İnsanların fərdi daxili emosiyaları sosial-psixoloji mühiti formalaşdırır -

İnsanların fərdi daxili emosiyaları sosial-psixoloji mühiti formalaşdırır -

Mövzuya başlamamışdan əvvəl fəlsəfə haqda qeyd etmək istərdim. Mövzular sorğulama və həllinə verdiyim şərhlər fəlsəfi olduğu üçün buna məcburam . Fəlsəfənin insan tərəfindən qavranılmasını təmin edən əsas amil şüur və təffəkürdür.Təfəkkür də öz növbəsində, məfhum , hökm və əqli nəticələrə bölünür. Məhfum isə hansısa mücərrəd, konkret, ümumi və ya xüsusi varlıqdır. Məsələn, Nyuton əzmi mücərrəd, başına düşən alma isə konkret, onun peşəsi ümumi, yaşadığı yer isə xüsusi məfhumdur. Beləliklə, məfhum toxuna biləcəyimiz, hiss edə biləcəyimiz və öz duyğularımız, yaşadıqlarımızdır. Məfhuma məna qatan isə ona yüklədiyimiz diqqətdir.

Gödüyümüz hər şeyi sorğulamaq, “bu niyə belədir?” sualını vermək bizi hər dəfə dərinlərə apara bilər. Bu yazıda isə daha səthi sorğulamağa çalışacağam. ”Niyə?“ sualı bizə adi gələbilər. Amma fizikadan tutmuş fəlsəfəyə kimi bir çox elmlər bu sualdan yaranıb. Əqli nəticələr təfəkkürün sayəsində olur və praktika ilə birlikdə ondan doğan nəzəriyyə ilə özəksini tapır. Elm sahələri, xüsusilə, təbiət elmləri nəzəriyyələrlə doludur və onların hamısı hansısa fərdin və ya fərdlərin mücərrəd təfəkkürü sayəsində yaranır. Yəni bütün düsturları, riyazi əməlləri, fəlsəfənin özünü əqli nəticə adlandırmaq olar.

Mücərrəd təfəkkür insanlar hələ azyaşlı ikənyaranır. Uşaqların tez-tez “niyə” sualını verdiyini görürük. Hər şeyin bir səbəbi olduğu kimi, bunun da əsaslı izahı var. Belə ki, onların beyni həmin vaxt bu yöndə inkişaf edir və nəticədə ən ağıllı hesab etdikləri adamları sual atəşinə tutur.

İndi isə mövzuya ən sevdiyim sualla başlayacağam. Niyə yuxarıdakı aftomobil niyə məhz bu cür dizayn edilib? Niyə məşhur İtalya brendinin faraları bu qədər aqressiv və sərtdir? Axı bunun bir səbəbi olmalıdır.

Bir çox yerdə olduğu kimi sosial-psixoloji mühitdə də insan fərdinin təsirləri görünür. Geyim tərzlərinə baxsaq, üzünü gizlətməyə çalışan cinayətkarı xatırladan başlıq (kapuşon), qətldən sonra barmaq izlərini gizlətmək istəyirmişcəsinə geyinilmiş qara dəri əlcəklər, gizli xəfiyyələri xatırladan qara uzun plaşlar, kobud görünümlü, yöndəmsiz qadın çəkmələri, maskülen dəbi adı altında kişilərə xas qalstuklar, kostyumlar geyinən xanımlar və ən əsası da dəb adıyla "qaralara" bürünən gənclik.

Niyə cinayətkar ruhuna tapınma var? Niyə insanlar kobud, qaba, xoflu geyimlərdən həzz alır, hətta qadınlar da kişi kimi geyinir? Bu geyimləri biz tələb edirik deyə mövcuddurmu? Yoxsa, var deyə biz geyinirik? Bu geyimlərin istehsalı kimlərinsə məqsədidirmi, yoxsa sadəcə bizim tələbatımızdır? Bu geyimlər insanlarda hansı auranı yaradır? Bəlkə də elə bütün bu geyimlər bizə faydalıdır. Həm də bəzən insanlar, hətta zərif ruhlu insanlar da bu geyimləri seçir. Yeri gəlmişkən, mövzudan azca uzaqlaşsam da xaraktercə incə olan xanımlar da bəzən sərt xarakterli (İspancadan-Macho) bəyləri bəyənirlər.

Ağlımıza gələ biləcək hər şeyin bir səbəbi olmalıdır. Bu suallara və maraqlı məqamlara da yazının sonunda cavab tapmağa çalışacağıq.

Bəs niyə bu heç də sevimli görünməyən köpəklərə xüsusi maraq var? Niyə onların sahibləri öz ev heyvanlarının vəhşiliyi ilə fəxr edir? Niyə onlara vəhşiləşəcəyi şəkildə davranılır? İnsanlar aqressiyadan niyə həzz alır?

Mənə qalsa bütün bunlar planlı dəyişim yox, tədricən yaranmış cərəyandır. İctimai sferada cərəyana, dəbə, həyat tərzinə çevrilməsi isə 1950-1960–cı illərdən rok musiqi növünün yaranması ilə öz əksini tapır, yayılır. ”Rock, Rock and roll” tarixinə baxsaq, roku XVIII əsrin əvvəllərində xristian zəncilər öz qəbilə rəqsləri ilə dini ayinlərini birləşdirərək yaradırlar. Məncə, bu musiqidəki aqressivliyin kökü də həmin zəncilərə olunan zülmlərdən gəlir. Zaman keçdikcə isə günümüzə qədər gələn bu musiqi və onun pərəstişkarları daha da püxtələşir və özünü dəbə çevirir.

Beləliklə, əminliklə demək olar ki, bu insanların bir hissəsi aqressiv tərzi sırf dəb üçün seçir. Digərləri isə həqiqətən aqressivdir. Belə ki, ya bunu insanlara yansıtmaq, diqqət mərkəzinə çevrilərək daha da aqressiv görünmək üçün bu tərzi seçir, ya da içindəki aqressiv zəhəri sadəcə geyiminə, tərzinə hopduraraq sakitləşdirmək istəyir.

İşin ən yaxşı tərəfi də elə budur. Aqressiv davranıb zəhəri yaymaqdansa, elə bu gün çox qaba və zəncirli bir dəri gödəkcə alıb içimizdəki bu hissi bir növ zərərsizləşdirmək olar. Hər bir insanın içində sərtlik var. Kimisi bunu hansısa idman növü ilə çıxarır, kimisi də çox sərt görünümü və tükürpədici səsli mühərriki olan avtomobili idarə etməklə rahatlaya bilir.

Digər tərəfdən isə qeyd etməliyəm ki, aqressivliyin tərzlərə çevrilməsinin yan təsirləri də mövcuddur. Belə ki, bu tərzdən lazımi şəkildə istifadə edə bilməyənlər, soyuq xarakterli qaba fərdlərə çevrilə bilərlər. Amma mən insanlara mükəmməl fərd kimi yanaşıram. Onlarda bu yolla kamilliyə pərəstiş yaradıb və nəhayət onların mükəmməl fərdə çevrilməsində faydalı olmaq istərdim.

Yazıda qeyd etdiyim bəzi nümunələr isə bir qədər fərqli səciyyə daşıya bilər. Məsələn, vəhşi itləri saxlayıb onları döyüşdürmək artıq aqressivlikdən çıxıb vəhşiliyə keçir. Qadınların maskülen geyim tərzi, maço xarakli kişilərə olan xüsusi maraq - bütün bunlar sadəcə bir pərəstiş, fetişizmdir. Eyni ilə itlərlə olan məsələ kimi bu fetişizm də nəzarətdən çıxdıqda ortaya mazoxist bir fərd çıxara bilər. Gördüyünüz kimi, xırda bir aqressiyanın nəzarətdən çıxdıqda vəhşilikdən tutmuş, mazoxistliyə kimi yolu var. Mən “belədir” demirəm, “ola bilər” deyirəm.

Buna görə də insan öz hisslərini daima cilovlamaqla bərabər, həm də onları öz içində həbs etməməlidir. Buna görə də xarakteri tərzə yansıtmaq xarakteri yumşaltdığı üçün bunu təkidlə tövsiyə edərdim.

Hər bir insan özünün həkimi və psixoloqudur. Bu yazıda olanların çoxunu siz bilirdiniz. Mən sadəcə xatırlatmaq istədim.

Zərdüşt Quluzadə

"RESURS" Analitik İnformasiya Mərkəzinin əməkdaşı

Bütün xəbərlər Facebook səhifəmizdə