Son aylarda bəşəriyyət misli görünməmiş bir bəla ilə üz-üzə qalıb. Ümumbəşəri bəlaya çevrilmiş qorxulu koronavirus pandemiyası səbəbindən dünya durğunluq və tənəzzül dövrünü yaşayır. Yer kürəsinin başı üzərini bürüyən qorxunc COVID-19 bəlası hələ uzun illər unudulmayacaq. Sürətlə yayılan xəstəlik qarşısında elm, müasir texnologiya da aciz qalıb. Son günlər bir qədər sevindirici xəbərlər alsaq da, bu müəmmalı durumun nə qədər çəkəcəyi, nə vaxt tam bitəcəyi hələlik sual olaraq qalır. Dünya səhiyyəsi həndəsi silsilə ilə artan koronavirus xəstəliyinin qarşısında aciz qaldığından insan ölümlərinin sayı da minlərlədir.
Qeyd edək ki, məhz COVID-19 virusuna yüksək yoluxma dinamikası qeydə alındığından Azərbaycanda virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun noyabrın 21-dən etibarən ölkə ərazisində xüsusi karantin rejiminin müddəti uzadılaraq epidemiya ilə mübarizə tədbirləri daha da gücləndirilib.
Təyyar Eyvazov: "Epidemioloji vəziyyət pisləşməkdə davam edir"
Sözügedən məsələ ilə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkəmizin baş infeksionisti Təyyar Eyvazov bildirib ki, aparılan karantin tədbirlərinə baxmayaraq, təəssüflə qeyd olunmalıdır ki, epidemioloji vəziyyət son həftələr pisləşməkdə davam edir. Vəziyyəti pisləşdirən hallar ondan ibarətdir ki, özündə xəstəliyin olduğunu bilən və ya ən azı güman edən, xəstələrlə təmasda olan şəxslər də özlərini təcrid qaydalarına etinasız yanaşaraq həm yaxınlarını, həm də evdən bayıra çıxmaqla digərlərinin həyatını təhlükəyə atırlar.
T.Eyvazov bildirib ki, virusa yoluxmuş və xəstələnmiş insanların böyük əksəriyyəti xəstəliyi yüngül keçirir və bu da xəstəliklə bağlı məsuliyyətsiz yanaşmalara yol açır: "Koronavirusa yoluxan insanlar mütləq həkim məsləhətinə əməl etməli və qeyri-peşəkar məsləhətlərdən yayınmalıdırlar. Evdə müalicə alan xəstələr qoruyucu tədbirlər barədə poliklinik həkim və tibb işçiləri ilə danışa bilərlər".
Onun sözlərinə görə, qoruyucu tədbirlər barədə təcili tibbi yardıma müraciət etmək xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur: "Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir".
"Koronavirusla yoluxma hallarının artımı gözlənilən idi. Əslində artımın özü yox, onun səviyyəsi bizi daha çox narahat etməlidir",- deyən T.Eyvazov bildirib ki, əhatə olunduğumuz ölkələrdə də bu, bir qədər əvvəl baş verib: "Bu səbəbləri şərti olaraq iki qrupa ayırmaq olar. Birinci qrup səbəblər təbiidir, yəni günəş şüalarının ekspozisiyasının azalması, havanın temperaturunun aşağı düşməsi və dəyişkən olması nəticəsində insanlar daha az hallarda açıq məkanlarda olurlar, toplaşdığı bağlı yerlərdə təmaslar artır, otaqlarda soyuq olduğu üçün havalandırmaya riayət olunmur. İnsanlar havaya uyğun düzgün geyim seçməkdə çətinlik çəkirlər, nəticədə tərləyir və ya soyuqlayırlar. Həmçinin soyuq havada yuxarı tənəffüs yollarının infeksiyalara qarşı müqavimət bir qədər zəifləyir və s. İkinci qrup səbəblər isə bizim üçün daha əhəmiyyətlidir. Çünki bunlar korrektə oluna bilər və əhalinin davranışı ilə sıx bağlıdır. Yəni, burada qeyd olunan maskanın taxılması, sosial məsafənin gözlənilməsi, təmasların azaldılması, respirator gigiyena qaydalarına əməl olunmasıdır".
Həkim qeyd edib ki, son zamanlar qaydalara o qədər də ciddi riayət olunmur: "Qeyd olunduğu kimi neqativ dinamika izlənməkdədir. Hesab edirəm ki, proses nəzarət olunandır və istənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər. Bu qərarlar Operativ Qərərgah tərəfindən qəbul olunaraq tətbiq edilir. Mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. Son vaxtlarda yoluxanların sayının bir müddət az olması əhalidə arxayınlıq yaradıb. Maska taxanların sayı azalıb, əhalinin daha çox toplaşdığı yerlərdə sosial məsafə gözlənilmir. İctimai nəqliyyatda eyni hallar müşahidə olunur . Buna görə də əhali ilə maarfifləndirmə işləri aparılmalı, bu qaydalara əməl olunmasına nəzarət ciddiləşdirilməlidir. İnsanlarımıza müraciət edərək demək istərdim ki, bu qaydalara birgə əməl etməklə biz yoluxmaların sayını azalda bilərik və bu da bizim dövlətimizə bütün səyləri Qarabağ istiqamətində cəmləşdirməyə imkan verər. Vətəndaşlar qeyd olunan qaydalara ciddi əməl etməli, təmasları, xüsusilə hərbçilərlə sıx təmasları minimuma endirməlidir. Özünü narahat edən insan müvafiq şikayətlər olarsa, tibbi yardım üçün vaxtında müraciət etməlidir. Başa düşmək lazımdır ki, Ordumuzun döyüş qabiliyyəti əsgər və zabitlərimizin sağlamlığından asılıdır. Bu baxımdan onlara maddi və mənəvi dəstək olaq, lakin koronavirusu unutmayaq".
Kimlər yüngül koronavirus xəstələri hesab olunur?
Baş infeksionist Təyyar Eyvazov bu sualı açıqlayaraq bildirib ki, hazırda hər beş adamdan yalnız birində virusun ağır və çox ağır formaları inkişaf edir, qalanları xəstəliyi yüngül və orta yüngül olaraq xəstəlik keçirirlər: "COVID-19 virusuna yoluxan yüngül xəstələr evdə müalicə oluna bilər. Yüngül xəstələr - boğazı ağrıyan, qızdırması, öskürəyi, respirator əlamətləri olan şəxslərdir. Lakin onlarda pnevmaniya inkişaf etməyib. Adətən, xəstəliyin birinci həftəsində bu simptomlar müşahidə olunur, şəxs virusa yoluxubsa, artıq ikinci həftədən etibarən virus aşağı tənəffüs yollarına keçir və ağciyəri zədələyir.
İlkin simptomlar olan, yaşı 65-dən aşağı, heç bir xroniki xəstəliyi olmayan şəxslər evdə müalicə ala bilərlər. Lakin bunu həkim təyin etməlidir".
Baş infeksionistin sözlərinə görə, COVID-19 və digər respirator virus infeksiyaları eyni simptomlarla başlayır: "Bu xəstəlikləri bir-birindən ayırmaq çox çətindir. Özündə simptomları müşahidə edən şəxs, evdə qalmalı, özünü təcrid etməli və yaşadığı ərazi üzrə həkimlə əlaqə saxlamalı, yalnız həkimin məsləhəti ilə evdə müalicəyə başlamalıdır. Ev şəraitində müalicə yalnız həkim tövsiyəsi ilə aparılmalıdır. Eyni müalicə üsulü hər kəsdə effektiv olmur. Xəstəliyin ağırlıq dərəcəsi, yoluxan şəxsin yan xəstəlikləri, simptomlar nəzərə alınaraq, həkimlər, demək olar, hər kəs üçün individual müalicə yolu seçirlər. COVID-19 çoxkomponentli xəstəlik olduğuna görə, yalnız həkim təyinatı ilə müalicə aparmaq lazımdır, əks halda apardığınız müalicə fəsadlara səbəb ola bilər".
Baş infeksionist onu da bildirib ki, bəzi şəxslər COVID-19 virusuna yoluxsa da, onlarda simptomlar müşahidə olunmur və ya az müşahidə olunur, lakin bu şəxslər yenə də virus daşıyıcısıdırlar və başqa insanları yoluxdura bilərlər: "Nəzərə almaq lazımdır ki, virusun göstəricisi kimi xəstələnmə bir variantdır və aysberqin görünən hissəsidir, adətən, insanlarda az simptomlar və ya simptomsuz hal müşahidə olunur. Buna görə də düzgün gigyenik qaydalara əməl etmək, az simptom hallarında belə özünü təcrid etmək lazımdır"
T.Eyvazov COVID- 19-a qarşı mübarizədə bəzi qaydalara əməl etməyin vacibliyini vurğulayıb: "Virusdan qorunmaq üçün olan qaydalara əhalinin əksəriyyəti əməl etsə də, cərimələr göstərir ki, hələ də buna laqeyd yanaşan insanlar var. Lakin, bir şeyi nəzərə almaq lazımdır ki, bir il əvvəl soyuqdəymə deyib, ev şəraitində müalicə olunurduq. Heç kəs soyuqladığına görə həkimə müraciət etmirdi, belə bir tələb də yox idi. Hətta xəstə halda, ictimai yerlərə, dərsə, işə gedirdik. Lakin indi çox diqqətli olmaq lazımdır, əvvəldə də qeyd etdiyim kimi, soyuqdəymə və COVID-19 simptomları bir-birinə çox bənzədiyinə görə, özündə narahatlıq hiss edən şəxs dərhal tədbirlər görməli, özünü təcrid etməli və həkimlə əlaqə saxlamalıdır. Hər şəxs özünü qorumalıdır. Təəssüf ki, virusdan qorunmaq üçün daha etibarlı, effektiv qaydalar icad olunmayıb, sadə gigiyenik qaydalara əməl etmək laızmdır. Fiziki məsafənin gözlənilməsi, maskadan düzgün istifadə, respirator gigiyena - asqırdıqda, öskürdükdə ağızın dəsmal və ya dirsək bükümü ilə örtülməsinə riayət etmək lazımdır"
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB