Vətənə sevgisi imandan gələn cəsur zabitimiz – Vüsal Babayev - VİDEO
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci il 15 dekabr tarixində "Vətən uğrunda" medalı ilə təltif olunan hərbi qulluqçular sırasında cəsur zabitimiz Vüsal Babayevin də adı var.
Haqqında söhbət açmaq istədiyim baş leytenant Vüsal Sübbuh oğlu Babayev Bakının Pirallahı rayonunun Pirallahı adasında, Xəzərin qoynunda dünyaya gəlib. Məkanı kimi məqamı da müqəddəsləşən cəsur, imanlı komandirimizin həyat yolu neçə-neçə nəsillərə bir örnək, bir nümunədir.
Vüsal Sübbuh oğlu Babayev 8 yanvar 1992-ci ildə anadan olub, tərbiyəsi, sakitliyi, iti zehni və ağlı ilə yaşıdlarından həmişə seçilib. Son tikəsini hər kəslə bölən bir uşaq olub. 1999-cu ildə Pirallahı rayon 186 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Müəllimləri onu dərslərinə bağlı, savadlı məktəbli kimi xatırlayırlar. Musiqi dərsində sinif yoldaşları sıra ilə hərə bir mahnı oxuyub. Vüsala növbə çatanda isə o, Dövlət himnimizi ifa edib.
Vüsal Babayev uşaq vaxtlarından Dövlət bayrağımıza, himnimizə, gerbə, millətinə, Vətənə bağlı vətənpərvər bir oğul olub. 2010-cu ildə həmin məktəbin 11-ci sinfini bitirib. Vətənpərvərlik ruhu, torpaqlarımızın azadlığı arzusu onun gələcək taleyini müəyyənləşdirib və Vüsal elə həmin il Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə daxil olub. Hərbi məktəbdə oxuyan zamanlarda da Vüsal tərbiyəsi, savadı, ağlı, məsuliyyəti və səriştəsi ilə fərqlənib. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə Yerüstü artilleriya taqım komandiri kursunu bitirib.
2015-ilin iyul ayının 24-də ailə həyatı qurub. 2017-ci ildə Selcan adlı ilk qız övladı dünyaya gəlir. 2019-cu ildə yanvarın 4-ü ikinci dəfə ata olur. Balaca Rüqəyyə bu xoşbəxt ailəyə daha bir sevinc yaşadır. Vüsal Babayev dinə, namaza çox bağlı olduğundan körpə fidana məhz Rüqəyyə adını qoyur.
2015-ci ildə Goranboy rayonunda “N” saylı hərbi hissədə, sonuncu dəfə, 2018-ci ildə isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya hissəsində komandir vəzifəsində xidmət göstərib. Xidmət müddətində əsgərlərinin, iş yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərə qarşı tək komandir deyil, həm də ata münasibəti göstərərək, hər zaman onların qayğısına qalıb. Bu müddətdə məsuliyyətli, peşəkar hərbçi mütəxəssis kimi Fəxri fərman və medalla təltif olunub.
Vüsal bir çox hərbi təlimlərdə də iştirak edib. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi Vətəni canından artıq sevən cəsur zabit öz vəzifə borcunu yerinə yetirmək üçün ön cəbhəyə yollanır. Cəsur komandir, nümunəvi ailə başçısı Vüsal Babayev 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına ən ali məqama - Şəhidlik zirvəsinə ucalır.
Bu gün cəsur qəhrəmanımızdan bizə yadigar qısa, lakin şərəfli ömür yolu, özü kimi qeyrətli, onun və bütün şəhidlərimizin xatirələrinin yaşadılması üçün çalışan, kövrək olduğu qədər də iradəli ömür-gün yoldaşı Aynur xanım, bir də iki körpə incilər 3 yaşlı Selcan və 1 yaşlı Rüqəyyə yadigar qalıb.
Aynur xanımla söhbətdən məlum oldu ki, ailəsi Şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb.
Hər Şəhid ruhu bir durna qatarına dönərək Vətənimizin səmasında uçur. Vətən müharibəsində ən ali məqama - Şəhidlik zirvəsinə yüksələn igidlərimizin ruhları bu gün xüsusilə rahatlıq tapıb, çünki onlar ömürləri ilə Qəhrəmanlıq örnəyinə, qazandıqları Zəfərləri ilə isə Dövlətimizin ərazi bütövlüyünü bərpa edən əsl vətəndaşlara çevrilərək əbədiyyətə qovuşublar.
Qeyd edək ki, Vüsal Babayev "Fizulinin azad edilməsi" medalı ilə təltif olunub. Pirallahı rayonunda məktəblərdən birinə qəhrəmanımızın adı verilib.
Allah Şəhidlərimizə rəhmət eləsin. Şəhidlər ölməz, Vətən bölünməz!
Bütün xəbərlər Facebook səhifəmizdə