Naxçıvanın sosial-iqtisadi inkişafından bəhs edən yeni dərs vəsaiti

Naxçıvanın sosial-iqtisadi inkişafından bəhs edən yeni dərs vəsaiti

Ölkəmizdə milli iqtisadi quruculuq prosesləri uğurla davam etməkdədir. Son 16 ildən artıq dövrdə davam edən regional inkişaf üzrə Dövlət proqramları bütün iqtisadi rayonlar kimi Naxçıvan Muxtar Respublikasının da sosial-iqtisadi inkişafının sürətləndirilməsinə hərəkətverici təsir etməkdədir. Keçən müddət ərzində üç mərhələdə uğurla icra olunan Dövlət proqramları istər muxtar respublikanın şəhər və rayonlarının inkişafına, istərsə də, onun ümumi iqtisadi göstəricilərinin artan dinamikada təşəkkülünə səbəb olmuşdur. Yeni iş yerlərinin açılması, əmək ehtiyatlarından səmərəli istifadə olunması, məşğulluq (özünü məşğulluq) imkanlarının artırılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması, sosial dayanıqlılığın gücləndirilməsi və s. sahələr üzrə müəyyən olunan hədəflərə nail olunmuşdur.

Bütün qeyd olunanlar sosial-iqtisadi inkişaf sahəsindəki araşdırmaların, təhlillərin və elmi-nəzəri əsaslandırmaların əsas elmi bazası olaraq çıxış etməkdədir. Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun müəllifi olduğu “Naxçıvan Muxtar Respblikasının sosial-iqtisadi inkişafı regional Dövlət proqramlarının icrası müstəvisində (2004-2018-ci illər)” adlı dərs vəsaiti bütün qeyd olunanların əsaslandırılmış təhlili ilə nəşr olunmuşdur. 9 fəsildən və 320 səhifədən ibarət olan dərs vəsaitində muxtar respublika iqtisadiyyatının sahə strukturu üzrə 2004-2018-ci illəri əhatə edən əlaqəli və bir-birinə təkan olan inkişafından söz açılmışdır.

Orada ölkənin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyən olunmasında, sənayeləşmə siyasətinin səmərəli təşkilində, sosiallaşma proseslərinin idarə edilməsində, etibarlı infrastruktur quruculuğunun və digər perspektivlərin artırılmasında Naxçıvan Muxtar Respublikasının yeri və rolu haqqında təhlillər yer almışdır. Eyni zamanda, burada, 2004-2018-ci illərdə muxtar respublikada sosial-iqtisadi inkişafın təmin etdiyi baza əsasında artıq 4-cü mərhələsinin icrası uğurla davam edən müvafiq Dövlət proqramının perspektivləri barədə də bəhs olunmuşdur.

Dərs vəsaiti iqtisadiyyatın sahə strukturu, davamlı sosial-iqtisadi inkişaf və uzunmüddətli prioritetlərin əlçatanlığı üzrə araşdırmalarda elmi mənbə olaraq istinad oluna bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə