Vaksinasiya ilə bu bəlaya son qoyulacaq - ŞƏRH ÖZƏL

"Ölkəmiz apardığı effektiv və keyfiyyətli qabaqlayıcı tədbirlər sayəsində pandemiyaya qarşı mübarizədə ön sıralarda yer aldı. Bu bütün dünyanın gözü qarşısında baş verdi. Bu gün də cənab Prezidentimizin tapşırığı ilə Azərbaycan vaksinasiya prosesinə ilk qoşulan ölkələrdəndir. Hesab edirəm ki, bu qlobal bəlaya ilk qalib gələn ölkələrdən biri də məhz Azərbaycan olacaq". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.

Deputatın sözlərinə görə, dünən etibarilə ölkəmizdə dünyada sınaqdan keçmiş yüksək keyfiyyətli və daha az riskli Çinin sinovac vaksininin peyvəndlənmə işlərinə artıq başlanılıb: "Əhalimizi peyvəndlənmə prosesində yaxından iştirak etməyə çağırıram. Peyvəndlənmə ilə dünyada bir çox ağır xəstəliklər aradan qaldırılıb. Bu, yeganə üsuldur ki, ağır pandemiyaya qarşı mübarizədə əsas rol oynayır. Buna görə də heç kim çəkinmədən, qulaqdandolma fikirlərə qapılmadan tez bir zamanda normal həyatımıza qayıtmaq üçün vaksinasiya olunmalıdır. Sosial media və digər onlayn platformalarda yayılan şaiyələrə qəti sürətdə inanmaq olmaz. Çinin ənənəvi "Sinovac" şirkətinin istehsal etdiyi vaksinlərin effektiv nəticəsi göz qabağındadır".

İ.Məmmədov vurğulayıb ki, möhtərəm cənab Prezidentin bu yaxınlarda etdiyi çıxışda bir əsas məqamı yada salmaq istəyirəm: "Dövlət başçısı bildirib ki, tezliklə ölkəmizdə vaksinasiya prosesləri başlayacaq və biz bu bəladan xilas olaraq öz normal həyatımıza qayıdacağıq. Ölkə rəhbərimiz həm aşkar, həm də gizli düşmənlə mübarizədə mübarizənin taktika və strategiyasını çox gözəl bilir. Aparılan araşdırmalar göstərir ki, vaksinasiya ilə bu bəlaya son qoyulacaq. Ona görə də fikrimcə, peyvəndlənməyə ürəklə qoşulmaq lazımdır. Mən hazırda Yevlax şəhərindəyəm və dəqiq deyə bilərəm ki, burada da vaksinasiya işlərinə yüksək şəkildə start verilib. Şəhər İcra Hakimiyyəti tərəfində operativ işçi qrupu yaradılıb, həmin işçi qrupunda təmsil olunan insanlar prosesin uğurla başa çatması üçün üstün səviyyədə təşkilatı işlərlə məşğuldur. Vaksinasiya prosesinin tam steril şəkildə həyata keçirilməsi üçün tam ciddi nəzarət var və əhalidə də məsələ ilə əlaqədar böyük ruh yüksəkliyi müşahidə olunur".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə