Mərhəmət və xeyirxahlığın ali ünvanı - ŞƏRH

Mərhəmət və xeyirxahlığın ali ünvanı - ŞƏRH

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsi humanizm əməllərinə söykənir

"Həyatda nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs özünü şəxsi həyatının və dünyanın qurub-yaradıcısı, yaxud dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə, elə də olmalısan - bax, budur bizim həyatımız. Bu sözlərin müəllifi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əlşiyevadır. Millət və dövlət maraqları baxımından müstəsna əhəmiyyətə malik bir sıra layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu hər bir xoş məram ali idealı özündə ehtiva edir. Azərbaycanın Birinci xanımının fəaliyyəti aşılmaz sayılan sərhədləri belə adlayır. Daima xalqın yanında olan, onun problemləri ilə maraqlanaraq sosial layihələrin müəllifinə çevrilən Mehriban xanmım Əliyeva bu gün də ən çətin məqamlarda xalqın yanındadır. Bu günlərdə daha bir yeni layihəyə imza atması Onun xeyriyyəçilik, humanist addımlarının davamıdır. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və “Bravo” supermarketlər şəbəkəsi işğaldan azad olunmuş ərazilərdə xidmət edən hərbi qulluqçularımız üçün yeni dəstək aksiyasının həyata keçirilməsinə başlamasi humanizm əməllərə söykənir. Aksiya çərçivəsində dekabrın 18-dən başlayaraq Kəlbəcər rayonu, Xocavənd rayonunun işğaldan azad olunmuş hissəsi və Hadrut qəsəbəsində hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılmasına başlanılıb. Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə “Bravo” supermarketlər şəbəkəsinin nümayəndələri işğaldan azad olunmuş ərazilərə səfər edərək bağlamaları hərbi qulluqçularımıza çatdırıblar, həmçinin əsgərlərimizlə söhbət edərək onların istəklərini qeydə alıblar. Hərbi qulluqçularımızın istək və ehtiyaclarının qarşılanmasına xüsusi həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın təşəbbüsü çərçivəsində növbəti günlərdə işğaldan azad olunmuş digər ərazilərə də səfərlər təşkil ediləcək. Aksiyanın davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondu tərəfindən aprel döyüşlərində yaralanmış bir qrup hərbi qulluqçulara protezlərin təqdim edilməsi Silahlı Qüvvələrin şəxsi heyətinə göstərdiyi diqqət və qayğının daha bir nümunəsidir. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusu erməni təxribatının qarşısını alaraq, uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri azad etdi və dördgünlük şiddətli döyüşlərdən bir neçə gün sonra Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezidentin cəbhəboyu kəndlərə səfər etməsi, əhali ilə görüşməsi, dağıdılmış evlərin bərpası istiqamətində verilən tapşırıqlar Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilib. Əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqət bir daha sübut edir ki, ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsi diqqətdədir. 2016-cı ildə aprel döyüslərində əlil olan zabit və əsgərlərimizin protezlərinin bionik, yəni, hərəkət edən protezlərlə əvəzləndi. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürmüsdü. Bu gün də döyüşdə qəhrəmanlıq göstərlərə diqqət və qaygı var.

Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, onun bütün nəsillərə örnək olan irsini təbliğ etmək məqsədi ilə 2004-cü il mayın 10-da fəaliyyətə başlayan Heydər Əliyev Fondu Azərbaycanın sosial inkişafına xidmət edən genişmiqyaslı proqram və layihələrin icraçısına çevrilib. Mehriban Əliyevanın təşəbbüsü və məqsədyönlü fəalliyyəti nəticəsində fond fəaliyyəti dövründə müxtəlif sahələri əhatə edən çoxsaylı layihələr reallaşdırmışdır. Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir.

NƏZAKƏT ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə