Minaaxtaran Cəbrayılda minaya düşüb

2021-ci il 22 yanvar tarixində saat 10:00 radələrində ANAMA-nın Təmizləmə Qrupunun minaaxtaranı, 26 oktyabr 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlu işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən erməni silahlı qüvvələri tərəfindən basdırılmış piyada əleyhinə minanın (PMN-Э) zərərsizləşdirilməsi zamanı mina partlayışı baş verib. Agentliyin Mətbuat Xidmətindən SİA-ya verilən məlumatda bildirilir ki, partlayış nəticəsində Sultanov Azər Əli oğlu üz nahiyəsindən xəsarət alıb.

Sultanov Azər Əli oğlu dərhal Füzuli rayon Diaqnostika Mərkəzinə çatdırılaraq cərrahiyyə əməliyyatına alınıb, hazırda vəziyyəti stabil ağırdır.

Bir daha bildiririk ki, qeyd olunan ərazilər işğaldan azad olunmuş torpaqlardır və təhlükəsizlik səbəbindən həmin ərazilərə xüsusi icazə olmadan vətəndaşların girişi qəti qadağandır.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə