Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş açıq dərs keçirilib

Yanvarın 26-da “Zoom” platforması üzərindən Dünya Ekoloji Təhsil Gününə həsr olunmuş açıq dərs keçirilib. SİA xəbər verir ki, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə Dünya Ekoloji Təhsil Gününün ətraf mühit problemlərinin ictimaiyyətə çatdırılması, gələcəkdə baş verə biləcək fəsadların qarşısının alınması üçün bir çağırış olduğunu bildirib. O ekoloji maarifləndirmə və təbliğat işlərinin ətraf mühitin qorunmasında vacib rol oynadığını qeyd edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova ekoloji təhsilin daha geniş kütləyə çatdırılması, ekoloji mədəniyyətin formalaşdırılması, ətraf mühitin mühafizəsində ictimaiyyətin rolunu artırmaq üçün tədbirlər görüldüyünü və çağırışlar edildiyini bildirib.

S.Məmmədova ölkəmizdə meşələrin, yaşıllıqların mühafizəsi, bərk tullantıların idarə olunması sahəsində, plastik və polietilen tullantılarla mübarizədə görülən işlər barəsində məlumat verib və qəbul olunan dövlət proqramlarından danışıb. O, “Təbiəti dəyişmə, özünü dəyiş” mövzusunda təqdimat edib və plastik tullantıların ətraf mühitə zərəri, onunla mübarizə üsulları barədə məlumat verib.

Ölkəmizdə fəaliyyət göstərən bir neçə milli parkın nümayəndəsi bildirib ki, milli parklara gələn turistlər təbiətin füsunkar gözəlliklərindən zövq almaqla yanaşı, maarifləndirilirlər. Həmçinin milli parklarda müxtəlif ekoloji tədbirlər və məktəblilər üçün açıq dərslər keçirilir. Onlar təbiətə sevginin, ekoloji tərbiyənin kiçik yaşlarda formalaşdırılmasının əhəmiyyətindən bəhs edib, hər kəsi ətraf mühitin qorunmasında birlik nümayiş etdirməyə səsləyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə