Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin qurbanları yad edilib - FOTOLAR

Yanvarın 18-də AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə 20 Yanvar, I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu qeyd edib: “Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxan xalqımızın igid övladları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun ağır hərbi texnikasının, təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq əsl fədailik göstərdilər. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Həmin gün yaddaşlara sovet kommunist rejiminin Azərbaycan xalqının milli azadlıq hərəkatını qan içində boğmaq üçün ölkəmizə qarşı hərbi təcavüz etdiyi, günahsız insanların qətlə yetirildiyi bir gün kimi həkk olundu. Əslində bu, öz azadlığı uğrunda mübarizəyə qalxmış xalqa qarşı siyasi və hərbi təcavüz idi. Bu hadisələrdə xalqımız bir daha sübut etdi ki, istiqlaliyyəti yolunda istənilən sınaqdan üzüağ çıxa bilər, Azərbaycan övladları öz həyatlarını müstəqillik uğrunda qurban verə bilərlər”.

Həmin hadisələrin müasir zamanda müstəqillik mübarizəmizin dönüş nöqtəsi olduğunu deyən G.Baxşəliyeva, qeyd edib ki, o dəhşətli günlərdə xalqımız bir yumruq kimi vahid bir ideya ətrafında birləşməyi bacardığını göstərdi.

G.Baxşəliyeva bu gün də xalqımızın bir yumruq kimi ölkə Prezidenti İlham Əliyevin ətrafənda birləşməsini və bu birliyin qüvvəsi ilə Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusunu məğlub edərək torpaqlarımızı azad etdiyini qeyd edib. Vətən müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda həyatından keçib şəhidlik zirvəsinə ucalan Vətən övladlarının şücaətindən danışan Gövhər xanım, xalqımızın Vətən yolunda canlarından keçən qəhrəman övladları ilə hər zaman fəxr etdiyini vurğulayıb.

Daha sonra İnstitutun əməkdaşlarından filologiya üzrə fəlsəfə doktoru Şəmsi Əhmədov, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı və başqaları çıxış edərək qanlı 20 Yanvar hadisələrindən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söyləyiblər. Çıxış edənlər Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidləri də xatırlayaraq, xalqımızın onları heç vaxt unutmayacağını deyiblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə