Ölkənin istehlak bazarını saxta yağlar bürüyüb, əhali qida terroru ilə üzbəüz qalıb, nəzarət və cəzalandırma isə sıfır səviyyəsindədir
Son vaxtlar istehlak bazarında baş verənlər əhalini narahat etməkdədir. Qiymətlərin artmasına baxmayaraq, ərzaq məhsullarının keyfiyyəti aşağı düşür. Ölkənin ticarət mərkəzlərin satılan ərzaqların çoxunun mənşəyi, tərkibi, istifadə müddəti haqda sənədləri yoxdur. Belə məhsullardan biri də əksər yeməklərin hazırlanmasında və insan orqanizmində əvəzedilməz nemət olan yağdır.
Bu yazıda qiymət artımından daha çox, ondan da dəhşətli bir bəlaya- saxta və keyfiyyətsiz yağların istehlakçılara sırınması probleminə toxunmağa çalışacağıq. Şəkildə gördüyünüz yağlar 2-3 manat civarında satılır və üzərinə 82,5 faizlik olduğu qeyd olunub. Foto Bakı şəhəri, 20-ci sahədə yerləşən “Araz market”də çəkilib. Burada vitrində hətta 1,7 manata satılan duru yağlar da var ki, bunların qida yağı olmadığı dəqiq surətdə məlumdur, amma nə yağı olduğu məlum deyil.
Bir neçə gün əvvəl redaksiya əməkdaşlarımızdan biri mağazadan aldığı “kərə” yağını tavada əritmək istəyərkən, maraqlı bir vəziyyət yaranıb- tavadakı yağ əriyib havaya uşub, yerində isə bir xörək qaşığı qədər qara maye və evdən bir gün ərzində çəkilməyən dəhşətli qoxu qalıb. Əməkdaşımız satışda olan bu cür yağlardan bu sahəyə cavabdeh olan dövlət məmurlarının istifadə etməsi ehtimalını sıfıra bərabər hesab edir.
“Təbii yağ tapmaq artıq müşkül məsələyə çevrilib”
Beləliklə, hamımıza məlumdur ki, gündəlik qida rasionumuzun mühüm elementlərindən biri də yağdır. Amma hamımıza məlum deyil ki, biz orqanizmimizə lazım olan təbii yağı qəbul edə bilirikmi.
“Sağlam Cəmiyyət” İctimai Buirliyinin sədr müavini, sosioloq Leyla İsmayılovanın fikrincə, hər bir insan gün ərzində ən azı 50 qram yağ qəbul etməlidir: “Bu şərtlə ki, həmin yağ keyfiyyətli olsun. Yəni, tərkibi təmiz, təbii komponentlərlə zəngin və standartlara cavab verən olsun. Çünki orqanizmin tələb etdiyi vitamin və mineralların bir qismi yağdan alınır. Ancaq təbii yağ tapmaq artıq müşkül məsələyə çevrilib. Mağazalardakı keyfiyyətsiz və tərkibi zərərli maddələrlə zəngin yağlar orqanizmdə bir sıra problemlərin yaranmasına səbəb olur.
Mağazalarda hər hansı açıq şəkildə satılan yağın istifadə müddətini və keyfiyyət sertifikatını soruşsanız, sizə üzərində göstərilən istifadə müddəti bitməmiş bir yağ qutusu göstərəcəklər ki, bax, vitrindəki açıq yağı bu qutudan çıxarmışıq, sənədlər isə müdriyyətdə olur, müdriyyət isə burda yoxdur”.
Sosioloq istehlakçıların açıq şəkildə aldadıldığını deyir: “İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda qiyməti 2-3 manat göstərilən “kərə” yağları satılır və bu yağların üzərinə çox vaxt “Moskva” və ya “Rusiya” yazılır. Ən adi məntiqə əsaslansaq məlum olar ki, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən xərci güclə ödəyər. Bəs bu yağ nədən düzəldilib və haradan gətirilir?
Bir şey məlumdur ki, haradan gətirildiyinə və nədən düzəldiyinə baxmayaraq bu, nəinki kərə yağı deyil, ümumiyyətlə, heç yeyinti yağı belə deyil. Çox təəssüf ki, əksər vətəndaşlarımız qiyməti 2-5 manat aralığında olan ucuz və şübhəli yağabənzər məhsulu alıb yeyirlər. Belə məhsulların təhlükəli xəstəliklərə gətirib çıxardığını söyləməyə ehtiyac yoxdur. Həkimlərin də dediyi kimi son vaxtlar sürətlə artan xəstəliklərin əsas səbəblərindən biri də məhz belə məhsullardır”.
“Mağazalarda satılan yağ deyil, naməlum kimyəvi maddədir”
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, qida təhlükəsizliyi üzrə ekspert Elçin Bayramlının sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir: “Satışda “kərə yağı” adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların çoxu naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, palma yağından, müxtəli spredlərdən və mənşəyi bilinməyən kimyəvi materallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Bu isə orqanizmdə ciddi problemlər yaradır".
Eksert deyir ki, Yeni Zellandiya yağı adı altında satılan tünd sarı rəngli yağın keyfiyyətsiz və şübhəli tərkibə malik olmasını sübut etməyə ehtiyac belə yoxdur: “Çünki nə heyvani yağlar, nə də bitki yağları heç vaxt tünd sarı rəngdə olmur. Demək kərə yağı adı altında naməlum kimyəvi maddə satılır. Eyni sözlər duru yağlara da aiddir. 2 manata qarğıdalı və ya günəbaxan yağı istehsal edib satışa çıxarmaq hətta nəzəri cəhətdən də mümkün deyil”.
ASAM rəhbərinin fikrincə, saxta və təhlükəli yağlar təkcə xaricdən idxal olunmur, həm də ölkədə istehsal olunur: “Şübhə yoxdur ki, ölkədə də saxta yağ və digər süd məhsulları istehsal edən sexlər var və burada adətən gizli şəkildə saxta məhsullar istehsal olunur və satışa buraxılır. Belə yağların istehsalında spredlər və yarımtexniki yağ olan palma yağı ilə yanaşı quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır.
Qaldı ki, bu yağların istehsal və satış xərclərinə, burada da şübhəli məqamlar var. Əsil yağın hazırlanması xərci, yəni, təbii və təmiz şəraitdə onun real maya dəyəri indiki satış qiymətindən ən azı 3-4 dəfə çox olar. Demək bu yağlar tam saxta və təhlükəli məhsuldur və qidalanma üçün deyil. Təəssüf ki, bunu Qida Təhlükəsizliyi Agentliyinə heç cür başa sala bilmirik”.
Saxta yağlar orqanizmdə hansı xəstəliklər törədir?
Əksər mütəxəssislər mədə-bağırsaq pozğunluğunun əsas səbəblərindən biri kimi keyfiyyətsiz yağları göstərirlər. Mədə-bağırsaq həkimi Eldar Sultanovun dediyinə görə, keyfiyyətsiz yağdan istifadə həzm və mədə-bağırsaq sisteminin pozulmasına, ishalın və digər təhlükəli xəstəliklərin əmələ gəlməsinə səbəb olur. Eldar həkimin sözlərinə görə, bu cür yağdan istifadə edəndə orqanizmdə olan xolesterinin və ağır kimyəvi maddələrin miqdarı artmağa başlayır ki, bu da xərçəng, şəkər, ürək-qan-damar və mədə bağırsaq xəstəlikləri başda olmaqla bir sıra xəstəliklərin yaranmasına şərait yaradır.
Həkim həmçinin bildirir ki, yağ alan zaman diqqətli olmaq lazımdır. Çünki istehlak bazarında satılan yağların əksəriyyəti keyfiyyətsizdir və olanların tərkibində insan sağlamlığı üçün zərərli olan çoxsaylı maddələr var. Bu yağlardan istifadə zamanı isə onlar orqanizmə daxil olaraq zəhərlənmənin baş verməsinə səbəb olur.
Həkimin dediyinə görə zəhərlənmələr 2 cür olur. Tez zəhərlənmə və tədrici zəhərlənmə. “Daha qorxulusu tədrici zəhərlənmədir. Çünki bu zaman orqanizmdə gedən proses gizli inkişaf edir və bundan xəbər tutduqda artıq gec olur. Bəziləri deyir ki, bəs keyfiyyətsiz dediyiniz məhsulları yeyirik, heç nə olmur. Bu çox yanlış fikirdir. Çox vaxt insanlar ağır və sağalmaz xəstəliklərə düçar olduqda, bunun nədən baş verdiyinin fərqinə varmırlar. Yəni, əsl səbəbini öyrənmirlər və həkimdən tələb edirlər ki, onları sağaltsın. Uzun illər ərzində zəhərlənmiş orqanizmi, sıradan çıxmış daxili orqanları biz necə bərpa edə bilərik? Buna görə də vətəndaşlarımız qidalanmalarına ciddi fikir verməlidirlər. Əks təqdirdə sonra daha ciddi problemlərlə qarşılaşa bilərlər”-deyə həkim vurğuladı.
Bu sahəyə cavabdeh olan Qida Təhlükəsizliyi Agentliyi istehlak bazarına nəzarət edə bilmir, ya da etmək istəmir, hərdən keçirilən yoxlamalar zamanı bəzi məhsullar aşkar edilib satışdan çıxarılsa da, bu ümumi satışda olan qida məhsullarının heç 0,0001 faizini belə təşkil etmir. Halbuki, alıcılar satışda olan qida məhsullarının azı 80 faizinin təbii olmadığını, hətta zərərli və təhlükəli olduğuna əmindirlər. Lakin QTA-ya güvənmək lazım olub-olmadığına əmin deyillər.
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB