Kosovanın müstəqil dövlət kimi tanınmasına biz də sevinəkmi, Gültəkin xanım? - MƏQALƏ

“Bu gün beynəlxalq xəritələri çəkən, dünya dövlətlərinin sərhədlərini çizən qüvvə qərbdir, Rusiya deyil. Rusiyanın tanıdığı heç bir ölkəni dünya tanımayıb”. Bu iddia Gültəkin Hacıbəyliyə məxsusdur. O, müxalifətin ən parlaq liderlərindən biri deyil, bütün göstəricilərə görə ən parlağı, ən savadlısı, ən istedadlısıdır.

“Rusiyanın bütün müqavimətinə baxmayaraq qısa müddət ərzində Kosovanı dünya birliyinin bərabər hüquqlu üzvünə çevirdilər. Kosovanın müstəqil dövlətə çevrilməsinin arxasındakı siyasi iradə ABŞ-ın, Avropanın iradəsi idi”.

Təəssüf ki, bu dəhşətli fikirlərin də müəllifi Gültəkin xanımdır. Ən parlaq, ən istedadlı, ən savadlı müxalifət lideri, bir vaxtlar eyni cəbhədə yer aldığım keçmiş hörmətli həmkarım.

Son illərin ən böyük faciələrinin yaşandığı bir dövləti-Yuqoslaviyanı və Serbiyanın tərkibində muxtar separatçı qurum olan Kosovanı xatırladır və məmnunluqla deyir ki, ABŞ-ın, Avropanın dəstəkləməsi nəticəsində Kosova qısa müddət ərzində dünya birliyinin bərabər hüquqlu üzvünə çevrildi.

Müxalifət liderinin məhz bu günlərdə həmin hadisələri xatırlaması məncə yerinə düşdü. Çünki, aramızda oxşarlıqlar həddindən artıq çoxdur. Serbiya ilə Azərbaycanın ərazisi və əhalisi eynidir. Hər ikisinin tərkibində muxtar qurum olub. Hər iki muxtar qurum- həm Dağlıq Qarabağ, həm Kosova öz müstəqilliyini elan edərək, tərkibində olduqları dövlətdən ayrıldıqlarını bəyan ediblər. Hər iki separatçı qurumu ABŞ və Avropa dəstəkləyib.

Ancaq Serbiyadan fərqli olaraq Rusiya Azərbaycanı nəinki dəstəkləməyib, əksinə, Dağlıq Qarabağı müstəqil etmək üçün əlindən gələni əsirgəməyib. Həm Gültəkin xanımın dediyi “beynəlxalq xəritələri çəkən, dünya dövlətlərinin sərhədlərini çizən qüvvə”olan qərb, həm də Rusiya son 15 ildə Dağlıq Qarabağın müstəqilliyini təmin etmək üçün dəridən-qabıqdan çıxıblar. Buna əmin olmaq üçün 2006-cı ildən başlayaraq Minsk qrupu həmsədrlərinin israrla təklif etdikləri Madrid prinsiplərinə baxmaq kifayətdir.

Azərbaycanla Serbiya arasında olan fərqin birini dedim. Ancaq ən mühüm fərq bilirsinizmi hansıdır? Son hərbi əməliyyatlar zamanı Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu Xankəndinə girmədi və Dağlıq Qarabağı bütünlüklə nəzarətə götürmədi. Götürsə nə olardı?

Bu sualın cavabını vermək üçün “gözü çıxan qardaşımızın” başına gələnləri xatırlayaq.

1998-ci ildə S.Miloşeviçin rəhbərliyi ilə yuqoslav ordusu antiterror əməliyyatına başladı və Kosovanı bütünlüklə nəzarətə götürdü. Yüzminlərlə alban öz evlərini tərk edərək Albaniyaya qaçdı.

Həmin ilin oktyabrında NATO ultimatum verərək yuqoslav ordusunu Kosovadan çıxarmağı tələb etdi. On gün sonra BMT TŞ ultimatumu dəstəkləyən qətnamə qəbul etdi.

1999-cu ilin yanvarında Kosova ərazisində 45 alban cəsədi aşkarlandı və elan olundu ki, bu adamlar etnik təmizləmə nəticəsində qətlə yetiriliblər. Rəy vermək üçün fin mütəxəssisləri dəvət olundu və onlar tələb olunan “mötəbər” sənədi hazırladılar. Bəyan etdilər ki, yuqoslav ordusu dinc insanları öldürməklə “bəşəriyyət əleyhinə” cinayət törədib(bir il sonra eyni mütəxəssislər öldürülənlərin döyüş zamanı həlak olan alban döyüşçüləri olduqlarını bəyan edəcəklər).

Rəy verildikdən sonra martın 24-də NATO qüvvələri BMT-nin qərarı olmadan Yuqoslaviya şəhərlərini bombalamağa başladı və hərbi əməliyyatlar 78 gün davam etdi. Bombardımanlar nəticəsində şəhərlər darmadağın edildi, 400 nəfəri uşaqlar olmaqla 2000-dən artıq insan öldürüldü, itkin düşdü, 10000-dən çox yaralandı.

Yuqoslav ordusu NATO rəhbərliyinin təqdim etdiyi “təslim aktını” imzaladıqdan və Kosovanı tərk etdikdən sonra hərbi əməliyyatlar dayandırıldı.

Kosova NATO-nun nəzarətinə keçdi, bölgəyə 30000 nəfərlik sülhməraılı qüvvə yeridildi.

2008-ci ildə Kosova müstəqilliyini rəsmən elan etdi və Gültəkin xanımın dediyi kimi, arxasındakı siyasi iradənin- ABŞ-ın, Avropanın yardımı ilə dünya birliyinin bərabər hüquqlu üzvünə çevrildi.

Yalnız hakimiyyət maraqlarını düşünən müxalifətçilərdən fərqli olaraq prezident İlham Əliyev dünyadakı qüvvələr nisbətini və “beynəlxalq xəritələri çəkən, dünya dövlətlərinin sərhədlərini çizən qüvvə”lərin bu və ya digər hallarda necə davrana biləcəyini çox yaxşı bilir. Onun müəyyən “siyasətçilərin” anlamaqda çətinlik çəkdiyi addımı atmasının, Xankəndini və digər məntəqələri nəzarətə götürməməsinin əsas səbəbi(böyük ehtimalla “Kosova senarisi”təkrar olunacaqdı) budur. Rusiya sülhməramlılarının münaqişə zonasına buraxılmasının səbəbini də burda axtarmaq lazımdır. Dağlıq Qarabağ probleminin həllində separatçı Kosovanın müstəqil dövlət kimi tanınmasına nail olan ermənipərəst qərbdən fərqli olaraq Rusiyanın son hərbi əməliyyatlar zamanı daha ədalətli mövqe tutduğunu və müəyyən qədər “anlaqlı” davrandığını nəzərə alaraq bu məcburi addım atıldı. Biz regiondakı reallıqları nəzərə almaq, pis variantların içərisindən nisbətən məqbul olanını seçmək məcburiyyətində idik və bu seçim Rusiya oldu.

Artıq dünyanın 100-dən artıq dövlətinin tanıdığı separatçı Kosovanı bizə nümunə göstərərək qərbə-ABŞ və avropa ölkələrinə yaxınlaşmağı və onları Qarabağa yaxınlaşdırmağı təklif edən keçmiş hörmətli həmkarımın söylədikləri bizi ümidləndirməlidirmi?

Separatçı Kosovanın müstəqilliyini elan etməsinə və “dünya birliyinin bərabər hüquqlu üzvünə çevrilməsinə” biz də sevinməliyikmi, Gültəkin xanım?

Nəhayət, bizim müxalifətin istədiyi kimi davranaraq Kosovanı bütünlüklə ələ keçirən və 300 minə yaxın albanın qonşu dövlətə- Albaniyaya qaçmasına səbəb olan, NATO bombardımanından sonra qoşunlarını çıxarmaq məcburiyyətində qalan S.Miloşeviçin sonrakı taleyi barədə. O, 2001-ci ilin iyununda beynəlxalq Haaqa məhkəməsinə təhvil verildi və məhkəmənin sonunu görmədən 2006-cı ilin martında ürək tutmasından həbsxanada öldü.

Dünya düzənindəki reallıqları nəzərə almayan bir dövlət başçısının və onun rəhbərlik etdiyi dövlətin sonu bu cür faciəli oldu.

Bizə isə baş verənləri təhlil etmək və böyük Qarabağlı Molla Pənah Vaqifin məşhur xəbərdarlığını unutmamaq qalır:

İbrət et Ağa Məhəmməd xandan,ey kəmtər gəda,

Ta həyatın var ikən nə şahə, nə xunxarə bax!

Abutalıb Səmədov

Azərbaycan Naminə Alyans partiyasının sədri.

Bütün xəbərlər Facebook səhifəmizdə