"Ermənistan prokurorluğunda məni 15 nəfər döydü" - Dilqəm Əsgərov
"Azad olunmağıma görə Prezident İlham Əliyevə minnətdaram". SİA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni girovluğundan azad edilən Dilqəm Əsgərov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin səyi nəticəsində azad olunub: "Mənim həbs edilməyim qanunsuz idi. Mən Ermənistana yox, Kəlbəcərə getmişdim. Məni Xankəndinə aparıb, iki barmağımı qırdılar, başımın sümüyünü qırdılar. 1 il orada qaldım, yemək vermirdilər, makaronlu su verirdilər. Avtomatın arxası ilə qoluma, sinəmə və başıma vururdular. Ermənistan prokurorluğunda məni 15 nəfər döydü. Yıxıldığım yerdən qalxmağa taqətim olmadı, məcbur qaldırıb yenidən döydülər. Beynəlxalq Qırmızı Xaç Komitəsi mənə işgəncə verilməsi barədə bilirdi, amma heç bir tədbir görmədilər. BQXK-dən mən beynəlxalq qanunları tələb etdim. Ondan sonra mənə radio verdilər. Amma istintaq dövründə mənə heç bir köməklik etmədilər. Bir ildən sonra mənə ömürlük həbs, verib Şuşa həbsxanasına göndərdilər. Bir ildən sonra Azərbaycanın təzyiqləri nəticəsində bizə yemək gətirməyə başladılar. 6 il yarım həbsxanada qaldım. Gün ərzində əvvəlcə yarım saat, sonradan 1 saat gəzməyə imkan verdilər. Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan əleyhinə məndən informasiya almaq istəyirdi. Amma heç bir məlumat vermədim. Mənim yanıma jurnalistləri gətirdilər ki, onlara müsahibə verim. Mən imtina etdim".
D.Əsgərov deyir ki, bütün işgəncələrə baxmayaraq, o azad olunacağına ümidli olub: "Mən onlara demişdim ki, vaxt gələcək Azərbaycan əsgəri torpaqlarımızı işğaldan azad edəcək. O gün oldu. Biz orada müahirəbənin başlamasını bilirdik. Artilleriya səsləri yaxınlaşırdı. Azərbaycan Ordusunun yaxınlaşmasını görən ermənilər öz dustaqlarını Şuşa həbsxanasından köçürüblər. Amma bizi aparmadılar. Bizim sadəcə gündüz gəzintimizi ləğv etdilər. Artıq o gündən bizi həyətə gəzməyə çıxarmadılar. Azərbaycanın artilleriya atəşi nəticəsində mərmi düz Şuşa həbsxanasının qarşısına düşdü. Ermənilər artıq qorxuya düşmüşdülər. Bizə psixoloji təsir etməyə çalışırdılar. Amma biz sevinirdik, bilirdik ki, Azərbaycan əsgərləri torpaqları azad edir. Erməni həbsxanasında rəis bizi qorxudurdu. Amma biz bilirdik ki, onlar qorxudan bizə təsir etmək istəyirdilər".
D.Əsgərovun sözlərinə görə, bir neçə gün sonra məlum oldu ki, əsgərlər Şuşaya daxil olub: "Dərhal bizi maşına mindirib Şuşadan Gorusa apardılar. Bizimlə birlikdə bir azərbaycanlı əsir də apardılar. Amma sonradan onu yoxa çıxardılar. Mənə badalaq verib yıxdılar, təpiklədilər. Sonra apardılar Yerevana. Yerevanda paltarlarımı soyundurdular, başıma sellofan torba salıb boğurdular. Oradan Yerevan həbsxanasına apardılar. Nəzarətçilər qapını qaynaqladılar. Yalnız nəfəslik açıq qalırdı. Həmin şəxslər nəfəslikdən bizi söyürdülər. Bizi sonra yenidən qaytardılar Gorusa. Bir neçə gün qalandan sonra ruslara təhvil verdilər və Bakıya göndərdilər".

Dilqəm Əsgərov necə girov götürülməsindən də danışıb: "Ermənilər bizi girov götürərkən birinci Şahbaz tutuldu. Şahbaz Quliyev girov götürüləndən sonra Həsənlə 2 gün bir yerdə qaldıq. Onların hərbi texnikaları, vertolyotları gəldi, biz Həsən Həsənovla ayrıldıq. Mən yenidən Kəlbəcərə qayıtdım. Bir neçə gün orada olandan sonra qayıtdım Həsənlə ayrıldığım yerə. Həmin yerə çatanda məni gördülər. Yaralı idim deyə qaça bilmədim. 2 vertolyot və hərbçiləri məni mühasirəyə aldılar və bildirdilər ki, Həsənlə Şahbazı əsir götürüblər. Onların üzərindəki silaha qədər dedilər. Mənim isə cəmi 7 patronum qalmışdı. Mən tutuldum. Səhəri gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları mənimlə görüşdü və məndən soruşdular ki, neçə nəfər olmusunuz. Mən dedim ki, 4 nəfərik. Mən Həsəndən məlumat almaq istəyirdim. Onda bildim ki, Həsəni öldürüblər".
KƏMALƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB