Vətən müharibəsindəki qələbəmiz 2020-ci ildə yaşadığımız ən böyük sevincimiz oldu - AÇIQLAMA ÖZƏL

Vətən müharibəsindəki qələbəmiz 2020-ci ildə yaşadığımız ən böyük sevincimiz oldu - AÇIQLAMA ÖZƏL

"2020-cu ilin son günündə hamı Yeni ili qeyd etmək üçün hazırlaşır. Yeni il axşamı ailələr, dostlar, qohumlar süfrələr arxasında oturur və bir birilərinə gözəl arzularını bildirirlər. İnsanlar yeni ildə həyata keçirəcək işləri planlaşdırır, böyük ümidlərlə 2021-ci ilə qədəmlərini qoyurlar. Bəs 2020-ci il bizi həyatımızda baş verən hansı hadisələrlə sevindirdi və ya kədərləndirdi? Təbii ki, sevindiyimiz anlar da olub, kədərləndiyimiz anlar da. Amma, 2020-ci ildə başımıza nələr gələcəyini, hansı çətinliklərlə qarşılaşacağımızı heç kimin ağlına belə gəlməzdi. Biz planlarımızı qurduq, həyatımız isə tamamilə əksinə dəyişdi. Birinci onu qeyd edim ki, fevral ayında növbədənkənar parlament seçkiləri keçirildi. Parlamentə yeni gənc simalar gəldi. Savadlı, aktiv, danımşağı sevən insanlar Milli Məclisə seçildilər. Parlament daha aktivləşdi. Amma parlamentin fəaliyyəti haqqında əsl dəyəri xalq verməlidir və ona görə də yeni parlament haqqında geniş fikirlərimi bildirməyəcəyəm". SİA xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Onun sözlərinə görə, 2020- ci ildə növbəti gözlənilməz hadisə həyatımızı dəyişdirən qlobal pandemiya oldu: "2019-cu ildə Çinin Uxan şəhərində meydana gəlmiş COVİD-19 yeni növ koronavirus qısa bir zamanda bütün dünyaya yayıldı. Ölkələr arası sərhədlər bağlandı. Dünyada həyat iflic oldu. Ölkəmzidə fevral ayından başlayaraq sərt karantin rejimi tətbiq olundu və təəssüf ki, 2021-ci ilə də sərt karantin rejimində qədəmlərimizi qoyuruq. 220 minə yaxın insan bu virusa yoluxaraq əziyyət çəkdi, 2600-dən çox insan isə dünyasını dəyişdi. İş yerlərin fəaliyyətinə məhdudiyətlər tətbiq olundu. İnsanların sosial rifahı pisləşdi. Koronavirus pandemiyasının təsirlərini azaltmaq üçün dövlət özəl sektora, işləyənlərə və işləməyənlərə maliyyə dəstək proqramlarını həyata keçirdi. Amma dövlət nə qədər dəstəkləyici proqramlar icra etsə də əhalinin pul gəlirləri müəyyən qədər azaldı, iş yerləri bağlı qaldı, üzümüzdən tibbi maska əksik olmadı. Əgər 2020-ci ilin əvvəlində insanlar üçün tibbi maskanın taxılması qeyri-adi görünürdüsə, ilin sonunda hamı tibbi maskaya girdi və tibbi maskanın taxılması adi hala çevrildi. Təəssüf hissi ilə qeyd edirəm ki, bu gözə görünməz bəladan müalicə olunmaq üçün dərman pereparatın icad olunmasında dünya səhiyyəsi aciz qaldı. Koronavirus bütün həyatımızı dəyişdi. Toylar qadağan olundu. Ailə həyatı quracaq gənclərimiz pandemiyanın bitməsini gözlədilər və gözləməklə il də başa çatdı. Dəfn yerlərində insanların kütləviliyi azaldı. Dəfn vaxtları xaotik oldu və xüsusilə koronavirusdan dünyasını dəyişən insanlar günorta, axşam və ya gecə olmasına baxmayaraq az bir insanla dərhal dəfn olunmağa başlandı. 2020-ci ildə insanlara ən kədərli anlarını koronavirus yaşatdı. Ən maraqlısı o oldu ki, koronavirus Uxanda meydana gəlsə də bütün dünyada yayılmağına baxmayaraq Çində yoluxanların sayı barmaqla sayılan qədər oldu. Bunun sirrini dünya bu gün də başa düşmür".

Deputat bildirib ki, 2020-ci ilin ən yadda qalan və xalqımız üçün çox dəyərli hadisə torpaqlarımızın işğaldan azad olunmasıdır: "İyul və avqust ayında həm iki ölkə arası sərhəddə, həm də Dağlıq Qarabağda təxribatlar törədən düşmənin layiqincə cavabı verilərək geri otuzduruldu. 27-sentyabrda yeni ərazilər uğrunda yeni müharibə bəyanatı ilə növbəti təxribatını törədən düşmənə qarşı əks hücum əməliyyatları həyata keçirildi. Döyüşlədə Azərbaycan ordusu dünya hərb tarixində ilk dəfə olaraq PUA-lardan geniş istifadə etdi. Düşmənin legitim hərbi hədəflərini dəqiqliklə məhv edən müzəffər ordumuz qısa bir zamanda döyüş meydanında üstünlüyü ələ aldı. Nəticədə, 44 günlük müharibədə şanlı ordumuz düşmənə kapitulyasiya sənədinə imza atdırmaqla diz çökdürdü. Vətən müharibəsində qələbəyə imza atan Azərbaycan üç rayonu şəhid vermədən, güllə atmadan işğaldan azad edə bildi. Ali Baş Komandanın çağırışına böyük həmrəylik nümayiş etdirən xalqımız prezidentin dəmir yumruğuna çevrildi. Prezidentimizin dəmir yumruğu düşmənin başına bərk vurularaq ordusunu darmadağın etdi. Hətta Ermənistanın mövcudluğunun gələcəyi təhlükə altına alındı. Vətən müharibəsindəki qələbəmiz 2020-ci ildə yaşadığımız ən böyük sevincimiz oldu. Bütün ölkə qələbə sevinci ilə yaşayır. Kədərləndirici məqam odur ki, 2800-dən çox şəhid verdik. Valideynləri öz gənc oğulları ilə qurduqları xəyallarını vətən sağ olsun ifadəsi işlətməklə böyük səbr və təmkin nümayiş etdirdilər. Minlərlə yaralımız və qazimiz oldu. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa tapmaqlarını arzulayıram".

A.Badamov vurğulayıb ki, ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə başladığı regional layihə olan TANAP 2020-ci ildə başa çatdırıldı və TAP-ın son mərhələsinə gəlib çatdıq: "Tarixi hadisədir ki, Xəzər dənizində istehsal olunan təbii qaz Avropa ölkələrinə bir başa boru vasitəsilə çatdırmaq imkanına malik olduq. Ölkəmizin iqtisadi həyatında isə uğurlarımız böyük olmasa da itikilərimiz çox olmadı. 2020-ci ildə iqtisadi azalma 2,5%, infilyasiya 2,8% oldu. Qeyri-neft ixracımız azaldı. Neftin qiyməti dünya bazarlarında aşağı həddə qaldı. Təbii ki, bu da ölkəmizə neftdən gələn gəlirlərini azaltı. Valyuta ehtiyatlarımız demək olar ki, dəyişməz qaldı. 2021-ci ilin dövlət büdcəsi qəbul olundu. Qəbul olunan dövlət büdcəsində müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası maddəsi salınaraq bu məqsədləri üçün 2,2 milyard manat vəsait nəzərdə tutuldu. Qeyd etmək istəyirəm ki, 2020 ölkəmizin həyatı üçün nə qədər çətin il olsa da torpaqlarımızın 30 illik işğalına son qoydurularaq azad etməyimizlə yaşadığımız bütün çətinliklərmizi sevincə çevrildi. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ifadəsi işlədilmir. İndi azad olunmuş ərazilərə böyük qayıdış ifadəsi işədilir. Düşünürəm ki, 2021-ci ildə torpaq həsrətini çəkən qaçqınlarımız öz doğma yurdlarına qayıda biləcəklər. 2021- ci ildə ölkəmizdə koronaviruisa qarşı peyvəndlənmə aparılacaqdır. Bu da 2020- ci ildə yaşadığımız koronavirus böhranını aradan qaldıracaqdır. Biz 2021-ci ilə 2020-ci ilin sonunda qazandığımız böyük qələbə sevinci ilə qədəmlərimizi qoyuruq. Bu da bizə 2021-ci ili qələbəlik və sevinclə başa vuracağımıza ümidlü edir. Sonda, xalqımızı Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni İl bayramı münasibətilə təbrik edir, regionumuza uzunmüddətli sülh, ölkəmizə inkişaf, firavanlıq və hər bir ailəyə böyük sevinc arzulayıram. Bayramınız mübarək!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə