Dinin dövlətdə və cəmiyyətdə yeri necə tənzimlənməlidir? - ANALİZ

Dinin dövlətdə və cəmiyyətdə yeri necə tənzimlənməlidir? - ANALİZ

“Tarix və təcrübə göstərir ki, inkişaf etmiş ölkələr dini dövlət olduqları üçün deyil, dini dünyəvi fəaliyyətə qarışdırmadıqlarına görə inkişaf ediblər”- Mark Tven

Ta qədimlərdən indiyədək Azərbaycanda dini tolerantlıq hökm sürür və hansısa inancı seçdiyinə görə heç kimə problem yaradılmır. Çünki, təhlükə getdikcə dinə meylin artmasında yox, onun əksər hallarda siyasi-ideoloji funksiyanı yerinə yetirməsindədir. Azərbaycanda da dinin həm dövlət, həm cəmiyyət tərəfindən belə funksiyası qəbul edilmir.

Dini dünyagörüşün ehkamlaşması, elmi yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri, orta əsrlərdə Avropanın, Yaxın və Orta Şərqin tənəzzülünə səbəb olub. Dünyəvilik, deizm və ateizm ideyaları məhz bu mənfi hallara qarşı inkişaf edib.

Zaman göstərdi ki, yeni tarixi mərhələdə dinin dövlətdən ayrılması özünü doğrultdu, ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bildi. Avropanın, Rusiyanın, Yaponiyanın, Çinin, ABŞ-ın timsalında bu, daha aydın görünür.

Bəşəriyyətin mənəvi inkişafına səbəb olmalı olan dini ideologiyalar əksər hallarda siyasi müstəviyə keçirilərək, müəyyən dairələrin maraqlarını əks etdirməyə başlayıb və bu böyük faciələrə gətirib çıxarıb. Bəşəriyyət hələ də səlib yürüşlərini, din yaymaq adı altında ərəb təcavüzlərini unutmayıb. Hər iki prosesdə milyonlarla dinc insanın vəhşicəsinə öldürülməsini xatırlamamaq olmaz.

Lakin, müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya dini qarşıdurmaların şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror aktları davamlı xarakter alıb.

Yaxın Şərqdə, Şimali Afrikada siyasiləşmiş radikal dini təşkilatların insanların başına hansı oyunları gətirdiyini hər kəs bilir. Əfqanıstanda Talibanın vəhşiliklərini, Suriyada İŞİD-in insanlara divan tutmasını, Pakistanda və İraqda təriqətlərarası qırğınları və terror aktlarını, Türkiyədə təriqətçilərin dünyəvi dövlətə qarşı hansı oyunlardan çıxdığını görməmək mümkündürmü?

Bunları tam olaraq dinin adına yazmaq doğru olmazdı, amma dinlər elə hala salınıb, dini konfessiyaların başında elə adamlar yerləşib ki, onların dedikləri bütün fikirlər ardıcılları tərəfindən ilahi hökm kimi qəbul olunur.

Məsələn, dini liderinin tapşırığı ilə üzərinə bomba bağlayıb qadınları və körpələri qanına qəltan edən kamikadzenin bunu din yolunda etmədiyini kim idda edə bilər? Lakin, heç bir din öz ardıcılları üzərində belə tələblər qoymur. Əgər qoyursa, bu, artıq din deyil. Demək, əslində dində yox, dindən öz siyasi məqsədləri üçün istifadə edənlərdədir.

Müsəlman ölkələrini problem içində saxlamaq üçün onların daxilində etnik və dini ayrılıqları qabartmaq, qızışdırmaq yolunu seçən Qərbin imperialist dairələri bu ölkələrdə əsasən təriqətlərdən, camaatlardan, seperatçı millətçilərdən istifadə edirlər. Onların böyük əksəriyyəti isə nəyə alət olduqlarının fərqində belə deyillər.

Mark Tvenin “tarix və təcrübə göstərir ki, inkişaf etmiş ölkələr dini dövlət olduqları üçün deyil, dini dünyəvi fəaliyyətə qarışdırmadıqlarına görə inkişaf ediblər” fikrinin həqiqətə necə də uyğun olduğunu görmək üçün dünyanın fərqli ölkələrindəki vəziyyətə baxmağa ehtiyac var.

Hansında ki, din dövlətdən ayrıdır, o ölkələrdə yüksək elmi inkişaf, savadlı və mədəni cəmiyyət var (məsələn- Yaponiya, Şimali Amerika ölkələri, Avropa ölkələri, Rusiya, Çin və s.). Hansında ki, din faktoru güclüdür, o ölkələr böyük problemlər içindədir (məsələn- Əfqanısan, İraq, Suriya, Pakistan və s).

Dinin dövlətdən ayrı olduğu ölkələrdə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, idman, demokratik institutlar, mətbuat... daha çox inkişaf edib, dini rejimlərdə əksinə.

Dünya dinlərinin tarixdə yaratdığı problemlərdən danışarkən, bunu bütün dinlərə aid etmək ədalətsiz yanaşma olardı. Tarix göstərir ki, siyasi qüvvələr əsasən Yaxın Şərqdə yaranan və dünyaya yayılan “semit” mənşəli dinlərindən istifadə edə bilirlər. Bu dinlərin başında duran qüvvələr onlardan ancaq zor gücünə, savaş və qan tökmək hesabına öz hakimiyyətlərini genişləndirməyə can atıb (örnək- xaç və islam yürüşləri).

Qafqaz, Orta Asiya, Hindistan, Çin, Misir dərin fəlsəfi izahlara söykənən dinlərin daşıyıcılarından başqa xalqlara zərəri dəyməyib. Afrika, Amerika, Uzaq Şərq xalqları da heç zaman dini əldə bayraq edib başqa xalqlara təcavüz etməyiblər. Əksinə, yanlış olaraq bütpərəstlik adlandırılan bəzi dinlərin mənsubları daha sülhsevər mədəniyyət formalaşdırıblar. Məsələn, buddizm və induizm mənşəli dinlərin mənsubları “ahimsa” (heç zaman heç kimi, heç nəyi incitməmək, yaralamamaq; öldürməmək) prinsipini əsas götürürlər.

Göründüyü kimi, dünya din tarixində mənfi hallarla yanaşı, müsbət təcrübələr də var. Bu təcrübədən niyə yararlanmayaq, axı dinin orijinal funksiyası başqalarına zərər vurmaq deyil, mənəvi kamilliyin və sosial ədalətin bərqərar olmasıdır.

Hazırda dünyada qloballaşma, inteqrasiya prosesləri gedir. Tarix irqi, dini, milli, sosial diskriminasiyaya qarşı mübarizənin gücləndiyi yeni minilliyə qədəm qoyub. Amerika, Rusiya və Avropa ölkələrində artıq bütün xalqların, din mənsublarının bərabər hüquqlara malik olduğu nümunəvi cəmiyyətlər yaradılıb.

Bu sıraya Azərbaycan da daxildir. Azərbaycan xalqı da tarix boyu dini rejimlərin zəncirindən azad olan kimi, da bu yolu seçib. Azərbaycan xalqı tarixin heç bir dövründə öz dinini əldə bayraq edib heç bir xalqa, dövlətə, dinə qarşı təcavüz etməyib, sülh şəraitində yaşamağa üstünlük verib.

Təəssüf ki, bir çox ölkələrdə hələ də keçmişin mənfi ənənələri yaşamaqdadır. Bu cəmiyyətlər bəşəriyyətin acı təcrübəsindən dərs götürmək istəmirlər. Tərslikdən belə ölkələrdən biri də bizim qonşuluqda- Qafqazda bərqərar olub. Bunun altını da biz çəkirik.

Ermənilərin din adı altında, başqalarının torpaq və sərvətlərini ələ keçirmək uğrunda nə oyunlardan çıxdığını hər kəs bilir. Ermənilərin bu siyasəti həmin xalqın özünə hansı fəlakətlər gətirib- bunu ermənilərdən yaxşı bilən yoxdur. Amma bu xalq öz əməllərindən əl çəkmir. Xristian təəssübkeşliyi və bölgədəki maraqları böyük dövlətləri onları dəstəkləməyə vadar edir. Dini təəssübkeşlik hətta bəşəri dəyərləri də arxa plana atır. İndi də ermənilərin əli ilə Azərbaycanı və Türkiyəni daim təzyiq altında saxlamağa çalışırlar.

Azərbaycanda azsaylı xalqları qıcıqlandıraraq ölkədə süni çaxnaşma yaratmağa çoxsaylı cəhdlər edilib, amma ötən əsrin 90-cı illərində bu məsələlər yüksək ustalıqla birdəfəlik yoluna qoyuldu.

Dünyada olduğu kimi, Azərbaycanda da insanlar zaman-zaman müxtəlif dinlərə inanıb. Bu dinlərin hamısı monoteist xarakter daşısa da, zaman keçdikcə, onların bazasında saysız-hesabsız təriqətlər, məzhəblər, cərəyanlar, camaatlar yaranıb. Nəticədə dinin cəmiyyətdə vahid və sistemli şəkildə qəbul edilməsinə, öyrənilməsinə əngəl yaranıb.

Eyni zamanda, tariximizdə fərqli fikirli insanların təqib olunması və hətta edam olması faktları da vardır. Nəimi, Nəsimi kimi böyük dahilərin işgəncələrlə vəhşicəsinə qətlə yetirilməsində din (daha doğrusu dini liderlər) faktoru əsas olub.

XX əsrin əvvəllərində Azərbaycan xalqı aclıq, səfalət, mövhumat içində çapalayır və elmi, texnoloji, mədəni inkişaf cəhətdən sivil dünyadan xeyli geri qalırdı. Lakin bu xalqın içində Nərimanov kimi, Mirzə Cəlil kimi, Axundov kimi böyük mütəfəkkirlər, Avropada və Rusiyada təhsil alan ziyalılar var idi. Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.

20-ci illərdən başlayaraq təhsil kütləvi xarakter aldı və hətta yaşlılar belə təhsilə cəlb olundu. XX əsrdə Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə böyük dahilər, alimlər, sənətkarlar verdi.

Fanatik dindarların özündə cəmiyyətin şəriət qanunları ilə idarəsi və yaşamını ehtiva edən tələbləri, ateistləri və deistləri də qıcıqlandırır. Nəticədə cəmiyyətdə ideoloji qütbləşmə güclənir.

Bu və ya bu kimi hadisələrdən doğan kritik situasiyalarda ABŞ və Avropanın radikal dindarları müdafiə etməsi onların dünyaya elan etdikləri prinsiplərinə zidd getməkdən əlavə, həm də gizli məqsədlərinin nədən ibarət olduğunu görməyə imkan verir. Ərəb ölkələrində baş verənləri bir balaca analiz edəndə məsələ aydın olur.

Beləliklə, aydın görünür ki, hazırki situasiyada- xüsusilə də Azərbaycan kimi kiçik ölkədə böyük dövlətlər tərəfindən dəstəklənən dini təriqətlər cəmiyyət və dövlətçiliyimiz üçün yaxşı perspektiv vəd etmir. Məhz bu səbəbdən həm dövlətimiz, həm cəmiyyətimiz dini sahədə sivil münasibətlər yolunu tutub və radikal təriqətlərin burada fəaliyyəti üçün heç bir imkan yoxdur. Azərbaycan din mənsublarının qarşılıqlı münasibətləri və dinlərarası dialoq məkanı kimi dünyada nümunəvi ölkə kimi tanınır.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təbliği"istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə