Bir çoxları lider anlayışını müzakirə edərkən onu tək, yalnız, özünəməxsus parametrlər içərisində qiymətləndirirlər. Lakin bir məqamı unutmaq lazım deyil ki, lider məhfumunun əsas yaradıcısı xalqdır, cəmiyyətdir, hərəkatdır. Əslində lider olmaq müəyyən bir kəsimə, onların iradəsi ilə, onları təmsil etmək hüququ ilə rəhbərlik etmək deməkdir. Yəni lider olmaq üçün mütləq bir toplum, cəmiyyət, dövlət anlayışı lazımdır. Liderlik tək başına böyük bir məna ifadə etmir, vaxta qədər ki, onun arxasında onu dəstəkləyən kütlə olmasın. Regionumuzda liderlik anlayışı sizlərə elə də asan, elə də az məsuliyyətli gəlməsin.
Bir Avropa birliyi dövləti və cəmiyyəti ilə Cənubi Qafqaz kimi mürəkkəb konfiqurasiyaya malik bir bölgədə dövlət idarə etmək çox məsuliyyətli və zərgər dəqiqliyi tələb edən bir işdir. Regionumuzda müxtəlif hərbi, siyasi və iqtisadi maraqlar həm cəmləşir, həm də toqquşur. Məhz bu səbəbdən müstəqil daxili və xarici siyasət yürütmək, öz xalqının maraqlarını başqa dövlətlərin maraqlarından üstün tutmaq, xalqın rifah halını yüksəltmək kifayət qədər incə siyasi mahirlik tələb edən xüsusiyyətdir. Nəzərə alsaq ki, yeraltı və yerüstü sərvətlər bir çox regiona, bölgəyə və ölkəyə rifah və xöşbəxtlikdən çox müharibələr və bədbəxtliklər gətirib, onda bugünkü firəvan həyatımızın necə böyük çətinliklər, yuxusuz gecələr hesabına başa gəldiyini anlamaq elə də çətin olmazdı.
Xalqımız hər zaman liderlər yetişdirmişdir. Tarix şanlı səhifələrlə zəngindir. Müasir tariximizin təkcə Heydər Əliyev səlnaməsi bəs edir ki, biz öz rəhbərlərimizlə fəxr edək. Bugün isə tarixi inkişafımızın yeni mərhələsi meydana gəlməkdədir. Biz özünüdərkin zirvəsini yaşayırıq. Milli var olma, milli maraqların təminatı məhz İlham Əliyevin adı ilə bağlıdır. İlham Əliyev müasir, müdrik, sadə, səmimi və müzəffər liderdir.
Müstəqil siyasi institutlarımızın uğurlu fəaliyyəti, milli ordumuzun döyüş təcrübəli, qalib ordu kimi formalaşması və milli kadrlarla zəngin dövlət aparatının yaradılması kimi yeni dövrün, müasir çağırışlarına cavab verən dövlətçiliyimiz və o dövlətçiliyin banisi olan liderimiz var. Əlbəttə, möhtərəm İlham Əliyevin fəaliyyəti, onun milli maraqlara münasibəti bir çox siyasi elmi işin mövzusudur. Onun yaratdığı 5-ci nəsil ordunun döyüş qabiliyyəti, taktiki döyüş əməliyyatları hərbi məktəblərdə öyrənilir. Onun diplomatik qabiliyyətləri özünün də bitirdiyi Moskva Diplomatiya İnstitutunun dərsliklərində tədris olunur. Bax, budur İlham Əliyev zirvəsinin böyüklüyü.
Dünyada insanların hər biri bir fərddir. Onların duyğuları, düşüncələri, sevgiləri, yanaşmaları biri digərindən fərqlənir. Hər bir Azərbaycanlının öz liderini sevmək üçün öz səbəbləri, öz yanaşması, öz sevgisinin ifadə tərzi var. Bəzən sevgini bir böyük məqalə ilə ifadə edərsən, bəzən isə bir sözlə, bir cümlə ilə. Heydər babanın oğlusan deyən o körpə də, şəhid məzarı üstündə övladını torpağa tapşıran ana da, Şuşada bayraq qaldıran igirlərimiz də cənab Prezidenti sevir və ona güvənir. Onun sözü qanundur, onun sözü imzası qədər böyük gücə malik, hüquqa malikdir. Cənab Prezident, Sizin arxanızda xalqımızın ən ləyaqətli oğul və qızlarının birləşdiyi, Ulu Öndər zəkasının nuru olan Yeni Azərbaycan Partiyası dayanır və Sizi dəstəkləyir.
Bu gün Sizin ad gününüzdür. Mən Sizi, ailənizi və bütün xalqımızı səmimi qəlbdən təbrik edir, məsuliyyətli və çətin işinizdə uğurlar arzu edirəm. Əmin olun ki, hər bir Azərbaycan xalqının nümayəndəsi Sizin həyata keçirdiyiniz milli məzmunlu, səmimi siyasətinizi dəstəkləyir və ətrafınızda dəmir yumruq kimi birləşir. Siz bu il də adəti pozmadınız. Ad gününüzü öz ailənizlə və xalqınızla sadə, səmimi şəraitdə qeyd etdiniz. Hər dəfə döyüş bölgəsində və məcburi köçkünlərlə görüşürdünüz, bu dəfə isə gününüzü işğaldan azad etdiyiniz torpaqlarda qeyd edirsniz. Yenə oradasınız, yenə öz ordunuzla getmisiniz. Elə böyük bir zəfərlə, elə böyük bir töhfə ilə səfər etmisiniz ki, yer də, göy də titrəyib məhvərinizdən.
Siz, cənab Ali Baş Komandan, ata nəsihətini yerinə yetirən oğulsunuz, Siz Ulu Öndər Heydər Əliyevin yadigarısınız, Siz bu xalqın qəhrəman oğlusunuz, Siz zəfər bayrağı sancan bayraqdarsınız. Biz sizinlə qürur duyuruq!
Yaşasın rəşadətli ordumuz, yaşasın müdrik xalqımız, yaşasın müzəffər Ali Baş Komandan!
Vüqar Seyidov,
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatın sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB