Memarlıq və İnşaat Universitetində “Mədəni irs” seminarı keçirilib

Memarlıq və İnşaat Universitetində “Mədəni irs” seminarı keçirilib

Memarlıq və İnşaat Universitetində "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin "Mədəni irs" silsiləsindən növbəti seminarı keçirilib. SİA-nın xəbərinə görə, "Miras" İctimai Birliyinin şöbə müdiri Cəfər Mənsimi seminarın Beynəlxalq Muzeylər Gününə həsr olunduğunu bildirib.

Tədbiri giriş sözü ilə "Miras" İctimai Birliyi sədrinin müavini Arzu Soltan açaraq Beynəlxalq Muzeylər Gününün Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən mayın 18-də qeyd edildiyini bildirib: "Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir".


Sonra "Milli Azərbaycan Tarixi Muzeyi və mədəni irs abidələrimiz" mövzusunda məruzə ilə çıxış edən AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Gülzadə Abdulova muzeyin bu günə kimi keçdiyi fəaliyyət yolundan söz açıb, tədbir iştirakçılarını muzeylərə laqeyd münasibət bəsləməməyə çağırıb: "Bu gün fəxr edə bilərik ki, muzeylərimiz maddi və mənəvi materialları özündə cəmləşdirərək layiqincə qoruyur və nümayiş etdirir".


Tədbirdə AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix elmləri namizədi Fariz Xəlilli "Azərbaycan muzeylərində arxeoloji materialların mühafizəsi və təbliği" mövzusunda məruzə ilə çıxış edib. Respublikanın rayonlarında fəaliyyət göstərən tarix diyarşünaslıq muzeylərinin fəaliyyəti haqda ətraflı məlumat verən F.Xəlilli mədəniyyət abidələrimizə ictimai münasibətin yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib. O, bu sahədə hələ də bir sıra problemlərin mövcud olduğunu da nəzərə çatdırıb.

Sonda "MİRAS" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin istehsalı olan "Ağsu şəhəri orta əsrlərdə" 3D filmi nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə