Ekspertlər intiharların səbəblərini və aradan qaldırılması yollarını necə görür?
Sevinc 19 yaşındadır, amma indiyədək 4 dəfə intihara cəhd edib. İki dəfə biləyindəki damarları kəsib, bir dəfə ürək çatışmazlığı olan böyük qardaşının həblərini çoxlu sayda qəbul edib, növbəti dəfə isə özünü metroda vaqonların altına atmağa cəhd edib. Dediyinə görə, intihar etmə səbəbləri müxtəlif olub. İlk dəfə damarını 14 yaşında kəsib- istədiyi məktəb çantasını anası ona almadığı üçün... İkinci dəfə də, elə həmin il dərsə hazır olmadığından bütün sinifin gözü qarşısında müəlliməsi tərəfindən təhqir edildiyinə görə biləyini doğrayıb. Üçüncü dəfə isə 16 yaşında "intihar sevdası"na düşüb; Gəncliyinin ilk çağında özünü bədbəxt hiss etməyə başlayanda bir şüşə ürək həbini birnəfəsə içib. Dördüncü cəhdi də uğursuz alınıb. Baxmayaraq ki, "hələ də bədbəxt olaraq qalıram" fikri onu metro qatarının altına atılmağa qədər aparıb. İndi psixoloji yardım alır, daha intihar etmək niyyətində olmadığını deyir: “Mən intiharı ölmək üçün etmirdim, sadəcə, o an içimdən bir səs mənə elə etməyi deyirdi”.
XXI əsr depressiya, nevroz və intiharlar əsridir?
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, son 50 ildə dünyada intihar yolu ilə ölüm halları 60 faiz artıb. Dünyada hər il təxminən 60 milyon insan intihara cəhd edir. Nəticədə, hər il 1 milyon insan həyatını itirir. Onlardan 63 faizi kişilər, 37 faizi isə qadınlardır.
Dünya ölkələri arasında ən çox intihar halları Amerika, Yaponiya, Şimali və Qərbi Avropa ölkələrində qeydə alınır. Lakin son vaxtlar digər ölkələrdə də intiharların sayı artmağa başlayıb.
İntihar, dünyada qeydə alınan ölüm halları arasında ilk 10-luqda yer alır. Eyni zamanda, gənclər arasında ölüm səbəbləri sırasında da 3-cü yerdə qərarlaşıb.
İntihar edənlər ən çox 15-29 yaş aralığında olan gənclərdir. İntihara cəhdin səbəbləri arasında ən çox psixoloji problemlər və depressiv vəziyyət üstünlük təşkil edir. Bundan əlavə, intihara səbəb olan problemlər arasında işsizlik, ailədaxili münaqişələr, fiziki problemlər, ünsiyyətsizlik, zərərli vərdişlərdən asılılıq, cinsi zorakılığa məruz qalma kimi səbəblər də var.
ÜST-ün 2018-ci il üzrə açıqladığı statistikasına baxsaq, Avropa ölkələri arasında əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı üzrə göstəricilər belədir; Litvada 42, Belçikada 20,7 Macarıstanda 19,1, Sloveniyada 18,6, Estoniyada 17,8, Fransada 17,7, İsveçrədə 17,2, Polşada 16,2, Finlandiyada 15,9 və s.
Azərbaycanda isə bu rəqəm son illərdə 5-6 nəfər təşkil edir ki, bu dünyada aşağı göstəricilərdən sayılır. Lakin ölkəmizdə belə halların sayı getdikcə artır.
Azərbaycanda intiharın sayı niyə çoxalır?
Dünyadakı intiharların 1 faizi ölkəmizin payına düşür. Son 30 ildə ölkəmizdə intiharların sayı xeyli artıb. Ən çox artım son 10 ildə olub. 2010-cu ildə intiharların sayı 300 nəfər civarında olduğu halda, 10 il sonra bu rəqəm 2 dəfə artraraq 600-ə çatıb.
Azərbaycanda intiharların sayı 2008-2019
|
2008 |
138 |
|
2009 |
165 |
|
2010 |
289 |
|
2011 |
414 |
|
2012 |
482 |
|
2013 |
436 |
|
2014 |
490 |
|
2015 |
499 |
|
2016 |
507 |
|
2017 |
498 |
|
2018 |
521 |
|
2019 |
585 |
2020-ci ilin birinci yarım ili ərzində isə 292 intihar hadisəsi qeydə alınıb. İlin yekun məlumatı olmasa da, bu rəqəmin 600 civarında olacağı ehtimal olunur.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkəmizdə kəndlərə nisbətən şəhərlərin, əsasən də Bakının intihar payı digər yerlərdən daha çoxdur. Bu da şəhər həyatının daha stresli, daha yorucu olması ilə bağlıdır.
Uşaqlar niyə intihar edir?
İntihar edənlər arasında uşaqların da olması vəziyyəti daha da kritikləşdirir. Uşaqların intiharına səbəb kimi spesifik problemlər- erkən nikah, məişət zorakılığı, təhsildən yayınma, valideynlərin boşanması, baxımsızlıq kimi hallar göstərilir, uşaq intiharının ən böyük səbəbi ailə münaqişələri hesab olunur.
“Sağlam Cəmiyyət” Hərəkatının eksperti Leyla İsmayılovanın fikrincə, depressiv vəziyyətlərin sonu intihardır: “Qızların intiharına ən çox erkən nikahlar və zorlanmalar təsir edir. Oğlan uşaqlarının intihar hallarında isə təhsil və digər sahələrdə uğursuzluğun olması təsir edir. Bundan başqa valideynləri və ətrafı ilə şəxsi münasibətlərinin normal olmaması səbəbindən intihar edən oğlan uşaqları da var. Azərbaycanda uşaq və yeniyetmə intiharına 17-19 yaş arasında olan oğlanlara daha çox rast gəlinir. Onların bəzisi dəfələrlə intihara cəhd edəndən sonra əməlini reallaşdıra bilənlərdir”.
Ekspert uşaq intiharlarında müasir texnologiyanın da mühüm rolu olduğunu deyir: “ABŞ-da bir neçə il ərzində aparılan tədqiqatlar göstərib ki, yeniyetmələr arasında son 10 ildə 13-18 yaş qrupu uşaqlar arasında intiharların sayı 30 faiz artıb. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, intiharların və depressiya hallarının artması smartfonların və sosial şəbəkələrin yayılması ilə sıx bağlıdır. Belə ki, gündə 5 saatdan çox vaxtını smartfonla və ya sosial şəbəkədə keçirən yeniyetmələr 1 saatdan az vaxt keçirən yeniyetmələrə nisbətən 71 faiz daha çox depressiyaya meyillidir”.
Onlar, əslində, ölmək istəmirlər
Psixoloq Aygün Həsənzadə deyir ki, intihara əl atanların əksəriyyəti, əslində, ölmək üçün intihar etmirlər: “Onları özünəqəsdə əl atmağa vadar edən özlərini bağışlatmağa nail olmaq, sevdirmək, mərhəmət etdirmək, qisas almaq, borcdan yaxa qurtarmaq kimi səbəblərdir. Axır illərdə dünya telekanallarında, lap elə qonşu ölkələrin mətbuatında rastlaşdığımız bir mənzərə də var, özünəqəsd hallarında ölümə səbəb olanlar bəzən, hansısa yüksəkliyə çıxmış intiharçıya tamaşa edənlərdir.
İntihar edən yüksəkliyə çıxandan sonra intihar etmək istəməsə də, ona tamaşa edən kütlə intiharçını intihara sürükləyə bilir. Özünə qəsd etmək istəməyən intiharçı sırf onların “özünü atmırsansa, niyə ora çıxmısan?”, “işimiz-gücümüz var”, “sən özünü atana oxşamırsan” kimi atmacalarından təsirlənib həyatına qıyır”.
A.Hüseynzadənin sözlərinə görə, intiharçının son məktubu da həmişə maraq kəsb edən nüans olur. Qadınlar daha çox səmimi etiraf, övladlarını kiməsə əmanət etdiyi barədə, kişilər isə borcları və ya üzr istədiyi barədə məktublar yazır.
O bildirir ki, depressiya intihar riskini çoxaldır, psixoloji sarsıntı yaşayan adam bu dövrdə əsla tək-tənha buraxılmamalıdır. Ona mütləq bir məşğuliyyət tapmaq lazımdır. Sosial şəbəkədə paylaşdığı məlumatlara, musiqilərə diqqət etmək vacibdir, dostları ilə sıx ünsiyyət qurmasını təmin etmək, ailədə verilən qərarlarda onun fikrini xüsusilə nəzərə almaq gərəkdir.
Maddi dəyərlər mənəvi dəyərləri üstələyərsə...
Mütəxəssislər intiharların bir səbəbini də cəmiyyətdəki gərginlik və buna rəvac verən maddi dəyərlərin önə çıxmasında görürlər. Sosioloq Əhməd Qəşəmoğlu hesab edir ki, əgər cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri sıxışdırıb önə keçirsə, çoxlu gərginliklər yaranır, xoşagəlməzliklər meydana çıxır. Belə cəmiyyətdə ilbəil əcaib hallar, təkcə intiharlar deyil, həm də boşanmalar, ailə üzvlərinin bir-birini öldürməsi, aldatmalar artır.
"Biz çalışmalıyıq ki, cəmiyyətimizdə insanlar bir-biri ilə maddi dəyərlərə görə yarışmasınlar. İnsanlar öz ümidlərini mənəvi dəyərlərdə tapsınlar. O ölkə, şəhər gözəl sayılır ki, insanlar bir-biri ilə mədəni davranışına görə yarışırlar. Əgər meşşanlıq artırsa, əşyabazlıq artırsa, belə hadisələr qaçılmazdır.
Bəziləri elə bilirlər ki, bu, insanlarda maddi çatışmazlıqlarla bağlıdır. Amma belə deyil. Çünki Sovet dövründə də maddi cəhətdən pis yaşayan insanlar olub. Amma bu qədər kriminal hallar olmayıb",- Ə.Qəşəmoğlu deyir.
Sosioloq hesab edir ki, maddi dəyərlərin önə keçməməsi üçün elmi əsaslarla fəaliyyət proqramları hazırlanmalıdır. Bunu ciddi alimlər hazırlamalıdırlar. Bununla bağlı qanunvericilik sistemində, hüquqi bazada, hökumətin humanitar siyasətində dəyişikliklər olmalıdır. Mənəvi dəyərləri üstün tutan insanlara diqqət artırılmalıdır, elmə, təhsilə diqqət ayrılmalıdır:
"Mənəvi dəyərlərin daşıyıcıları olan insanların özlərinin maddi vəziyyətləri o qədər də ürəkaçan deyil. Nəticədə, belə vəziyyət yaranır. Konkret olaraq mütəxəssislərin iştirakı ilə fəaliyyət proqramı hazırlanmalı və dövlət səviyyəsində həyata keçirilməlidir".
Özünüzü intihardan sığortalayın
İntihar, əslində, bir SOS siqnalıdır– bir növ, bu üsula əl atan adamın yardım istəmək üsuludur. Sərt iş rejimi, stress və qorxu altında keçən ömür, süni qidalanma və TV-lərin bu istiqamətdə “əvəzsiz fəaliyyəti” intihar hallarının artması üçün lazımı zəmin yaradır. Bir gün özünüz, övladınız və ya hansısa bir yaxınınız intiharçı olmasın deyə stressdən uzaq olun, onları da stressli həyata məhkum etməyin, çünki stress beyini narahat edən əsas faktordur, natural ərzaq məhsulları ilə qidalanın. Çünki geni dəyişdirilmiş qidalarla beyin hüceyrələri məhv olur, bu da mənfi fikirlərə tez təslim olmağa zəmin yaradır.
Televiziyada yalnız ruhu dincəldən verilişlərə baxmaq lazımdır, qanqaraldan cinayət verilişləri ilə auranızı mənfi enerjiyə təslim etməyin. Xəbər saytlarında, qəzetlərdə yer alan, efirlərdə göstərilən növbəti intihar edən şəxs olmamaq üçün…
Lalə Mehralı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB