"Medianın İnkişafı Agentliyi" mətbuatın inkişafına təkan oıacaq - ŞƏRH

"Medianın İnkişafı Agentliyi" mətbuatın inkişafına təkan oıacaq - ŞƏRH

Azərbaycan dövləti tərəfindən azad söz, azad mətbuat problemlərini həlli istiqamətində addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev bütün sahələrə olduğu kimi, milli mətbuatımıza da daim diqqət və qayğı göstərir. Respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqlarının möhkəmlənməsi prosesi sürətləndikcə, Azərbaycan dövləti söz və mətbuat azadlıqlarının qanunvericilik bazasının demokratikləşdirilməsi istiqamətində yeni-yeni addımlar atır. Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır. Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə Dövlət başcısının F\rmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradııb. Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin əsas vəzifələrinə müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək və s. daxiıdir. Agentıik medianın inkişafına maliyyə təminatı yaratmaq məqsədilə tədbirlər görəcək, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirəcəkdir. Media subyektlərinin xarici media subyektləri ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsinin stimullaşdırılması istiqamətində tədbirlər həyata keçirilməsi də öz əksini tapıb.

Əhalinin və ya müəyyən təbəqənin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş proqramları və materialları sifariş vermək və mediada yayımlanmasını təmin etmək də vəzifələri sırasına daxil edilib. Media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparılacaq, ictimai rəyin öyrənilməsini təşkil ediləcək, çap mediası məhsullarının abunə və satışının təşkilinə dəstək göstərilməsi istiqamətində tədbirlər həyata keciriləcəkdir.

Söz və mətbuat azadlıqlarının inkişafı respublikanın demokratikləşməsi prosesinin vacib amilidir

Təbii ki, Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması Ulu Öndər Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Azərbaycan müstəqilliyini qazandıqdan sonra yeni demokratik mətbuatımız azadlıq və müstəqillik dəyərlərinin təbliğatçısına çevrildi. 1993-cü ildən başlayaraq, KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində, gerçəkləşdi. Ulu Öndərin KİV-in maddi-texniki bazasının yeniləşdirilməsi və möhkəmləndirilməsi, sərbəst fəaliyyət üçün əlverişli şərait yaradılması ilə bağlı həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlər milli mətbuatımızın tarixinin mühüm faktlarıdır. Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə, bütövlükdə, KİV üzərində dövlət senzurasını ləğv etdi. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu Fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.

Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev söz və mətbuat azadlıqlarının inkişafını respublikanın demokratikləşməsi prosesinin vacib amili kimi dəyərləndirir. Dövlət başçısı İlham Əliyevin səyləri ilə qəzet-jurnalların maliyyə-təsərrüfat fəaliyyəti üçün əlverişli şərait yaradılıb, onların borcları ləğv edilib. Ölkəmizdə mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsinə bütün imkanların yaradılmasına tam şərait var. 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamların imzalanması jurnalistlərin əməyinə yüksək qiymətin təzahürü oldu. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləyib ki, ölkəmizdə mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır.

Dövlət başçısının 2009-cu il 3 aprel tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Sərəncamı da məhz konsepsiyada əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə yüksək qiymət verilir

Jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan vəsatin ayrılması da mətbuata yüksək diqqət və qayğının bariz təcəssümüdür. 2016-cı il iyulun 21-də dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrıldı. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə, Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrıldı. 2017-ci il iyulun 20-də isə Prezident İlham Əliyev jurnalistlər üçün tikilmiş ikinci binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak etdi, dövlətimizin başçısı, həmçinin üçüncü binanın təməlini qoydu. Həmin gün Azərbaycan Prezidentinin Sərəncamı ilə üçüncü binanın tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5 milyon manat ayrıldı. Dövlətimizin başçısının daha bir Sərəncamı ilə Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrıldı.

Dövlət başçısının Azərbaycan Respublikasında nəşr olunan qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi məqsədi ilə imzaladığı "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımının ayrılması haqqında" 22 iyul 2019-cu il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının növbəti bir nümunəsi idi. Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrıldı. Qeyd edək ki, dövlətimiz tərəfindən qəzetlərə ayrılan diqqət və qayğı sistemli və davalı xarakter daşıyır. "Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə maliyyə yardımının ayrılması haqqında" 16 iyul 2018-ci il tarixli Sərəncamı da dövlətimiz tərəfindən mətbuata ayrılan diqqətin və göstərilən qayğının bir nümunəsi idi. Məlum Sərəncamla Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 1,0 (bir) milyon manat ayrılmışdı.

Bütün bunlar, həm də təsdiqləyir ki, Azərbaycan hakimiyyəti bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir.

Göründüyü kimi, Azərbaycan dövləti azad söz, azad mətbuat problemlərini tam mənada həll etməyi qarşıya məqsəd qoyub və bu istiqamətdə zəruri addımlar atılır. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən, bütün sahələrdə olduğu kimi, milli mətbuat da diqqətdə saxlanılır, həssaslıqla yanaşılır. Bütün bunlar Azərbaycan Prezidentinin kütləvi informasiya vasitələrinə, jurnalist peşəsinə və əməyinə verdiyi yüksək qiymətin göstəriciləridir.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə