"Səs" qəzetinin 30 yaşa çatdığını eşitdikdə çox təsirləndim, həm də qarışıq hisslər keçirdim. Müstəqil Azərbaycanın yaradılması ilə ilk nəşrinə başlayan "Səs" qəzeti demokratik dəyərlərin, söz, mətbuat azadlığının genişləndirilməsi, soykökümüzə, milli adət-ənənələrimizə qayıdış, dilimizin, dinimizin qorunması, tarixi ədalətin bərpası kimi mütərəqqi ideyaların carçısına çevrildi. Qısa müddətdə xalqın trubunasına çevrilən qəzet müstəqillik illərində üzləşdiyimiz çətin, ağır prosesləri ümumxalq müzakirələrə çıxarılmasına nail oldu. Artıq neçə ildir ki, səhifələrində siyasi, iqtisadi, sosial, təhsil, ümumiyyətlə, cəmiyyət həyatının müxtəlif sahələri ilə bağlı mövzulara yer ayıraraq, obyektiv xəbərləri oxculara çatdırır. Bacarıqlı kollektiv sayəsində uğurlar qazanan və bu günlərdə yubileyini qeyd edəcək bu mətbuat orqanı artıq 30 ili arxada qoyub. Bu gün "SƏS" qəzeti 30 illik yubileyini 44 gün davam edən Vətən Müharibəsinin nəticəsi olaraq 30 il həsrətində olduğumuz Qarabağımızın azad edilməsi, Qələbə sevinci yaşadığımız günlərdə qeyd etməsi, doğurdan da qürurvericidir.
Hörmətli, Bəhruz müəllim,
Sizi müstəqil Azərbaycanın müasir mətbuat aləmində öz dəst-xətti ilə seçilən, fəaliyyətə başladığı gündən xalqımızın azadlıq arzularına səs verən "Səs" qəzetinin əməkdaşlarını, qəzetin yaranmasında əməyi olan insanları və bu nəşrin oxucularını yubiley münasibətilə təbrik edirəm.
"Səs" qəzeti bütün bu illər ərzində təkcə cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməmiş, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv və düzgün əsaslarla formalaşması sahəsində böyük xidmətlər göstərmiş, gərgin mübarizədə müstəqilliyini bərpa edən ölkəmizin siyasi sisteminin milli maraqlara uyğun qurulmasında mühüm rol oynamışdır.
Bir məqamı vurğulamaq istərdim ki, "Səs" qəzetinin nəşrə başladığı dövrdə dünyada, regionda və cəmiyyətimizdə baş verən proseslər indiki qədər aydın deyildi. Xüsusilə, keçmiş sovet rejimi kimi monosiyasi bir sistemdən çıxan insanlar üçün yeni bir quruluşa qədəm qoymaq çətin məsələ idi. Belə bir məqamda "Səs" qəzeti istər milli maraqlarımızın təhlükə ilə üzləşdiyi, istərsə də qəzetlərin basqılara məruz qaldığı dövrlərdə də böyük cəsarətlə öz müxalif sözünü demişdir. Bütün fəaliyyəti dövründə Ulu Öndər Heydər Əliyevin siyasi xəttini müdafiə edən qəzet bu gün də bu siyasətin həyata keçirilməsi və qazanılan uğurların təbliği işinə layiqli töhfələr verir. Azərbaycan dövləti və dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda öz nicatını Ümummilli Liderimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasında görən "91-lər"in Ulu Öndərə ünvanladığı müraciəti də məhz birinci olaraq "Səs" qəzeti dərc etmişdir.
Bu gün "Səs" qəzeti daim təkmilləşir və inkişaf edir, ölkənin aparıcı mətbuat orqanlardan biri olaraq, öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq səmərəli fəaliyyət göstərir. Böyük iftixar hissi ilə demək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi bütün uğurları cəmiyyətimizə çatdıran, partiyanın mövqeyini geniş oxucu auditoriyasına təqdim edən "Səs" qəzeti, doğrudan da, böyük bir ideologiya yolu keçmişdir. "Səs" qəzetinin əməkdaşları bütün varlıqları, ağılları, zəkaları, sədaqətləri ilə Yeni Azərbaycan Partiyasının mövqeyində möhkəm dayanan, lazım gələndə bu partiyanın ideologiyası uğrunda həyatlarından keçən insanlardır. Bir sözlə, "Səs" qəzeti düzü-düz, əyrini-əyri yazır. Buna görə də, "Səs" qəzetini müstəqil Azərbaycanın mətbuat flaqmanı adlandırmaq olar. Sizi yubileyiniz münasibəti ilə təbrik edir, fəaliyyətinizdə uğurlar, qəzetin bütün kollektivinə "qələmləri iti olsun" deyirəm. Gün o gün olsun ki, "Səs" qəzetinin 50 illik yubileyini qeyd edək.
ZƏRİFƏ QULİYEVA,
YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, “Modern ailə və inkişaf ” İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB