Ginekoloq: “Valideynlər öz ailə tərkiblərini istədikləri sayda saxlamaq üçün öz körpələrini abortla qətl etdirirlər”
Sosioloq: “Heç olmasa, 3-cü uşaqdan başlayaraq ciddi məbləğdə birdəfəlik yardım və normal məbləğdə aylıq müavinət ödənməlidir”
Ailə planlaması ailədəki uşaqların sayını kimsəyə zərər vermədən müəyyənləşdirmək deməkdir. Yəni, valideyn aborta getmədən, uşağı bətnində öldürtmədən istədiyi sayda uşaq sahibi ola bilər. Amma ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq da demək deyil. Bəs bu məsələ necə tənzimlənməlidir? Bu yazıda ekspertlərin köməyi ilə aydınlıq gətirməyə çalışmışıq.
Azərbaycanda abortların sayı artır
Ailələrin istənilən sayda uşaq sahibi ola bilmələri üçün tətbiq olunan üsullara “ailə planlaması” deyilir. Xüsusilə qeyd edək ki, ailə planlaşdırılması doğumun qarşısını almaq, sonsuzluq yaratmaq demək deyil. Ailə planlaması bir növ nəzarət altında olan doğuş sayı deməkdir. Bu o deməkdir ki, abort statistikasının yüksəlməsində iştirak etmirsiniz.
Ölkədəki abort statistikası göstərir ki, qadınlarımız hamiləliyin qarşısının alınması üçün heç bir vasitədən istifadə etmir və ailə tərkibini körplərini qətl etdirmək bahasına “qoruyurlar”. Orta hesabla, hər il Azərbaycanda 35 min abort halı qeydə alınır. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 70 mindən çoxdur.
Yeri gəlmişkən, ötən il ölkədə ümumilikdə 37 min 308 qadın abort etdirib və bu göstərici əvvəlki illə müqayisədə 3,2% və ya 1167 nəfər artıb. Ekspertlər bir çox abort hallarının rəsmi qeydiyyata alınmadığını, bu səbəbdən real rəqəmin azı 2 dəfə yüksək olduğunu güman edirlər.
Müasir dövrdə istənilən problemin həllini tapan elm adamları valideynlərin istədikləri sayda uşaq sahibi olmasına da çarə tapıblar. Həm də bu çarə yeni deyil. İndi analar maddi problemlərinə, şəxsi sağlamlığına və yaxud da başqa bir səbəbə görə aborta getmək məcburiyyətində deyillər. Çünki indi nəzarət altında olan doğum üçün ailə planlaması anlayışı var. Ailə planlaması ailənin istədiyi zaman uşaq sahibi ola bilmək, doğulacaq körpənin və ananın sağlamlığını maksimum düşünmək deməkdir.
Həmçinin, ailə planlaması valideynləri övlad sağlamlığı mövzusunda məlumatlandırmaq, ana və uşaq ölümlərinin qarşısını almaq, körpələrin sağlamlığını qorumaq, riskli hamiləliklərin qarşısını almaq, arzuolunmayan hamiləlikdən qorunmaq, daha gənc və qoca yaşda istənməyən hamiləliyin qarşısını almaq deməkdir.
Bu gün dünyada mütəxəssislər ailə planlamasını insanları övlad sağlamlığı mövzusunda məlumatlandırmaq, ana ölümlərinin qarşısını almaq və sağlamlığını qorumaq, körpələrin sağlam doğulmalarını və yaşamalarını təmin etmək, yüksək riskli və arzu olunmayan hamiləliklərin qarşısını almaq, uşaq sahibi olmaq istəyənləri tibbi kömək, valideynləri ailə planlamasının vasitələri ilə tanış etmək, daha gənc və ya ahıl yaşda istənməyən hamiləliyin qarşısını almaq kimi xarakterizə edir.
Dünyanın bir çox ölkəsində ailələr ödənişsiz formada ailə planlaması seminarlarına cəlb edilir, subay və ya yeni ailə quran gənclər, artıq övladı olan ailələr belə bu treyninqlərdə iştirak edirlər. Bəzi ölkələrdə doğum evlərində qoruyucu vasitələr də ödənişsiz paylanır, bu doğuşlar arası müddətin tənzimlənməsi üçün vacib hesab edilir.
Həkim: “Elə qadın var ki, ildə 8-9 dəfə aborta gedir”
Həkimlər bildirirlər ki, daha çox uşaq doğulması ananın daha sağlam və daha uzunömürlü olmasını təmin edir. Lakin doğumlararası müddətə fikir evrilməlidir. Əgər uşaqların doğulması arasındakı zaman 2 ildən az olarsa, uşağın və ananın həyatında təhlükə yarana bilər.
Ginekoloq Arzu Məmmədova deyir ki, doğuşlar arasında ən az 2 il zaman olmalıdır: “Əgər doğuşlararası müddət kifayət qədər olmazsa bu cür hamiləlikdən doğulan uşaqların azçəkili, fiziki qüsurlu olmaları ehtimalı böyük olur. Ailə planlaması bu zamanlarda qadınların köməyinə yetir. İndi tibbdə əsasən 3 qoruma vasitəsindən istifadə edilir ki, bunlar da prezervativ-örtüklər, qoruyucu dərmanlar və uşaqlıqdaxili spirallardır. Biz ən etibarlı və zərərsiz vasitə olan uşaqlıqdaxili spiralları məsləhət görürük. Bu üsulun tətbiqi zamanı uşaqlığın ağzı bağlanır və yumurtalarla spermaların birləşməsinin və hamiləliyin reallaşmasının qarşısı 98 faiz alınır”.
Ginekoloq deyir ki, ölkəmizdəki abort statistikası qadınların hamiləliyin qarşısının almaq üçün heç bir vasitədən istifadə etmədiyini də təsdiqləyir: “Təsəvvür edin, rəsmi statistika ildə 35 min civarında abort olunduğunu deyir, qeydə alınmayan rəqəmləri də əlavə eləsək ildə azı 50-60 min abort hadisəsi baş verdiyini düşünmək olar. Kobud dillə desəm, valideynlər öz ailə tərkiblərini istədikləri sayda saxlamaq üçün körpələrini qətl etdirirlər. Əslində çox qadın bilir qorunmağın yollarını, amma bəzisi qorxur ki, bu vasitələr zərərli ola bilər, bəziləri həyat yoldaşının təkidi ilə imtina edir. Amma elə qadın var ki, ildə 4-5 dəfə, eləsi var 8-9 dəfə aborta gedir, bunu zərər hesab eləmir. Halbuki, abort faktiki qətl hadisəsi olmaqdan əlavə, həm də ana orqanizni üçün son dərəcə təhlükəlidir. Tibbi ailərlər abort zamanı uşaqlığın divarına zərər verir və gələcəkdə qüsurlu uşaqların doğumuna səbəb olur”.
Həkim deyir ki, qadınlarımız ailə planlaması barədə olduqca az məlumata malikdirlər: “Bu haqda bilənlər həm azdır, həm də daha çox paytaxtda və ölkənin digər böyük şəhərlərində yaşayanlardır. Rayonlarda və kənd yerlərində nisbətən az qadın bu barədə məlumata malikdir”.
Məlumat üçün bildirək ki, Beynəlxalq Ailə Planlaması Federasiyasınının 1995-ci ildə qəbul etdiyi “Nəsil artırma və cinsi haqlar” haqqında xüsusi bildirişi var. Həmin bildirişə görə bütün qadınların nəsil artırma zamanı sağlamlığını qorunmaq üçün qoruyucu vasitələrdən istifadə etmə hüququ var. Sözügedən bildirişə görə, qadınların ailə planlaması haqqında lazımlı məlumatlarla tanış olması və olunması da zəruridir.
Sosioloq: “Bu strateji milli təhlükəsizlik məsələsidir”
“Altay” Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin (ASAM) rəhbəri, sosioloq Elçin Bayramlının fikrincə, ailə planlanması azuşaqlılığı təmin etmək üçün yox, uşaqlar arasındakı normal müddəti və uşaqların uyğun vaxtda doğulmasını təmin etmək üçün olmalıdır: “Azərbaycanda bütün tarix boyu azuşaqlı ailələr nadir olub. Yəni, 1 və ya 2 uşaq az sayılıb. 3-5-7 hətta daha çox uşaqlı ailələr çox olub. Müasir dövrdə həyat şəraitləri və sair problemlərdən ailələr 1-2 uşağa üstünlük verir ki, bu milli genefondumuz və demoqrafik vəziyyətimiz üçün təhlükəlidir. Çünki, bir xalqın yaşaması üçün ailələrdə minimal uşaq sayı 3 olmalıdır. Əks halda getdikcə əhalinin azalması, qocalması və gələcəkdə həmin xalqın yoxa çıxması baş verə bilər”.
Sosioloq hazırki vəziyyətdə uyğun olan uşaq sayına da toxunub: “İndiki şərtləri nəzərə alıb deyə bilərəm ki, ideal variant 2-3-4 uşaqdır. Yəni, 2-dən az uşaqlı ailə normal ailə kimi qəbul olunmamalıdır. Yaxşı ola ki, ailələrin çoxu 3-4 uşaqlı olsun. Burada sosial faktorlarla yanaşı, mənəvi-psixoloji faktorların da böyük rolu var. Məsələn, kimlərsə deyə bilər ki, bəs ailələr 3-4 uşağı saxlaya bilmir, madi vəziyyət imkan vermir. Düzdür, bu səbəb də var. Lakin gəlin reallığa baxaq, çoxuşaqlı ailələrin az qala hamısı maddi təminatı yüksək olmayan ailələrdir. Əksinə, maddi təminatı yüksək olan ailələr 1-2 uşaqla kifayətlənir. Bu, xarici ölkələrdə də belədir”.
ASAM sədri hesab edir ki, buna baxmayaraq, bu məsələnin həlli üçün sosial rifahın yaxşılaşdırılması vacibdir: “Belə ki, əksər ölkələrdə mövcud olan, bizdə Sovet vaxtı tətbiq olunmuş “uşaqpulu” yenidən bərpa olunmalıdır. Əgər dövlət bütün uşaqlara pul verə bilmirsə, onda heç olmasa, 3-cü uşaqdan başlayaraq ciddi məbləğdə birdəfəlik yardım və normal məbləğdə aylıq müavinət ödənməlidir. 5 və daha çox usagı olanlara avtomobil və mənzili yoxdursa mənzil verilə bilər. Əksər ölkələrdə belə edirlər. Bu tədbirlər həyata keçirilsə, sürətlə artan 1 uşaqlılıq, 2 uşaqlılıq problem aradan qalxa bilər. Bu strateji milli təhlükəsizlik məsələlərindən biridir”.
Qeyd edək ki, Azərbaycanda 5 və daha çox uşaqlı ailələrin sayı 3 minə, 4 uşaqlı ailələrin sayı 125 minə yaxındır. 1 uşaqlı ailələrin sayı 400 min, 2 uşaqlı ailələrin sayı 53 min, 3 uşaqlı ailələrin sayı isə 260 min civarındadır. Statistikaya görə, 3 və daha çox uşaqlı ailələrin sayı getdikcə azalır, 1-2 uşaqlı ailələrin sayı isə artır. Bu artıq həyəcan təbilidir.
Lalə Mehralı
Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB