31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü, Azərbaycan millətinin birlik şüarinin simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Ali Sovetə müraciət ünvanladi. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması milli diasporun formalaşmasında, xarici ölkələrdə Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri oldu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitlik və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi, Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.
Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dünya azərbaycanlılarının milli birliyinin təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Uıu Öndər Heydər Əliyevin siyasi kursunu ugurla davam etdirən Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. Eyni zamanda qurultaylar bir daha dünya azərbaycanlılarının Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin ətrafında sıx birləşdiyini təsdiqlədi.
2007-ci il martın 9-da Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatları rəhbərlərinin birinci forumu isə bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilib, Azərbaycan Prezidenti İlham Əliyevin türk dünyasının birliyinə verdiyi əhəmiyyətin parlaq təzahürü kimi tarixə düşüb.
Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.
Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər.
Azərbaycanın bir sıra dünya ölkələrdəki formalaşmış diaspor fəalları Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayırlar. Son vaxtlar ölkəmizin siyasi həyatında baş verən hadisələr zamanı soydaşlarımızın vətən naminə atdığı addımlar, yumruğu bir yerə vurması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq bir amal, məqsəd uğurunda birləşməsinin bariz nümunəsidir. İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqimiza, soydaşlarımıza ünvanladıgı təbrikində bildirib ki, müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur. Bu gün əzəli torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan İkinci Qarabağ savaşında qazanılan tarixi Qələbəyə həsr edilmiş tədbirlərin keçirilməsi dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir Azərbaycanlının qəlbinin doğma yurdla döyünməsinin göstəricisidir. Əlbəttə ki, Azərbaycan dövləti hər zaman həmvətənlərinin yanındadır. Dünya ölkələri tərəfindən tanınması, haqq səsinin dünyaya çatdırılmasında kifayət qədər güclüdür, güclü diasporu formalaşıb. Vətənin haqq səsini yaşadıqları ölkələrdə ifadə gücündədirlər. Azərbaycan diasporunun belə mütəşəkil olması əlbəttə ki, diaspor quruculuğu sahəsində dövlətimizin apardığı ardıcıl siyasət, tətbiq edilən yeni proqramlar bəhrəsini verir. Görülən ardıcıl tədbirlər, dövlət tərəfindən işlənib hazırlanan konkret strateji istiqamətlər həmvətənlərimizin məskunlaşdıqları ölkələrin cəmiyyətlərində mövqelərini genişləndirməyə imkan yaradır.
Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan diaspora quruculuğu siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qayğısı və yüksək diqqəti sayəsində uğurla davam etdirilir. Mövcud vəziyyət belə deməyə əsas verir ki, yeni dünya düzəni və qloballaşma prosesləri nəticəsində diasporlar yalnız müəyyən dövlətin ərazisində məskunlaşmış eyni milli mənsubiyyətli insanların yaratdıqları ictimai hərəkat və ya birlik kimi nəzərdən keçirilmir, onlar həm də təmsil etdikləri xalqın milli maraqlarının fəal müdafiəçisi kimi də tanınırlar. Bu gün Azərbaycan diasporu dünyanın bütün qitələrində fəaliyyət göstərir.
Dünya ilə sərhədsiz münasibət quran Azərbaycan müxtəlif qitələrdə öz sözünü əməli çərçvəsində deyə bilir. Bütün bunlar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu diasora siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davamının məntiqidir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə