"Səs" qəzetinin rəhbərliyinə və kollektivinə - TƏBRİK

"Səs" qəzetinin rəhbərliyinə və kollektivinə - TƏBRİK

Müstəqil Azərbaycan mətbuatının inkişafı tarixində özünəməxsus rolu olan "Səs" qəzetinin ilk sayının çapdan çıxmasından 30 il ötür. 1991-ci il yanvarın 11-də ilk sayı nəşr olunan "Səs" hər zaman öz xüsusi mövqeyi, dəst-xətti və səmərəli fəaliyyəti ilə fərqlənmiş qəzetlərdən biridir.

Fəaliyyətə başladığı dövrün gərgin ictimai-siyasi şərtlərinə, üzləşdiyi çətinliklərə baxmayaraq, "Səs" qəzeti ölkəmizdə baş verən mürəkkəb kataklizmlər dövründə ictimai rəyin düzgün əsaslarda formalaşmasına, Azərbaycan xalqının, dövlətçiliyinin maraqlarına və Ulu Öndər Heydər Əliyevin ideyalarının pərvəriş tapmasına xidmət edən bir mövqe tutub. Mətbuatımızın ən çətin vaxtlarında, demək olar ki, gündəlik mətbuatın olmadığı bir zamanda Azərbaycanın geniş oxucu kütləsinin çox maraqla, həvəslə növbəti nömrəsinin nəşrini gözlədiyi qəzetlərdən biri də məhz "Səs" qəzeti olub.

"Səs" Azərbaycanda siyasi mədəniyyətin formalaşmasında, ictimai münasibətlərdə obyektivliyin və şəffaflığın ortaya qoyulmasında xüsusi xidməti olan bir qəzetdir. Bu qəzet heç zaman təkcə cəmiyyəti obyektiv, qərəzsiz informasiya ilə təmin etməklə öz funksiyasını bitmiş hesab etməyib. O, eyni zamanda, konkret mövqe ortaya qoymaqla, cəmiyyətin siyasi təfəkkürünün düzgün əsaslarda formalaşmasına təsir göstərmiş qəzetlərdəndir. "Səs" qəzeti ölkəmizdə baş verən siyasi proseslərin, taleyüklü məsələlərin işıqlandırılmasında, ictimaiyyətə çatdırılmasında da yüksək operativlik nümayiş etdirərək bu mənada etibarlı xəbər mənbəyi olmağı bacarıb. Mövzu rəngarəngliyi, tariximizə, milli dəyərlərimizə göstərdiyi həssaslıq, dövlətçiliyimizin qorunmasında tutduğu düzgün mövqeyi və tarixi gerçəkliklərin işıqlandırılması istiqamətindəki fəaliyyəti də qəzetin geniş oxucu kütləsi qazanmasına səbəb olub.

Milli mətbuatımızın inkişafında xüsusi yeri olan "Səs" qəzetinin milli jurnalist məktəbimizin formalaşmasında da xidmətləri danılmazdır. Bir zamanlar bu qəzetin redaksiyasında çalışan bir çox həmkarlarımız bu gün müxtəlif sahələrdə və fərqli ünvanlarda fəaliyyət göstərsələr də, "Səs" qəzetinin "mətbəx"ində qazandıqları təcrübə ilə özlərini doğrultmağa davam edirlər. “Səs” mənim də üçün də çox doğma qəzetdir və jurnalist kimi fəaliyyət tariximin bir hissəsidir. Bu qəzet 1990-cı illərin əvvəllərində Heydər Əliyev ideyalarının təbliğ olunması, dövlətçiliyimizin ideoloji əsaslarının geniş oxucu kütləsinə çatdırılması istiqamətində mənim də fəaliyyət göstərdiyim ən yaxşı mətbu nümunələrdən biri olmuşdur.

"Səs" qəzetinin ilk sayının çapdan çıxmasının 30-cu ildönümü münasibətilə baş redaktor Bəhruz Quliyevi və qəzetin kollektivini təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Hörmətlə,

Hikmət BABAOĞLU

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru

Bütün xəbərlər Facebook səhifəmizdə