Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadi inkişaf tempinə görə, regionda lider dövlətə çevrilməsi, 30 ilə yaxın həll olunmayan "Dağlıq Qarabağ problemi"nin 44 gün ərzində həll edilməklə 2020-ci il Azərbaycan tarixinə Qələbə ili kimi yazıldı. Qarabağın Azərbaycanımıza qayıtması məhz son 17 ildə Prezident, Ali Baş Komandanımız İlham Əliyevin diplomatik siyasəti, Müzəfər Ordumuzun, igid əsgər və zabitlərimizin rəşadəti nəticəsində əldə edildi.
Təsadüfi deyil ki, Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bu prinsiplərin vəhdəti Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". Bunu yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda ölkə rəhbəri deyib.
"İşğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işləri aparılacaq"
Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı bildirib ki, 2020-ci ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi qələbə qazanaraq öz torpaqlarını azad edib, düşmənə sarsıdıcı zərbələr endirib və Ermənistanı məğlub edib: “Bizim şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur və Azərbaycan siyasi, iqtisadi, hərbi gücü sayəsində qarşıda duran əsas vəzifəni şərəflə yerinə yetirib. 2020-ci ildə ölkəmizdə parlament seçkilərinin keçirilib, siyasi partiyalarla dialoq güclənib".
Dövlət başçısı kadr islahatlarının davam etdirildiyini də qeyd edib. Prezident İlham Əliyev həmçinin pandemiyanın fəsadlarının aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, ötən il iqtisadiyyat 4 faizdən bir qədər çox azalsa da, qeyri-neft sənayemiz 11 faizdən çox artıb. Bundan əlavə, kənd təsərrüfatı, orta aylıq əməkhaqqı və pensiyalar da artıb, Neft Fondunun vəsaiti azalmayıb, əksinə, o da artıb. Bununla da Azərbaycan öz valyuta ehtiyatlarını qoruyub.
İlin sonunda, dekabrın 31-də daha bir şad xəbərin gəldiyini vurğulayan Prezident İlham Əliyev deyib ki, Cənub Qaz Dəhlizi, onun son seqmenti olan TAP tam istismara verilib. Tarixdə ilk dəfə olaraq Azərbaycan qazı artıq Avropa məkanındadır. Bu, bizim tarixi nailiyyətimizdir.
Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini Prezident İlham Əliyev Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin artdığını, 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını və 10 ən islahatçı ölkə sırasına daxil edildiyini bildirib.
Dövlət başçısı Davos Dünya İqtisadi Forumunun hesabatında Azərbaycanla bağlı uğurları da sadalayıb. Prezident İlham Əliyev işğaldan azad olunan torpaqlarda bu il geniş quruculuq işlərinin aparılacağını vurğulayıb, bununla bağlı tapşırıqlarını verib.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB