Prezident İlham Əliyev: "Minsk Qrupu münaqişənin həllində heç bir rol oynamayıb"
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 12-də Prezident İlham Əliyev ATƏT-in Minsk Qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbulu zamanı çıxışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun üzərinə düşən vəzifəni yerinə yetirə bilmədiyini, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə həll etdiyini bildirib. "Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan bu məsələni özü həll etmişdir: "Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik. Ermənistan iqtidarından başqa ölkənin bütün siyasi qüvvələri də bununla razıdır ki, bu, kapitulyasiyadır və onlar bunu alçaldıcı kapitulyasiya adlandırırlar. Bunun tam məsuliyyəti Paşinyanın diktatura rejiminin üzərinə düşür. Artıq qeyd etdiyim kimi, mən Prezident olaraq bu danışıqlarda 17 il ərzində iştirak etmişdim. Mənim Ermənistanın əvvəlki prezidentləri ilə də danışıqlar aparmaq təcrübəm olmuşdur. Burada hər hansı bir nəticə əldə olunmasa da, proses baş verirdi. Paşinyan prosesi məhv etmişdir. O, danışıqlar prosesinin formatını alt-üst etməyə cəhd etmişdir və onun təxribatçı hərəkətləri və bəyanatları danışıqları tamamilə mənasız etmişdir".
"Paşinyan öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu"
"Mən dəfələrlə onun hərəkətlərinə və söylədiklərinə istinad etmişəm. Bu, tamamilə qəbuledilməz idi. Onun Azərbaycan dövlətinə və xalqına qarşı təxribatçı və təhqiredici əməllərinə, bəyanatlarına cavab verilməli idi və biz onu ciddi şəkildə cəzalandırdıq",-deyən dövlət başçısı onu da deyib ki, Paşinyan öz məğlubiyyətini etiraf etməyə, atəşkəs üçün yalvarmağa məcbur oldu: "Əslində o, bunu 44 günlük müharibə əsnasında hər gün edirdi və gündə bir neçə dəfə dünya liderlərinə zəng edirdi. Onun zəng etmədiyi avropalı lider tapmaq çətin olar. O, atəşkəsin təmin edilməsini xahiş edirdi. Lakin o, mənim şərtlərimə əməl etmək istəmirdi".
"Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən"
Dövlət başçısı onu da deyib ki, Ermənistanın baş naziri Paşinyana dəfələrlə bildirərək demişdim ki, torpaqlarımızdan qeyri-şərtsçiz çıxmalıdır: "Halbuki mənim yeganə şərtim var idi. O, isə bir neçə ay öncə mənə 7 şərt irəli sürmüşdü. Mən onları rədd etdim və dedim ki, mənim yeganə şərtim var – torpaqlarımızdan çıx! Əks təqdirdə, Azərbaycanın dəmir yumruğunu görəcəksən. Müharibə zamanı mən bir neçə dəfə bunu bəyan etmişdim. Onun hansısa naziri deyil, şəxsən Paşinyan bizə torpaqlarımızdan çıxmaqla bağlı tarix verən kimi biz dayanacağıq. Nəticədə bu, baş verdi və mən hər zaman olduğu kimi, verdiyim sözə əməl etdim. Paşinyan isə nə mənim, nə də öz xalqının qarşısında heç vaxt vədlərinə sadiq olmadı. O, yalançıdır və hesab edirəm ki, erməni xalqı artıq bunu anlayıb. O, indi də yalan danışmağa davam edir".
"Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik"
"Noyabrın 9-dan 10-na keçən gecə o, Bəyanatı imzaladığı andan biz dərhal dayandıq. Növbəti saatda biz dayandıq. Biz, həmçinin qoşunların çıxarılmasına da vaxt verdik. Bundan əlavə, Rusiya Prezidentinin müraciəti əsasında biz onlara Kəlbəcərin boşaldılması üçün əlavə 10 gün vaxt verdik",-deyən dövlət başçısı onu da deyib ki, erməni quldurları və Ermənistan qoşunları Kəlbəcərdə etnik təmizləmə apararkən azərbaycanlılara heç bir gün də vaxt verməmiş və onları qətlə yetirmişdilər: "Azərbaycanlılar oradan qovulmuş, aprel ayının əvvəli, havanın çox soyuq olduğu vaxtda 3500 metr yüksəklikdə olan dağlardan keçməyə məcbur edilmişlər. Onların bir çoxu oradaca donmuşdu. Biz isə onlara əlavə vaxt verdikdə onlar nə etdilər? Onlar özlərinin tikmədiyi evləri yandırmağa başladılar. Onlar hər şeyi dağıtmağa başladılar. Mənə bir neçə gün öncə verilən məlumata görə, onlar orada bütün su elektrik stansiyalarını dağıtmışlar. Onlar bizim meşələri yandırmış və ağaclarımızı kəsmişlər".
"Özlərini vəhşi kimi aparmışlar – bu cür davrananlara başqa ad vermək olmaz"
Prezident İlham Əliyev ermənilarin hərəkətlərini ancaq vəhşilik adlandıraraq bildirib ki, ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik: "Özlərini vəhşi kimi aparmışlar – bu cür davrananlara başqa ad vermək olmaz. Ancaq biz sözümüzü tutduq. Biz müharibəni dayandırdıq. Hər kəsə bəllidir ki, bunu etməsəydik nə baş verəcəkdi. Ermənistan ordusu darmadağın edilmiş, ruhdan düşmüşdü və artıq nə isə etmək üçün heç bir imkana malik deyildi. Biz isə döyüş meydanında cəsarət, ruh yüksəkliyi və peşəkarlıq nümayiş etdirərək ermənilərin onilliklər ərzində ordularının məğlubedilməzliyi haqqında yaratdıqları mifi darmadağın etdik".
"Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik"
"Biz Azərbaycan Ordusunun məğlubedilməz olduğunu nümayiş etdirdik. Biz işğal edilmiş ərazilərin böyük hissəsini, 300-dən artıq şəhər, qəsəbə və kəndi, o cümlədən Azərbaycanın tarixi Şuşa şəhərini 44 gün ərzində işğaldan azad etdik»,-deyən Prezident İlham Əliyev görüşü zamanı bildirib ki, işğaldan azad olunan torpaqlara səfəri zamanı həmin torpaqların vəhşim kimi hansı hala salındığının şahidi olduğunun deyib: "Füzulidə bir dənə də olsun salamat bina yox idi, hər şey yerlə-yeksan edilmişdir. Bir dənə də bina tapılmadı ki, orada bayrağımızı qaldıraq. Ağdamda isə tamamilə dağıdılmamış yeganə tikili məscidin binasıdır. Araşdırdıqda məlum oldu ki, onlar Ağdamda məscid binasını məsafə ölçmək üçün saxlayıblarmış. Azərbaycan Ordusu hücuma keçdiyi təqdirdə onlar bu vasitə ilə məsafəni ölçməli idilər, yəni, məscid istinad nöqtəsi kimi istifadə edilirdi. Lakin biz Ağdamdan əks-hücuma keçmədik və onların gözləmədikləri istiqamətdən irəlilədik. Biz Ağdama bir güllə atmadan gəldik. Bunları danışmağıma səbəb bunun, ilk növbədə, həqiqət olmasıdır. Bundan əlavə, siz bir ildən artıq müddətdən sonra buraya səfərə gəlmisiniz. Mən Azərbaycan xalqı ilə açıq və səmimi olduğum kimi, sizinlə də eyni dərəcədə açıq və səmimi danışmaq istəyirəm".Dövlət başçısı, həmçinin onu da bildirib ki, bütün bu 44 gün ərzində mən xalqa yalnız həqiqəti söyləyib: "Paşinyan isə həm xalqına, həm də gündə bir neçə dəfə zəng etdiyi tərəfdaşlarına yalan danışırdı. O, bu gün də yalan danışmağa davam edir. Ancaq dediyim kimi, artıq bu məsələ narahatlıq doğurmur. Biz məsələni həll etdik. Biz ərazimizi işğaldan azad etdik. Müharibə zamanı mənə Azərbaycan Ordusunun itkiləri barədə çoxsaylı suallar verilirdi. Mən demişdim ki, biz bu məlumatı müharibə bitdikdə açıqlayacağıq. Belə də oldu, bizim qəhrəmanlarımızın – şəhidlərimizin fotoşəkilləri və onların adları televiziya vasitəsilə nümayiş etdirilir. Müharibə zamanı mən Ermənistan ərazisini işğal etmək niyyətində olmadığımızı bəyan etmişdim. Halbuki sizin də təsəvvür etdiyiniz kimi, bunun üçün bütün imkanlarımız var idi və həmin imkanlar bu gün də mövcuddur. Lakin bizim belə bir niyyətimiz yoxdur. Mənə bununla bağlı sual veriləndə dedim, xeyr, biz öz ərazimizi işğaldan azad etmək istəyirik və öz torpağımızda döyüşəcəyik. Biz sözümüzə sadiq olduq".
"Bizim üçün Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir"
"Eyni zamanda, bildirmişdim ki, bizim üçün Naxçıvanla quru əlaqəsinin yaradılması həyati əhəmiyyət kəsb edir. Biz buna siyasi yollarla nail olduq və Paşinyan bunu Bəyanat vasitəsilə imzaladı. Bununla da Naxçıvanın Azərbaycanın digər hissəsi ilə əlaqəsi təmin ediləcək. Bunun özü də Azərbaycan üçün vacib tarixi nailiyyətdir. Eyni zamanda, bu, regionun gələcəkdəki fəaliyyəti ilə bağlı müzakirələr üçün yeni imkanlar yaradır»,-deyən dövlət başçısı onu da Gəncəni ballistik raketlə atəşə tutmaları, Bərdə və Tərtər şəhərlərinin kasetli və fosforlu sursatla atəşə məruz qalması, işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma – bunların hamısı hərbi cinayətlərdir və onlar bununla fəxr edirdilər: "Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidi qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir".
"Münaqişə həll olunub. Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi"
Dövlət başçısı ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbulu zamanı çıxışında deyib ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə həll olunmadı. Ancaq bu gün münaqişə həll olunub: "Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Tez-tez sizdən və rəhbərlərinizdən, eləcə də yüksək rütbəli rəsmilərinizdən eşidirdim ki, münaqişənin hərbi həlli yoxdur. Mən isə deyirdim: Var! Tarix göstərdi ki, mən haqlı idim. Var idi! Fikrimcə, "hərbi variant yoxdur" deyənlərin indi özləri anlayır ki, var idi, çünki onlar, sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər».
"Mən ölkələrinizin yüksək rütbəli rəsmilərinə bunu dəfələrlə deyirdim ki, gedin, deyin onlara, təzyiq göstərin, hələ ki, gec deyil!. Lakin nə baş verdi? Müəyyən vaxt keçdi, ölkələrinizin liderləri bu sözləri dəyişməyə başladılar…Bir çox siyasətçilər hesab edirdilər ki, sülhün qorunması üçün yeganə yol status-kvonun qalmasından keçir",-deyən dövlət başçısı bildirib ki, biz bunu dəyişdik: "Biz göstərdik ki, status-kvo güc yolu ilə, şücaət, müdriklik, siyasət, səylərin səfərbər olunması, Azərbaycan xalqının həmrəyliyi, Azərbaycan hökumətinin iradəsi, Azərbaycan xalqının əzmkarlığı, Azərbaycan əsgərinin müzəffərliyi sayəsində dəyişdirilə bilər. Haqlı olduğumuzu göstərdik".
"Biz onları məcbur etdik, Minsk qrupu yox!"
Dövlət başçısı çıxışı zamanı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildiyini deyərək bildirib ki, ATƏT-in Minsk qrupu yox: "Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk "rupu yox! Biz və Prezident Putin. Bu, reallıqdır. Prezident Putinin müdaxiləsi və səyləri olmasaydı, bu gün, ehtimal ki, vəziyyət başqa cür olardı. Lakin biz planlaşdırdığımıza nail olduq. Biz işğal olunmuş bütün yeddi rayonumuzu qaytardıq. Biz qədim Azərbaycan şəhəri Şuşanı qaytardıq. Biz Hadrut qəsəbəsini qaytardıq. Xocavəndin bir hissəsini qaytardıq. Suqovuşanı və digərlərini qaytardıq. Əslində, planlaşdırdığımıza nail olduq"."İki gün öncə şanlı Qələbəmizə həsr olunmuş hərbi paradda mən söylədim ki, əgər Ermənistan faşizmi yenidən baş qaldırarsa, biz onun başını dəmir yumruqla əzəcəyik. Buna görə onlar çox diqqətli olmalıdır ki, hər hansı hərbi əməlləri planlaşdırmasınlar",- deyən Prezident İlham Əliyev bildirib ki, bu dəfə biz onları tamamilə darmadağın edəcəyik: "Bu, heç kəs üçün sirr qalmalı deyil. Lakin ümid edirəm ki, bu, baş verməyəcək. Bir sözlə, sülhməramlıların missiyası qüvvədədir. Bilirsiniz ki, sülhyaratma əməliyyatları müzakirə olunmuş razılaşmanın, Madrid prinsiplərinin bir hissəsidir. Lakin biz bunu heç zaman ciddi müzakirə etməmişik... Biz, sadəcə, ümumi şəkildə fikir mübadiləsi etmişik. Sülhməramlıların tərkibi necə olar bilər? Onlar hansı ölkələri təmsil edə bilər? Onlar qonşu, yaxud həmsədr ölkələr olmalıdır? Fikirlər müxtəlif idi. Şəxsən mən bu haqda heç zaman fikir söyləməmişəm, çünki deyirdim, bu, hələ tezdir. Biz əvvəlcə münaqişəni həll etməliyik. Biz heç zaman sülhməramlılara etiraz da etməmişik. Biz dedik, bəli, sülhməramlılar gəlsinlər və müəyyən vaxtda mülki şəxsləri, erməniləri və azərbaycanlıları qorusunlar. Bu, elə baş verir. Hazırda sülhməramlı əməliyyatlar Rusiya tərəfindən aparılır. Ermənistan və Azərbaycan da bunu dəstəkləyib".
"Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək. Fikrimcə, bu, regional əməkdaşlığın çox yaxşı təzahürüdür"
"Eyni zamanda, bildiyiniz kimi, biz artıq Azərbaycanın Ağdam rayonunda Monitorinq Mərkəzinin yaradılması mərhələsindəyik. Bu məsələ noyabrın 10-da imzaladığımız Bəyanatda əks olunub. Türkiyə-Rusiya Monitorinq Mərkəzi atəşkəs rejiminə nəzarət edəcək",-deyən dövlət başçısı bildirib ki, Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzidir. Bu, artıq reallıqdır: "Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm".
Göründüyü kimi, artıq Minsk qrupu və onun həmsədrlərinin addımları məşhur el məsəlimizdə deyildiyi kimi, "öz cəzandır, çək!". Bizim artıq nə danışıqlara, nə Minsk qrupuna, nə də həmsədrlərə ehtiyacımız var. Bizim öz tənzimləyicimiz – "dəmir yumruğumuz" var. Necə ki, 44 gündə də bu yumruq öz tarixi missiyasını layiqincə yerinə yetirdi… Ədalət Zəfər çaldı. Ermənistan da, onun yanında duranlar da layiqli cavablarını aldılar. Prezident İlham Əliyevin sözləri ilə desək: "Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi. Onlar bunu heç vaxt könüllü imzalamazdılar. Biz onları məcbur etdik, Minsk qrupu yox!...Bu, reallıqdır…".
Bir sözlə, biz Qələbə qazandıq. Haqq, ədalət, Azərbaycanımızın bütövlüyü bərp olundu. Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB