AZƏRTAC-dan "Səs" qəzetinə yubiley TƏBRİKİ

AZƏRTAC-dan "Səs" qəzetinə yubiley TƏBRİKİ

“Səs” qəzetinin redaktoru Bəhruz Quliyevə və qəzetin kollektivinə

Hörmətli həmkarlarımız,

Sizi qəzetinizin 30 illik yubileyi münasibətilə AZƏRTAC-ın kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Tarixə nəzər salsaq görərik ki, ölkəmizdə gərgin ictimai-siyasi proseslərin cərəyan etdiyi, siyasi plüralizmə böyük ehtiyac duyulduğu 1990-cı illərin əvvəllərində mətbuat arenasına çıxan "Səs" qəzeti çox keçmədən öz ətrafına geniş oxucu auditoriyası toplaya bildi. İllər ötdükcə ölkə KİV-ləri arasında özünəməxsus dəst-xətti və prinsipial mövqeyi ilə seçilməyə başladı.

Son illər fəaliyyətini yeni dövrün çağırışlarına bacarıqla uyğunlaşdıran qəzetinizin kollektivi iş prinsiplərini dəyişən zamanın tələbləri səviyyəsində qurmağa, müasir informasiya texnologiyalarının yaratdığı imkanlardan yetərincə bəhrələnməyə çalışır. “Səs” ölkə həyatının bütün sahələrini, aktual məsələləri daim diqqət mərkəzində saxlayır, oxucuların görüşünə hər dəfə müxtəlif mövzularda maraqlı yazılarla gəlir. Ən başlıcası isə hansı mövzuya toxunursa-toxunsun, milli maraqlardan və dövlətçilik mənafelərindən çıxış edir.

Hörmətli Bəhruz müəllim, sözsüz ki, bu uğurlarda sizin özünüzə məxsus rolunuz var. Redaktor olduğunuz 15 ildə qəzetin keçdiyi inkişaf yolu göz qabağındadır. Bu gün biz “Səs”in timsalında müasir, məzmun və forma baxımından fərqlənən bir mətbuat nümunəsi görürük. "Səs", necə deyərlər, “danışan və göstərən” video-qəzetə çevrilib. Bu müasir layihələr sizin və kollektivinizin hər zaman yeniliyə can atmağınızdan, dövrün tələbləri ilə ayaqlaşmağınızdan xəbər verir. Qəzetinizin uğurları bir həmkarınız olaraq bizi də sevindirir.

Əlamətdar yubileyiniz münasibətilə sizi və kollektivinizi bir daha təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Əminik ki, "Səs" qəzeti bundan sonra da ictimai maraqların, dövlətçilik mənafelərinin qorunmasına, milli həmrəyliyə öz sözü və səsi ilə dəstək verməkdə davam edəcək, mətbuatımızın mütərəqqi ənənələrinə daim sadiq qalacaq.

Hörmətlə,

İdarə Heyətinin sədri Aslan Aslanov

Bütün xəbərlər Facebook səhifəmizdə