BMTM ekspertlərinin bölgədə baş vernlərə dair xarici mediada məqalələri dərc olunub
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Avropa İttifaqının nüfuzlu nəşri olan “Euractiv”-də “Cənubi Qafqaz Stabillik Paktı” adlı məqaləsi yayımlanıb (https://www.euractiv.com/section/azerbaijan/opinion/a-stability-pact-for-the-south-caucasus/). Məqalədə deyilir ki, Cənubi Qafqaz üçün Sabitlik və Əməkdaşlıq Paktı ilə bağlı1999-cu ildə Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən irəli sürülmüş ideyanın reallaşmasının qarşısındakı maneə aradan qaldırılıb. Müəllif xatırladır ki, belə bir pakt ATƏT-in İstanbul zirvəsində Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən irəli sürülmüş və Türkiyə Prezidenti Süleyman Dəmirəl, Ermənistan prezidenti Robert Köçəryan və Gürcüstan prezidenti Eduard Şevardnadze tərəfindən dəstəklənmişdi.
Müəllif bildirir ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı Azərbaycan ərazilərinin işğalına son qoydu və beləliklə keçmiş regional liderlərin bu sülh təşəbbüslərini reallaşdırmaq üçün bir fürsət pəncərəsi açdı: “Biz bölgədə yeni bir əməkdaşlıq platforması yaratmalıyıq ...”, deyən Azərbaycan Prezidenti İlham Əliyev 10 dekabr tarixində Bakıda həmkarı Prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi mətbuat konfransında mövcud əməkdaşlıq platformalarının (Türkiyə-Azərbaycan-Gürcüstan, Azərbaycan-Rusiya-İran, və Türkiyə-Rusiya-İran) vahid bir çərçivədə birləşdirilməsini təklif etdi. Prezident Ərdoğan da bu təşəbbüsü Rusiya Prezidenti Vladimir Putinin də dəstəklədiyini söyləyərək öz dəstəyini ifadə etdi”.
Vasif Hüseynov əlavə edir ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, rəsmi olaraq münaqişənin “həll edilmiş” kimi tanınması və Sovet İttifaqı dövründə olduğu kimi Ermənistanın dövlət sərhədlərini yenidən bərpa etməsinə dair razılığı, iki ölkənin uzun müddətdən sonra münaqişəni keçmişdə qoymaq, ticari, ictimai və diplomatik əlaqələri yenidən başlatmaq və bölgədə sülhə nail olmaq ümidlərini artırıb.
Həmçinin BMTM-in şöbə müdiri Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitorunun (Eurasia Daily Monitor) saytında “2020-ci ilə baxış: Azərbaycan pandemiya ilə üz-üzə və Qarabağda qələbə ilə nəticələnən müharibə” adlı məqaləsi nəşr edilib (https://jamestown.org/program/year-2020-in-review-azerbaijan-faces-the-pandemic-and-a-victorious-war-in-karabakh/). Məqalədə ümumilikdə 2020-ci ildə Azərbaycanın daxili və xarici siyasətində cərəyan edən hadisələr təsvir edilib. Müəllif yazır ki, ötən 2019 və 2020-ci ilin əvvəlində Azərbaycan rəhbərliyi səbrlə Ermənistan daxilindəki siyasi proseslərin məntiqi yekununu və Paşinyan hökumətinin münaqişə ilə bağlı mövqeyini tam aydınlaşdırmasını gözləyirdi. Həmçinin bu müddətdə Ermənistanın ardıcıl olaraq təxribatlara əl atdığı bildirilir və bu təxribatlar sırasında işğal edilmiş ərazilərdə qanunsuz prezident, parlament seçkilərinin və inauqurasiya mərasimlərinin keçirilməsi, separatçı rejimin parlamentinin Şuşaya köçürülməsinin elan edilməsi, Azərbaycanın işğal edilmiş ərazilərinə 3-cü yolun çəkilməsinin elan edilməsi kimi faktlar diqqətə çatdırılır.
Bu təxribatlardan sonra ötən ilin iyul ayında Tovuz bölgəsində döyüşlər, general Polad Həşimovun həlak olması və insanların küçələrə çıxaraq hökumətdən Qarabağın azad edilməsi üçün müharibə tələb etməsi də vurğulanır. Məqalənin sonunda münaqişənin başa çatmasının region üçün yeni imkanlar və perspektivlər açması diqqətə çatdırılır və ötən il Azərbaycan qazının ilk dəfə 3500 km-lik Cənub Qaz Dəhlizi ilə Avropa bazarına çatması vurğulanır. Qeyd edilir ki, müharibədən sonra Azərbaycan və Türkiyə rəhbərliyi çıxışlarında Ermənistanı regional inteqrasiya proseslərinə qoşulmağa çağırırdılar: “İmzalanan üçtərəfli sazişlə bölgədəki bütün regional nəqliyyat yolları və kommunikasiyalar açılacaq, ona görə də indi Ermənistanın qazanıb-qazanmayacağı bu ölkənin düzgün seçim etməsindən asılıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB