Ərazilərin bərpasından sonra həyat əvvəlki axarına qayıdacaq - ŞƏRH
Prezident İlham Əliyev: "Tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq"
İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq".
Qeyd edək ki, torpaqlarımız azad olduqca müharibə getməsinə baxmayaraq işğaldan azad olunan torpaqlarımızda abadılıq işləri aparılırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə işğaldan azad edilən yaşayış məntəqələrimizdə artıq yeni dövr başladığını diqqətə çatdıraraq, hazırda bu ərazilərdə acınacaqlı vəziyyətin hökm sürdüyünü, yaşayış məntəqələrinin xarabalığa çevrildiyini, hətta evlərin pəncərə çərçivələrinin belə oğurlandığını, infrastrukturun tamamilə dağıdıldığını, salamat bir bina belə saxlanılmadığını, yerüstü və yeraltı sərvətlərin talan edildiyini, tarixi-dini abidələrin barbarcasına yerlə-yeksan edildiyini bildirib. Dövlətimizin başçısı, eyni zamanda, xatırladıb: "Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ermənilər hesab edirdilər ki, bu dağıntılardan sonra heç vaxt Azərbaycan əhalisi bu torpaqlara qayıtmayacaq. Səhv etdilər. Onlar bilmirlər ki, Azərbaycan xalqının ürəyində – bizim xalqımızın qəlbində doğma torpaqlar əbədi yaşayır və yaşayacaq. Bizim bütün köçkünlərimiz bu illər ərzində bir arzu ilə yaşayıblar ki, öz doğma torpaqlarına qayıtsınlar, dövlətin dəstəyi və köməyi ilə orada özləri üçün yeni həyat qursunlar".
"Azərbaycan və İtaliya arasında dostluq, xalqlarımız arasında qarşılıqlı müsbət yanaşma artıq reallığa çevrilib"
"İtaliya parlamentarilərinin səfəri Azərbaycan cəmiyyətində çox yüksək dəyərləndirildi. İnsanlar bütün dəstək əlamətlərini çox böyük diqqətlə izləyirlər, ona həssaslıqla yanaşırlar. Bir sözlə, bütün cəmiyyət həmin səfəri dəstəyin təzahürü kimi qəbul etdi".
Prezident İlham Əliyev bu fikirləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
"Həmçinin insanlar qeyd edir və mən onların rəyi ilə razıyam ki, qonşularınızdan bəziləri parlamentdə Dağlıq Qarabağın tanınması ilə bağlı müəmmalı qətnamələr qəbul edirlər. İtaliyanın millət vəkilləri Azərbaycana hörmət və ehtiramını ifadə etmək, Azərbaycan xalqının əziyyətlərini bölüşdüyünü bildirmək üçün Ağdama getdilər, Gəncəyə səfər etdilər", - deyə dövlətimizin başçısı bildirib. .
Azərbaycan və İtaliya arasında dostluğun və xalqlarımız arasında qarşılıqlı müsbət yanaşmanın artıq reallığa çevrildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: "Biz, həmçinin sizin səfərinizi bunun yaxşı əlaməti kimi dəyərləndiririk. Əminəm ki, səfərinizin çox müsbət nəticəsi olacaq və biz bütün sahələrdə güclü əməkdaşlıq məqsədilə növbəti 5–10 il üçün gündəliyimizi lazımi şəkildə tərtib edəcəyik".
"Biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq"
"Biz ölkələrimiz arasında gözəl siyasi münasibətlərimizdən faydalanaraq iqtisadi əməkdaşlıq və daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətə cəlb edilməsi məsələlərini nəzərdən keçirmək niyyətindəyik. Buraya ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, Azərbaycanın dağıdılmış şəhərlərinin bərpasına dair böyük planlarımız da daxildir. Çünki bizim yeni infrastrukturun yaradılmasına - yeni yolların, dəmir yolu xətlərinin, hava limanlarının, məktəb və xəstəxanaların inşasına ehtiyacımız var".
Prezident İlham Əliyev bu fikirləri İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Qarabağın kənd və şəhərlərinin ermənilər tərəfindən vəhşicəsinə darmadağın edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Biz yenidənqurma işləri ilə bağlı ilk addımlar atmışıq. İlk müqavilələr artıq bağlanıb və dediyim kimi, biz işğaldan azad olunan ərazilərdə dost ölkələrdən olan şirkətlərlə çalışacağıq. İlk müqavilələr türk şirkətləri ilə bağlanılıb və bu da təbiidir, çünki Türkiyə qardaş ölkədir".
Prezident ümidvar olduğunu bildirib ki, növbəti müqavilələr italyan şirkətləri ilə imzalanacaq: "Bu da təbiidir. Çünki İtaliya Azərbaycanın yaxın dostudur. Ölkələrimiz arasında çoxillik diplomatik münasibətlərin mövcudluğu dövründə və xüsusilə də müharibə zamanı biz sizin mövqeyinizin şahidi olduq. Ölkənizin parlament nümayəndələrinin müharibənin başa çatmasından bir aydan az vaxt keçməmiş Azərbaycana səfəri bizim güclü dostluq münasibətlərimizi nümayiş etdirir. Biz bu həmrəylik və dəstək jestini yüksək qiymətləndiririk".
"İşğaldan azad olunmuş ərazilərin bərpasında iştirakla bağlı İtaliya tərəfinə təkliflər verilib"
"İndi ölkəmizin yeni dövrü başlayır, biz bütün o bölgələri yenidən quracağıq. Artıq ilkin addımlar atılır, ilkin infrastruktur layihələrinə start verilib. Sizin Ağdamda gördüyünüz mənzərə azad edilmiş bütün torpaqlarda müşahidə olunur. Füzuli şəhərində də bir dənə salamat bina qalmayıb. Cəbrayıl, Zəngilan, Qubadlı eyni vəziyyətdədir". Prezident İlham Əliyev bu barədə İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə danışıb.
Gəncəyə və Ağdama səfər etdiklərinə görə qonaqlara minnətdarlığını bildirən dövlətimizin başçısı deyib: "İndi bərpa dövrü başlayır, genişmiqyaslı quruculuq işləri aparılacaq. Əlbəttə ki, Azərbaycan şirkətləri, ilk növbədə, bu işlərdə iştirak edəcək və bizim üçün dost olan ölkələrin şirkətlərini də biz dəvət edəcəyik, daha doğrusu, artıq dəvət etmişik. Mən çox istərdim ki, İtaliya şirkətləri bu işlərdə, yəni, bərpa, yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verildi. Yaxın günlərdə videokonfrans vasitəsilə ilkin təmaslar olacaq".
Prezident İlham Əliyev qeyd edib ki, əsl dostluq özünü çətin anlarda göstərir: "Bizim üçün də bu müharibə, eyni zamanda, onu göstərdi ki, Azərbaycanın əsl dostları kimlərdir, hansı ölkələrdir. Biz dostluğu qiymətləndirən xalqıq. Sizin Azərbaycana səfəriniz bir daha onu göstərir ki, İtaliya doğrudan da Azərbaycanın əsl dostudur".
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında bərpa zamanı bütün tədbirlərin əsaslı şəkildə gerçəkləşdiriləcəyini, bunun üçün Baş plan hazırlanacağını, mütəxəssislər cəlb olunacağını, infrastruktur layihələrinin planlı şəkildə icra ediləcəyini, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlərin görüləcəyini diqqətə çatdırıb. Eyni zamanda, vətəndaşlara dədə-baba yurdlarına qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcəyini də xüsusi vurğulayıb.
Qeyd edək ki, əslində, Prezident, Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirdiyi kimi, Azərbaycan artıq bərpa işlərinə başlayıb. Füzulidən Şuşaya yeni yolun çəkilişi ilə bağlı bütün müvafiq göstərişlər verilib, Prezidentin ehtiyat fondundan ilkin olaraq 50 milyon manat vəsait ayrılıb. Bu işə gələn il də əlavə vəsait yönəldiləcəyi nəzərdə tutulub.
Bir sözlə, keçirilən görüş bir daha sübut etdi ki, Azərbaycan və İtaliya möhkəm təməllər üzərində qurulan əməkdaşlığı daim dəstəkləyib, onun yüksək səviyyədə genişləndirilməsində maraqlı olub. Xüsusilə də, ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı yolunda İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyətinin bu günlərdə Azərbaycana səfəri bu deyilənlərin reallığıdır.
Bu səfərlə Ağdamda, oktyabrın 11-də, 17-də gecə saatlarında cəbhə zonasından uzaqda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin ayrı-ayrı məkanlarında Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayət izləri ilə tanış olan nümayəndə heyəti faşist ideologiyasını dəstəkləyən Ermənistan hakimiyyətinin işğalçılıq siyasətinin nəticələrini, hərbi cinayətlərini öz gözləri ilə görüb, erməni vandalizminin şahidi oldular.
Onu da qeyd etmək yerinə düşər ki, İtaliya Azərbaycanın Avropa İttifaqı və ATƏT çərçivəsində sıx əməkdaşlıq etdiyi ölkə kimi Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan müzakirələrdə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləyib, ölkəmizin səmimi, qətiyyətli və sadiq tərəfdaşı olduğunu təsdiq edib. Azərbaycanın 44 günlük haqlı savaşından sonra Azərbaycana səfər edən elə ilk Avropa nümayəndə heyətinin məhz İtaliyalı parlamentarilərinin olması da Azərbaycan-İtaliya əlaqələrinin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB