Azərbaycan miniatür sənətinin dünya incəsənəti tarixində özünəməxsus yeri var
“Miniatür sənəti”nin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi ölkəmiz üçün əhəmiyyət kəsb edir
Bu gün Azərbaycanla YUNESKO arasında əlaqələr davamlı şəkildə həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun apardığı məqsədyönlü fəaliyyəti xüsusi qeyd etməliyik. Azərbaycan maddi və mənəvi irsinin YUNESKO-nun nadir əsərləri sırasına daxil edilməsi beynəlxalq əməkdaşlığın əsas göstəriciləridir. Belə ki, Muğam sənətinin, Aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, Tar ifaçılığı sənətinin, Azərbaycan kəlağayısının və s. YUNESKO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlığını diqqətə çatdırır. Sözsüz ki, sadaladığımız nadir irsin bu siyahıya daxil edilməsində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rolu xüsusidir. Belə bir layihələri həyata keçirən Mehriban xanım Əliyevanın humanizm ideyalarının beynəlxalq aləmdə əks-səda doğurmasının nəticəsidir ki, Ona bu təşkilatın Xoşməramlı səfiri adı verilmişdir. Mehriban xanım Əliyeva Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsində xidmətlərinə, həmçinin YUNESKO-nun ideyalarına sadiqliyinə görə bu təşkilatın Xoşməramlı səfiri adına layiq görülüb. Qurulan əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpü rolunu oynayıb. 2013-cü ildə YUNESKO-nun qeyri-maddi Mədəni İrsin Mühafizəsi üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycan eyni müvəffəqiyyətlə hər iki ildən bir YUNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirib. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan 2019-cu ildə bu mötəbər qurumun növbəti 43-cü sessiyasına ev sahibliyi etdi. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin YUNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Belə möhtəşəm əlaqələr YUNESKO ilə Azərbaycan arasında olan dostluq körpüsünün məntiqi nəticəsidir. Bu körpünü möhkəmləndirən Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində Azərbaycanla YUNESKO arasında əməkdaşlıq genişlənmişdir. Əbəs deyil ki, bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşmasındakı işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilmnəsinə sanballı töhfələrinə görə YUNESKO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevaya YUNESKO-nun baş direktoru tərəfindən "Qızıl Motsart" medalı təqdim olunub. İrina Bokovanın Onun ünvanına söylədiyi "Siz YUNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" ifadəsi Mehriban Əliyevanın bu təşkilatla olan əməkdaşlığının bariz göstəricisidir.
Mehriban Əliyevanın əməli fəaliyyətinin nəticəsi olaraq, Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileylərinin YUNESKO çərçivəsində qeyd edilir. Mehriban xanım Əliyevanın YUNESKO-nun mənzil qərargahında Xoşməramlı səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanıb.
Həyata kecirilən tədbirləin davami olaraq UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclasında Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunmuş və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunmuşdur. Ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması təqdirəlayiqdir. Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən dövlətlərin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir. Hər zaman olduğu kimi, bu dəfə də Ermənistan Respublikası iclasdan bir neçə həftə öncə təxribat törətməyə cəhd etmiş, UNESCO-ya göndərdikləri müvafiq etiraz müraciətlərində nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya ki yol verilməz olduğunu ifadə etmişlər. Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğunu iddia etmişlər. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyanın ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq olaraq layiqli cavab verilmişdir .
Qeyd edək ki, Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Kitab illüstrasiyası kimi yaranıb formalaşan Azərbaycan miniatür sənətinin təşəkkül tarixi qədimdir. Azərbaycan kitab miniatürlərinin qorunub-saxlanmış ilk nümunələri XII-XIII əsrlərə aid edilir. Ümumiyyətlə, miniatür məktəbləri arasında Marağa, Təbriz, Şirvan (Şamaxı və Bakı) miniatür məktəblərinin adını çəkə bilərik. Hazırda dünyanın ən böyük muzey və kitabxanalarında ən dəyərli sənət inciləri kimi saxlanan Firdovsinin "Şahnamə"si və Nizaminin "Xəmsə"si, Sədi və Hafizin, Cami və Nəvainin, Xosrov Dəhləvi və Şərq poeziyasının başqa klassiklərinin Azərbaycan rəssamları tərəfindən zəngin illüstrasiyalarla bəzədilmiş təmtəraqlı əlyazmaları həmçinin xüsusi albomlarda-"Mürəkkə"lərdə toplanmış müstəqil miniatürlər sübut edir ki, Azərbaycan miniatur sənəti XVI əsrin 30-40-cı illərində özünün yüksəliş zirvəsinə çatana qədər uzun və mürəkkəb inkişaf yolu keçmişdir. Əsrləri əhatə edən bu sənət bu gün də yaşayir və inkişaf yolu kecib.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB