məsələsinə, bu, real ünsiyyət vərdişlərinin azalmasına səbəb olur. Biz əvvəl sosiallaşmaq üçün canlı ünsiyyətdə olurduq, qohumla, qonşuyla münasibət yaradırdıq, indi sosial şəbəkədən hal-əhval tuturuq. Ər arvadına sözünü bu otaqdan o birinə keçib demir, şəbəkədən yazır. Bu isə artıq real ünsiyyəti məhdudlaşdırır. Hər şeydən normal istifadə etsək, problem də yaranmaz.

Ümumiyyətlə, məşhur misalda deyildiyi kimi, bıçaqla çörək də doğramaq olar, adam da öldürmək. İnternetdən, sosial şəbəkələrdən istifadə də beləcədir- gənclərin öhdəsinə bu məsələdə çox şey düşür.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə