30 yanvar gömrük işçilərinin peşə bayramıdir

30 yanvar gömrük işçilərinin peşə bayramıdir

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil gömrük sisteminin də əsası qoyuldu. Gömrük dövlət xəzinəsini gəlirlə təmin edən ən mühüm dövlət atributlarından biri, həm də ölkəyə qeyri-qanuni yolla müxtəlif malların gətirilməsinin, habelə ölkənin ən mühüm strateji sərvətlərinin aparılmasının qarşısını alır. Əlbəttə ki, hər bir ölkənin dövlətçiliyi sərhəddən başlayır.

Azərbaycan öz suverenliyini bərpa etdikdən sonra 1992-ci il yanvarın 30-da Azərbaycan Respublikası Gömrük Komitəsi yaradıldı. Lakin ölkədə yaranmış gərgin siyasi vəziyyət gömrük xidmətinin fəaliyyətinə də öz təsirini göstərirdi. Qeyri-peşəkar kadrlar, sovetlərdən qalma gömrük qanunvericiliyi, köhnə inzibati binalar, ən sadə texniki vasitələri belə olmayan keçid məntəqələri o dövrün real mənzərəsi idi.
Belə bir şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 24 fevral 1992-ci il tarixli qərarı ilə Naxçıvan MR Gömrük Komitəsinin yaradıldı və beləliklə, əsl milli gömrük xidmətinin formalaşdırılması istiqamətində mühüm addım atıldı.

1993-cü ildə xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə gələn Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin əsasını qoydu. Yeni tarixi şərait, ölkəyə investisiya təyinatlı malların idxalının artımı xarici iqtisadi fəaliyyəti tənzimləyə biləcək çevik gömrük siyasətinin həyata keçirilməsini, bazar iqtisadiyyatına keçid dövründə sahibkarlığa sağlam rəqabət şəraitinin yaradılmasını tələb edirdi. Ulu Öndər Heydər Əliyev deyirdi: "Biz elə bir gömrük orqanı yaratmalıyıq ki, o, xarici- iqtisadi əlaqələrimizdə öz yerini tutsun, iqtisadiyyatımızın inkişafına xidmət etsin, bütün hallarda müstəqil Azərbaycanın nüfuzunun yüksəldilməsinə öz töhfəsini versin".

Ulu Öndər Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildən etibarən 30 yanvar tarixinin gömrükçülərin peşə bayramı günü kimi qeyd edilməsi Ulu Öndərin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək qiymətin, diqqət və qayğının bariz təzahürü idi. Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.

Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi son illər xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmiş, dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasında mühüm rol oynayır. Gömrük siyasəti xarici əlaqələrdə öz əksini taparaq iqtisadiyyatın möhkəmlənməsinə və genişlənməsinə xidmət edir. Dünyanın inkişaf etmiş ölkələrin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan gömrük sisteminin uğurlu gələcəyindən xəbər verir. 1996-cı ildə Avropa Birliyi və ona üzv olan dövlətlərlə Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Elə həmin ildə ölkəmiz "BYD kitabçasının tətbiqi ilə Beynəlxalq Yükdaşımalar üzrə Gömrük Konvensiyasına, 2000-ci ilin may ayında "Malların Təsviri və Kodlaşdırılması üzrə harmonikləşdirilmiş Sistemə dair Beynəlxalq Konvensiya"ya, həmin ilin fevral ayında "Sərhədlərdə yüklərin nəzarətdən keçirilməsi şərtlərinin razılaşdırılması haqqında" Beynəlxalq Konvensiyaya, 2002-ci ilin fevral ayında "Gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatların aparılması və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında Beynəlxalq Konvensiya"ya, 2003-cü ilin dekabr ayında isə "Gömrük prosedurlarının sadələşdirilməsi və harmonizə edilməsi haqqında Beynəlxalq Konvensiya"ya qoşulmuşdur. Həmçinin, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası, İNTERPOL, Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat (GUAM), Beynəlxalq Yol İttifaqı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), BMT-nin Mərkəzi Asiya və neçə-neçə belə beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq DGK-nın fəaliyyət dairəsinin genişliyini təsdiqləyir.

2000-ci ildə Dövlət Gömrük Komitəsinin Mərkəzi Laboratoriyasının, 2003-cü ildə isə Bakıda Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin və DGK-nın dünya standartlarına cavab verən Kinoloji Xidmət Mərkəzinin açılış mərasimləri həyata keçirilmişdir. 2006-cı ildə Dövlət Gömrük Komitəsində İnformasiya-Sorğu Mərkəzi və müasir Server Xidməti istifadəyə verilmiş, 2011-ci ildə isə ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin açılış mərasimi həyata keçirilmişdir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Onun diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından birinə çevrilmiş gömrük xidməti Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf yolundadır. Son dövr Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə