“Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX Forumu çərçivəsində qəbul edilən - QƏTNAMƏ

“Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX Forumu çərçivəsində qəbul edilən - QƏTNAMƏ

“Biz birlikdə güclüyük” adlı Azərbaycan gənclərinin IX Forumu çərçivəsində keçirilən Bakı şəhər zona toplantısının qətnamə layihəsi qəbul edib. Hörmətli zona toplantısının iştirakçıları, əziz gənclər! Azərbaycan gənclərinin “Biz birlikdə güclüyük” adlı IX Forumu çərçivəsində keçirilən Bakı şəhər zona toplantısının qətnamə layihəsini icazənizlə diqqətinizə çatdırıram.

Bakı şəhər zona toplantısı gənclərin IX Forumu çərçivəsində qeyd edir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan demokratik islahatlarda, dövlət quruculuğu proseslərində, torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən Vətən müharibəsi döyüşlərində gənclərin iştirakı və fəallığı daha da artmışdır. Xüsusilə də ötən Forumdan keçən dövr ərzində gənclər cəmiyyətin aparıcı qüvvəsi olaraq, Respublikada bütün sahələrdə əldə olunan dinamik inkişafa öz töhvələrini vermiş, onların zəngin potensialı məqsədyönlü şəkildə xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılmasına, Azərbaycan dövlətçiliyinin ümummilli strateji maraqlarının təmin olunmasına yönəlmişdir.

Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bugün də cənab Prezident tərəfindən gənclər siyasətinin uğurla davam etdirilməsi müstəqil dövlətçiliyimizin inkişaf starategiyasının prioritet istiqaməti kimi gənclərin sosial, mədəni, fiziki, mənəvi, intellektual və vətənpərvər ruhda inkişafına, sosial problemlərinin həllinə və hüquqlarının müdafiəsinə xidmət etmişdir.

Vətən müharibəsində döyüşən xalqımızın qəhrəman əsgər və zabitləri, könüllülərin böyük əksəriyyəti gənclər idi. Mövcud gənclik 2020-ci ildə Qarabağı Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad edən gənc nəsil kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Ordumuzun sıralarına qoşulmuş minlərlə gənclərimizin və onlara dəstək olan vətəndaşlarımızın hər birinin həyat hekayəsi, fərdi döyüş qəhrəmanlığı, şücaəti nəinki regionda, hətda dünyada yeni siyasi və hərbi reallıq yaratdı. Bu da təsadüfi deyil, çünki Azərbaycan gəncliyinin əsas amalı azərbaycançılıq ideyasını rəhbər tutaraq dövlət maraqlarını qorumaq, dövlətini daha da inkişaf etdirmək kimi prinsipial mövqedə dayanmaqdır.

Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib. Belə ki, Silahlı Qüvvələrin maddi-texniki bazası həm xaricdən alınmış, həm də ölkəmizdə istehsal edilmiş milli məhsullar hesabına daha da gücləndirilmişdir. Əks hücum əməliyyatı ilə 44 gün ərzində torpaqlarımızı 30 illik işğaldan azad etmiş rəşadətli ordumuz öz döyüş qabiliyyəti ilə sübut etdi ki, Azərbaycan Ordusu ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir. Azərbaycan bütün dünyaya XXI əsrin yüksək texnologiyaları ilə aparılan müharibənin nümunəsini göstərdi. Bu müharibə silahlarla yanaşı, bilik və məntiqin, diplomatiya və siyasətin qarşılaşması oldu və daha güclü olan Azərbaycan qalib adını qazandı.

Bəşəriyyəti öz təsiri altına almış COVİD-19 pandemiyasının ölkəmizdə də yayılması ilə əlaqədar paytaxt rayonları üzrə müxtəlif istiqamətli könüllü qruplar yaradılmış, paytaxt gəncləri arasında maarifləndirmə işləri aparılmışdır. Bu xüsusda məlumatverici konfrans, seminar, təbliğat aksiyaları, müsabiqələr könüllülər ili çərçivəsində üstünlük təşkil etmişdir.

Ötən Forumdan bu günədək fərman və sərəncamları, normativ-hüquqi sənədləri, dövlət proqramlarını rəhbər tutaraq, gənclər siyasətinin uğurla həyata keçirilməsi istiqamətində dövlət qurumlarının birgə fəaliyyətindən əldə olunan nailiyyətləri müsbət qiymətləndirən Bakı şəhər Gənclərinin Zona toplantısında səsləndirilən məruzə və çıxışlar, həmçinin paytaxt gənclərinin təkliflərini nəzərə alaraq

QƏRARA ALINIR

Azərbaycan Gənclərinin VIII Forumundan bugünədək keçən dövr ərzində gənclərlə iş sahəsində paytaxtda həyata keçirilən fəaliyyət müsbət qiymətləndirilsin və qarşıdakı dövrdə aidiyyatı təşkilatlarla birgə fəaliyyətinin daha da gücləndirilməsi tövsiyyə olunsun.

“Azərbaycan Gəncliyi 2017–2021-ci illərdə Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrası qənaətbəxş hesab edilsin.

COVİD-19 pandemiyasının ölkəmizdə yayılmaması üçün, paytaxt gəncləri arasında maarifləndirilmə işinin gücləndirilməsi, bu istiqamətdə mütəxəssislərin iştirakı ilə onlayn toplantılar və digər tədbirlərin keçirilməsi davam etdirilsin.

Şəhid və qazi övladlarının Gənclər və İdman Nazirliyinin nəzdində olan düşərgələrdə istirahətinin təşkili təmin edilsin

“Qəhrəmanlarımızı tanıyaq” adı ilə Vətən müharibəsində iştirak etmiş, yaralanmış, xüsusi fərqlənərək şücaət göstərmiş şəxslərlə gənclərin görüşləri, müsabiqələr, müxtəlif səpkili tədbirlər keçirilsin və onların qəhrəmanlıqlarının təbliğatı işinin aparılması təşkil olunsun.

Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsini əbədiləşdirmək məqsədilə kütəvi bədən tərbiyəsi və idman sahəsi üzrə tədbirlər, turnirlər və çempionatlar keçirilsin.

İşğaldan azad olunmuş torpaqlarımızda dövlət tərəfindən aparılan tikinti-bərpa işlərinə yay istirahəti tətilində ali təhsil müəssisələrinin tələbələri könüllülük prinsipi əsasında inşaat - əmək dəstələri qismində cəlb olunsun.
İşğaldan azad olunmuş rayon və şəhərlərdə fəaliyyət göstərəcək dövlət qurumlarında gənclərin işlə təmin olunması üçün, “Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu”nda əlavə təkliflərin qəbul olunması məsələsinə baxılsın.

27 sentyabr “Anım Günü” və 8 noyabr “Zəfər Günü” ilə əlaqədar sərəncam rəhbər tutularaq, gənclər, idman və kütləvi bədən tərbiyəsi sahələrini geniş əhatə edən silsilə tədbrilər təşkil olunsun.
44 günlük Vətən müharibəsindən bəhs edən internet portalı yaradılsın.

Bakı şəhəri
18 dekabr 2020-ci il

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə