2021-ci il yanvar ayının 5-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Anar Kərimovu Azərbaycan Respublikasının Mədəniyyət naziri təyinatı ilə əlaqədar qəbul edərkən bir sıra tövsiyyə və tapşırıqlar, eyni zamanda cəmiyyətə Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, Füzulidə beynəlxalq təyyarə limanının tikilməsi, Azərbaycan dilinin qorunması, UNESCO ilə əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycan mədəniyyətinin inkişafı, bu il Şuşada “Xarı Bülbül” festivalının və “Vaqif Poeziya Günləri”nin keçirilməsi və digər məsələlər barədə önəmli mesajlar verdi.
Mən bu tədbirlərin biri - “Vaqif Poeziya Günləri” barədə fikirlərimi poeziya həvəskarları ilə bölüşməklə, eyni zamanda Prezidentimizə təşəkkürlərimi bildirmək istədim. Məlum olduğu kimi müasir Azərbaycanın memarı və qurucusu Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda rəhbər vəzifədə olduğu hər iki dönəmdə mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə, musiqimizə bir sözlə milli-mənəvi dəyərlərimizə xüsusi önəm vermiş, bu sahələri öz fəaliyyətini prioritet istiqamətlərindən biri hesab etmiş, Azərbaycan ədəbiyyatının klassiklərinə yüksək dəyər verərək onların adının əbədiləşdirməsi üçün müstəsna xidmətlər göstərmişdir. Ümumilli liderin bu sahədə göstərdiyi yadda qalan hadisələrdən biri də böyük Azərbaycan şairi və siyasi xadimi Molla Pənah Vaqiflə bağlıdır.Vaqif yaradıcılığına böyük qiymət verən Ulu Öndərimizin bilavasitə təşəbbüsü və iştirakı ilə 1982-ci il yanvarın 14-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşada onun məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin və Şuşa Poeziya Evinin açılış mərasimi keçirilmiş, həmçinin Poeziya Evində keçirilən “Vaqif Poeziya Günləri”ndə Ulu Öndər şəxsən iştirak etmişdir. Elə həmin ildən Ümumilli liderimiz Heydər Əliyev hər il Vaqif poeziya günlərinin keçirilməsi barədə göstəriş vermişdir. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada yekunlaşan Vaqif poeziya günləri 1992-ci il Şuşanın erməni quldurları tərəfindən işğalına qədər davam etmişdir.
1992-ci ildə erməni caniləri Şuşada 600-ə qədər milli-mənədi, dini və tarixi-memarlıq abidələrimizi talayaraq məhv etmiş, o cümlədən Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar...
Kiçik bir haşiyə: Azərbaycanın keçmiş xarici işlər naziri Vilayət Quliyevin xatirələrindən: “2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olur:
- Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?
- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.
- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...
- Nə danışırsınız, Heydər Əliyeviç...
Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.
Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq...” ...Və budur Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri, Şuşanın işğaldan azad edilməsi günü, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də səhər-səhər Fəxri xiyabanda Ümumilli liderimiz Heydər Əliyevin məzarını ziyarət edir, sonra Şəhidlər Xiyabanına gəlir, qəhrəman şəhidlərimizin məzarını ziyarət edir,onların xatirəsinə ucaldılmış abidənin önünə çələng qoyur və elə oradan da bütün dünyada yaşayan həmvətənlərimizə müjdə verir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada - Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm...
... Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”... Artıq 17 ildir ki, cənab İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin başladığı, lakin yarımçıq qalmış işləri mərdliklə, qətiyyətlə, uğurla və sədaqətlə (o cümlədən Molla Pənah Vaqiflə bağlı) başa çatdırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Molla Pənah Vaqif öz ənənələri ilə seçilən, ədəbi məkəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri
meydana gətirməklə, milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir... Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir” deyərək, 2017-ci ildə Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayanda da, TÜRKSOY-un qərarı ilə 2017-ci il “Vaqif ili” elan ediləndə də, indi bu ildən başlayaraq, hər il Şuşada Vaqif Poeziya Günləri”nin keçirilnməsi barədə göstəriş verəndə də O, bu işlərin Ümumilli liderimiz Heydər Əliyev tərəfindən 1982-ci ildə başlanğını və o işlərin davamı və bərpası olduğunu nümayuiş etdirir.
Təbii ki, Prezidentimizin gördüyü çoxsaylı misilsiz işlərin fonunda Vaqifin məqbərəsinin və “Vaqif Poeziya Günləri”nin bərpası kiçik görünə bilər. Bununla belə bu məsələ də Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində mühüm hadisədir və cənab İlham Əliyevin adı ilə mədəniyyət tariximizə həkk olundu. Prezident İlham Əliyeviin bu səpkili xidmətləri ona ümumxalq sevgisi və məhəbbəti qazandırır.
İllər ötəcək, poeziya və vaqifsevərlər Prezident İlham Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyəti qarşısındakı bu xidmətlərini də minnətdarlıqla yad edəcəklər.
Ramiz Göyüşov
YAP Binəqədi rayon təşkilatının sədri,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə