Niderlandda 20 Yanvar faciəsinə həsr olunmuş tədbirlər vebinar formatda təşkil ediləcək

Niderland Krallığında fəaliyyət göstərən Belçika-Niderland Azərbaycanlılarının Koordinasiya Şurasına üzv təşkilatların 2021-ci il üzrə fəaliyyət proqramının müzakirəsinə həsr olunmuş videotoplantısı keçirilib. SİA-nın xəbərinə görə, toplantını giriş sözü ilə açan Koordinasiya Şurasının əlaqələndiricisi, “Ana Vətən” Avropa Qadınlar Birliyinin rəhbəri Mayisə Ağamirzəyeva qurumun ötən ilki fəaliyyətini müsbət qiymətləndirib. 44 günlük Vətən müharibəsində fədakarlıq, yüksək birlik və həmrəylik nümayiş etdirdiklərinə, informasiya savaşında fəallıq göstərdiklərinə görə hər bir üzv təşkilata və soydaşlarımıza minnətdarlıq bildirilib. “Diaspor quruculuğu işində göstərdikləri fəallığa görə” medal və təşəkkürnamələr almış şəxsləri bir daha təbrik edən M.Ağamirzəyeva bildirib ki, bu, təltiflər təkcə fərdi şəxslərin deyil, Niderland Krallığında yaşayan bütün soydaşlarımızın əməyinə verilən yüksək dəyərdir.

Toplantıda “Hollandiya Azərbaycan Mədəniyyət Evi"nin rəhbəri Elxan Mirhəşimli, Koordinasiya Şurasının əlaqələndiricisi, Avropa Azərbaycanlıları Media Qrupunun rəhbəri Emil Əliyev, "Beynəlxalq Azərbaycanlı Xanımlar Klubu"nun rəhbəri Kəmalə Ceylinova çıxış ediblər. Natiqlər ötən il siyasi partiya üzvləri ilə görüşlər, yeni ildə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat veriblər. Xalqımızın başına gətirilən 20 Yanvar faciəsinin Avropa ictimaiyyətinin diqqətinə çatdırılması üçün bütün siyasi partiyalara bəyanatlar göndərilməsi və koronavirus pandemiyası şəraitində anım gününə həsr olunmuş tədbirlərin keçirilməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Toplantıda üzv təşkilatların illik tədbirlər planını Koordinasiya Şurasına təqdim etməsi və 20 Yanvar hadisələri ilə bağlı tədbirlərin onlayn formatda keçirilməsi barədə qərar qəbul edilib.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə