Şəhidlik zirvəsinə ucalan Vüsal Cəfərov Daşkəsəndə dəfn olundu - FOTOLAR

Daşkəsənlilər hər zaman öz vətənpərvərliyi ilə seçiliblər. İstər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərib, neçə-neçə igid oğullarımız şəhidlik zirvəsinə yüksəlib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş qismən səfərbərlik nəticəsində Daşkəsən rayonundan da onlarla gəncimiz könüllü olaraq bu çağırışa qoşulub.

Vətənimizin azadlığı üçün bu yolda canını əsirgəməyən, ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizlə qürur duyuruq!

Onlardan biri də 1995-ci il təvəllüdlü, şəhid Cəfərov Vüsal Saxləddin oğlu bu gün rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhidin dəfnində çıxış edərək bildirib ki, müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli, güclü ordusu doğma torpaqlarımızı erməni işğalından azad edib, Qarabağda Azərbaycan bayrağı yüksəkliyə qaldıraraq qələbə çaldı. Yeni, müasir Azərbaycan tarixini yazdılar. Ulu Tanrıdan dünya şöhrətli ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi qorumağı və Prezidentimizin də dövlətimizi, xalqımızı qorumasını arzulayıb.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsi döyüşlərində neçə-neçə hərbçi əsgər və zabitlərimiz şəhidlik zirvəsinə ucalıb. Şəhid Cəfərov Vüsal Saxləddin oğlu həmişə ürəyimizdə, qəlbimizdə əbədi yaşayacaqdır.

Əhəd Abıyev şəhidimiz Cəfərov Vüsal Saxləddin oğluna uca Allahdan rəhmət diləyib, bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək onların valideynlərinə səbr arzulayıb.

Şəhidin atası öz oğlunun şəhid olmasından qürur hissi keçirdiyini bildirib, onun oğluna göstərilən diqqətə görə ölkə rəhbərinə və rayon ictimaiyyətinə minnətdarlıq edib.

Bütün xəbərlər Facebook səhifəmizdə