Təzə Alvadı kəndinin şəhid övladı Sənan Səlimov

Sənan Nasif oğlu Səlimov 1 aprel 2001-ci il tarixdə Masallı rayonunun Təzə Alvadı kəndində anadan olmuşdur.

2007-2016-cı illərdə Təzə Alvadı kənd 2 nömrəli tam orta məktəbində 9-cu sinfə qədər təhsil alıb.
Sənan Səlimov 2019-il tarixdə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri Sənan Səlimov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşmüşdür. İgid döyüşçü oktyabrın 14-də Füzuli istiqamətində gedən döyüşlərdə düşmən gülləsinə tuş gəlib, şəhidlik zirvəsinə ucalıb. Masallı rayonu Təzə Alvadı kənd qəbiristanlığında dəfn edilib. Subay idi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən müharibəsinin şəhidi əsgər Sənan Nasif oğlu Səlimov ölümündən sonra «Füzulinin azad olunmasına görə» medalı ilə təltif edildi.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə