SOCAR-ın adından istifadə edən dələduzlara aldanmayın

Yanvarın 25-də SOCAR TOWER-də Quba rayonunun Təngəaltı kənd sakini, 1985-ci il təvəllüdlü Mövlanov Ehtiram Adil oğlu və onun qohumu ilə onların müraciəti əsasında görüş keçirilmişdir. SİA xəbər verir ki, onlar görüş zamanı bildirmişlər ki, son bir il ərzində SOCAR-ın adından istifadə edən bir qrup şəxs tərəfindən müxtəlif yollarla (“pandemiya ilə bağlı evdə qalın- SOCAR bunun əvəzində sizə pul ödəyəcək” və ya “SOCAR istismarda olmuş avtomobilləri hərraca çıxarır, iştirak haqqı ödəmək lazımdır” və s. kimi bəhanələrlə) aldadılaraq külli miqdarda maliyyə vəsaitləri mənimsənilmişdir. Bir qrup dələduz SOCAR-ın nüfuzundan istifadə edərək hətta vətəndaşların etibarını qazanmaq və sonradan sui-stifadə etmək məqsədilə internetdə www.socar-ltd.com adlı sayt açaraq şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirmiş, vətəndaşlarla əlaqə zamanı bu sayta istinad etmişlər. Aparılan araşdırma zamanı internetdə axtarış verərkən belə bir saytın mövcud olduğu müəyyən edilmişdir.

Görüş zamanı vətəndaşlara qeyd olunan dələduz qrupun və saytın SOCAR-a heç bir aidiyyatının olmadığı bildirilmiş, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunmuşdur.

Bir daha ölkə vətəndaşlarına müraciət edərək bildiririk ki, SOCAR tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Son dövrdə bir neçə dəfə SOCAR adından vətəndaşların dələduzlar tərəfindən aldadılması hallarına rast gəlinmişdir. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyyə olunur

Bütün xəbərlər Facebook səhifəmizdə