Qarabağı qısa müddətdə bərpa edəcəyik

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tariximizə qızıl hərflərlə yazıldı. Hazırda qarşımızda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Cənab Prezident müharibədən sonra azad olunmuş ərazilərə şəxsən səfər edir, həmin torpaqlardan qarşıda duran vəzifələrlə bağlı öz mesajlarını verir.

Prezidentimiz İlham Əliyevin işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfərləri çərçivəsində bu istiqamətdə qarşıya qoyulan vəzifələr, eyni zamanda, səfərdən sonra həmin ərazilərdə bərpa işlərinin aparılması ilə bağlı imzalanan sənədlər də bu torpaqların qısa müddətdə cənnət məkana çevriləcəyindən, yeni regional inkişaf proqramlarının icrasına başlanacağından xəbər verir.

Bu günlərdə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın Azərbaycanın işğaldan azad edilmiş mədəniyyət paytaxtı Şuşa şəhərinə səfərləri də yeni həyatın başlanmasını təsdiqləyən bir sıra mühüm məqamlarla yadda qaldı.

Prezident İlham Əliyev Şuşaya qalib ordunun və dövlətin qalib sərkərdəsi kimi səfər etdi.

Dövlətimizin başçısı tərəfindən Şuşanın işğaldan azad edildiyi ilk gündən bu tarixi şəhərimizin dirçəldilməsi üçün əməli fəaliyyətə başlanıldı. Biz bunun Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyduğu, mədəniyyət paytaxtı Şuşa şəhərində olduğu zaman bir daha şahidi olduq. 1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi: 39 il sonra o, yenidən məhz həmin tarixdə Şuşaya qayıtdı.

Prezidentimizin 39 il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçməsi Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxdığını göstərir.

Şuşa səfəri zamanı dövlətimizin başçısı mühüm mesajlar verdi. Həm Ermənistan, həm də müvafiq beynəlxalq təşkilatlar bu mesajlardan nəticə çıxarmalıdır. Məlumdur ki, Ermənistan tərəfi münaqişənin həllini mümkün qədər uzatmağa çalışırdı. Məqsəd bu idi ki, yetişən gənc nəsillər bu problemi unudacaqlar. Amma torpaqlarımızı işğaldan azad edən məhz Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyevin idarəçiliyinin yetirmələri olan gənclərimiz oldu.

Qəhrəman Azərbaycan övladları mükəmməl hərbi əməliyyat keçirərək cəsarət, rəşadət, qəhrəmanlıq, güc, milli ruh nümayiş etdirərək Vətən sevgisi ilə torpaqlarımızı, o cümlədən Şuşanı işğalçılardan azad etdilər. Gənclərimizin məhz vətənpərvərlik ruhunda tərbiyə alması bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi. 17 ildir ki, Prezident İlham Əliyev Azərbaycanın rəhbəridir, bu illər ərzində Azərbaycanda yetişən vətənpərvər, milli ruhda tərbiyə almış gənc nəsil bu torpaqları azad etdilər. Düzdür, bütün nəsillərdən olan vətəndaşların bu Qələbədə böyük zəhməti, payı var. Ancaq əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Bu gün gənclərimiz Heydər Əliyev məktəbinin layiqli yetirməsi kimi ölkəmizin inkişafına öz töhfələrini verirlər. Vətənə, xalqa, dövlətə, torpağa sonsuz məhəbbət və sədaqət bizim yaddaşlarımıza məhz Ulu Öndər ideyaları ilə aşılanır.

30 il ərzində torpaqlarımızı işğal altında saxlayan düşmən quldurluq hərəkətləri törədib, həmin ərazilərdə daşı daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bu, erməni xislətinin mahiyyətini, vandallığını, vəhşiliyini göstərir. Bundan sonra Heydər Əliyev Fondu tərəfindən bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq. Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu isə mütləq yeni mədəni intibah gözləyir.Düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik.

Namiq Əhmədov,

YAP Xəzər rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə