“Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- Heydər Əliyev
Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərlərimiz Azərbaycanın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür. Dünya xalqları arasında öz qədim milli-mənəvi dəyərləri, möhkəm ailə institutu ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə dünya mədəni irsində özünəməxsus yer tutur.
Bir xalqın dəyəri onun qanında, genetikasındadır, o səbəbdən də milli-mənəvi dəyərlərimizi məhv etmək cəhdləri həmişə boşa çıxıb, atalar demişkən, yel qayadan heç nə apara bilməyib. Ümumilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. “Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir” deyən Heydər Əliyev bildirirdi ki, hər bir azərbaycanlı Azərbaycan mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır.
Qeyd etmək yerinə düşər ki, qloballaşan dünyada mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya qoyurdu. Onun milli-mənəvi dəyərlərin qorunması ilə bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el ağsaqqalının nümayiş etdirdiyi münasibəti idi.
Bu siyasi kursu davam etdirən Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyəti də Azərbaycanın mədəniyyətinin, milli-mənəvi sərvətlərinin toxunulmazlıq qazanması baxımından böyük rol oynayıb.
Dövlət başçısının fikirlərində hər bir azərbaycanlının, ən əvvəl, öz xalqının dəyərlərinə sahib çıxması, öz mədəniyyətini, adət-ənənəsini, mentalitetini və milli dəyərlərini qoruması önə çəkilir. "Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir" prinsipi əsas götürülür.
Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti, məhz sağlam cəmiyyət, sağlam ailə və sağlam fərqlər yetişdirməkdir. Dövlət ancaq ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət etməlidir.
İndi bir çox Avropa alimi Azərbaycan adətlərini, mədəniyyətini tədqiq edir, bu günlə ayaqlaşan qədim dəyərlər sistemimizi öyrənməyə çalışır. Avropalı sosioloqlar, elm adamları indi təşviş içindədir, çünki cəmiyyətin mənəviyyatında böyük problemlər var, ailə institutu dağılıb gedir, əxlaqi deqradasiya pik həddədir. Qərb sosioloqları bu aşınmanı aradan qaldırmaq, itirmək üzrə olduqları hazırkı və gələcək nəsilləri geri qazana bilmək üçün qədim Şərq mədəniyyətini öyrənməyə başlayıblar.
Cəmiyyətimizdə bir qism gənc müasirləşmək adı altında Avropa cəmiyyətinin davranışını, geyimini, qeyri-əxlaqi həyat tərzini örnək götürür. Amma belələri unudurlar ki, müasirlik milli kökü, adət-ənənəni itirmək demək deyil, adət-ənənə, milli-mənəvi kökümüz elə müasirlik ənənələrinin fonunda da var ola bilir. Yad dəyərləri cəmiyyətimizə yeritməyə cəhd edənlər də bunu anlamalıdır.
Hələ Sovet hakimiyyəti illərində dünya xalqları arasında ən dözümlü və möhkəm ailə modelinə sahib olduğu üçün daim təqdir edilən ölkəmizdə hazırda bu sahədə problemlər yaşansa da, milli-mənəvi dəyərlərin çəkisi tərəzidə daha ağır gəlir. Azərbaycan ailələrində tərəflər ailənin bütövlüyünü qorumaq üçün bütün çətinlikləri dəf etmək bacarığına sahibdir. Sirr deyil ki, boşanmaların qaynağı həm də mənəvi deqradasiyadır.
Qloballaşan dünyada mənəviyyat məsələsi nisbətən arxa plana keçib. İnsanları daha çox maddi problemlər maraqlandırdığından sadəcə pul, mal-mülk fikirləşirlər. Bu düşüncələr üzərində qurulan ailələr isə uzunömürlü olmur. Xoşbəxtlikdən Azərbaycanda evlənməyə qərar verənlərin əksəriyyəti üçün əsas meyar qarşı tərəfin empatiya duyğusu, milli dəyərlərə bağlılığı şərtdir. Bəzən boşanma statistikasının yüksəlişi XXI əsrin “töhfə”si kimi xarakterizə edilir. Belə ki, dünyagörüşün fərqli istiqamətlərə yönəlməsini, maraqlardakı fərqi, ailədə uyuşmazlıq faktorlarını əsas gətirərək boşanan cütlüklər əslində adi səbəblərdən ayrılırlar. Bu səbəbdəndir ki, boşandıqdan sonra keçmiş həyat yoldaşı ilə təkrar nikaha girən cütlüklərin sayı artır.
Düzdür, zaman dəyişdikcə hər bir cəmiyyətə xas olan insanın psixologiyası, yaşam tərzi, milli dəyər anlayışı da müəyyən qədər dəyişə bilər. Əksər ölkələrdə nəsillərin dəyişilməsi ilə dəyərlərin mahiyyəti də dəyişir, amma Azərbaycan kimi milli kökünə bağlı olan ölkələrdə bu baş vermir. Maddi məsələlər mənəviyyatdan önə keçirsə, o cəmiyyətdə nümunəvi sistem yarana bilməz.
Təəssüf ki, ölkəmizdə mənəvi dəyərlərin ağırlığı ilə qurulan ailə modeli artıq zəifləmək üzrədir. Gənc nəsil maddi problemlərə görə boşanma üçün addım ata bilir. Əvvələr bizdə ailə institutu deyilən sistem var idi və bu çox güclü idi. İndi isə bu sistem tədricən sıradan çıxmağa başlayır. Çox da bu sosial problemlərlə əlaqələndirilir, halbuki belə deyil.
Sosial vəziyyətin daha ağır olduğu, insanların bir parça çörək üçün olduqca ağır şərtlərdə işlədiyi müharibə illərində belə boşanmalar bu həddə çatmırdı. Bizim ölkəmiz dünyanın ən dağıdıcı müharibələrindən birinin iştirakçısı olub, nənə-babalarımız o vaxt bu dəhşətlə üz-üzə qalanda belə çətinlikdən çıxış yolunu boşanmaqda görməyiblər. 4-5 il, elə qadın var ölənədək cəhbəyə gedən ərinin yolunu gözləyib, itkin düşən həyat yoldaşının bir gün qayıdacağına ümid edib, boşanmaq barədə ağlının ucundan belə keçirməyib. Amma müasir ailələrdə bir gün hər hansı maddi problem yarandıqda boşanmaq barədə söz-söhbət yaranır. Maddi problemi olmayan ailələr isə boşanmaq üçün yeni bəhanələr tapır– “xasiyyətimiz tutmur”.
Müasirlik maddi həzzlərlə yaşamaq deyil, mənəvi həzzlərlə yaşamaqdır. Müasirlik şüarı ilə insan cəmiyyətinin min illərlə formalaşdırmış mənəvi dəyərləri, bioloji qanunları ayaqlamağa yol verilməməlidir, necə ki, Azərbaycanda verilmir.
Milli ailə modelinə xələl gətirən problemlərdən biri də tərəflərin ailə tərkibi barədə razılığa gələ bilməməsidir. Ailələrin tək uşaq problemi indi bir çox ailədə problemə çevrilib. Bu problem son 10 ilin ən ciddi sosail problemlərindən biri hesab edilir. Gənc valideynlər uşaq böyütməyin çətinliklərinə qatlanmaq istəmirlər. Bəzən qadın karyera üçün birdən çox uşaq dünyaya gətirmək istəmir.
Güclü dövlətləri güclü millətlər, güclü müllətləri güclü ailələr formalaşdırır. Güclü ailələrin təməlini isə çoxuşaqlılıq təşkil edir. Bəzi qlobal qüvvələr illərdir “doğuma nəzarət”, “ailə planlaması” adı altında insan genefonduna qarşı mübarizə aparır, ölkələrdə əhali artımına nəzarəti əlində cəmləməyə çalışır. Burada hədəf, əlbəttə, əsasən şərq ölkələridir, çünki qərb ölkələrində bu proses təbii olaraq gedir və qorxurlar ki, tezliklə bunun nəticəsində dünyadakı güc balansı pozula bilər.
Ailələrdə çoxuşaqlılığı təbliğ etmək üçün onlara xüsusi imtiyazların verilməsi müsbət effekt verə bilər. Doğrudur, hazırda ölkəmizdə 6 və daha çox uşağı olanlar qanunlarımıza görə çoxuşaqlı ailə hesab edilirlər və onlar üçün bu güzəştlər var, amma dövrümüzdə 6 uşağı olan ailə çox azdır. İmtiyazlara sahib olmaq üçün 6 uşaq dünyaya gətirmək istəyən ailələr yox deyiləcək qədər azdır. Çoxuşaqlılıq anlayışını bu səbəbdən yenidən gözdən keçirməyə ehtiyac yaranır. İndiki vəziyyətdə ən azı 3 ya 4 uşağı olanlara sosial güzəştlər və yardımlar edilməlidir.
Sovet dövründə “çoxuşaqlı ailə” məfhumu 4-dən çox uşağı olan ailələrə şamil olunurdu. SSRİ-də “Qəhrəman ana” medalı da vardı ki, bu medal 10 və daha çox övladı olan qadınlar üçün 1944-cü ildə təsis edilib. Məqsəd isə əhalinin sayının azalmasının, artımın aşağı düşməsinin qarşısını almaq idi. Azərbaycanın demoqrafiq artımla bağlı problemi olmasa da əhali artımına görə seçilən ailələrə imtiyazlar tətbiq edilməsi müsbət addım olardı. Uzun illrədir bununla bağlı müzakirələr davam edir, amma heç bir nəticə yoxdur.
Bu gün bu qədim, zəngin mədəniyyətimiz, mənəvi dəyərlərimiz üzərində sağlam ailələr qururuq. Sağlam ailə sağlam cəmiyyətin, sağlam cəmiyyət isə güclü dövlətin qarantıdır, sağlam dövlət isə vətəndaşların təhlükəsizliyinin və inkişafının qarantıdır. Beləliklə, dairə qapanır. Bu dairənin hər bir hissəsi vacibdir- bu, bütövlüyün təminatıdır. Azərbaycan bu baza üzərində inkişaf edir və edəcəkdir.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB